Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib ki, rəsmi Ankara Ermənistanla parlamentlərarası əlaqələri inkişaf etdirmək, əlaqələrin normallaşmasının inkişafı, dostluq qruplarının yaradılması və qarşılıqlı səfərlər üzərində çalışır.
Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi başlandı. Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.
Ötən il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub. Bu ilin yanvar ayında Türkiyə ilə Ermənistan arasında hava yolu ilə birbaşa daşımalar başlayıb
N. Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində iştirak etməsini dövlətlər arasında əlaqənin yeni mərhələsi kimi qiymətləndirə bilərik.
Türkiyə rəsmiləri zaman-zaman Ermənistanla münasibətlərin normallaşmasına dair müsbət bəyanatlar veriblər.


Ankara İrəvanla münasibətləri normallaşdırmaqda maraqlıdır. İndiyədək diplomatik əlaqələrin bərpasına mane olan yeganə məsələ Ermənistanın Azərbaycan torpaqlarını qanunsuz şəkildə işğal altında saxlamasa idi. Amma daha belə bir problem yoxdur. Odur ki, Ermənistanla münasibətlərin bərpası Türkiyənin həm strateji, həm də geosiyasi maraqlarına uyğundur.
Ermənistan rəsmiləri də Türkiyə ilə münasibətlərin inkişafında maraqlı olduğunu bildirirlər. Amma bu istiqamətdə real addımlar ləng atılır. Əslində isə diplomatik münasibətlərin bərpası Türkiyədən daha çox Ermənistana lazımdır. Çünki İrəvan faktiki olaraq Rusiya ilə Qərbi arasında qalıb. Bu, Ermənistan üçün yaxşı nəsə vəd etmir. Odur ki, Ermənistan Türkiyə ilə münasibətləri bərpa etməklə mövcud “məngənədən” çıxa bilər. Ermənistan hərbi-siyasi hakimiyyəti bu reallığı anlamalıdır.
Əlbəttə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün sadəcə Vətən müharibəsinin nəticələri kifayət etmir. Rəsmi İrəvan həm də təxribatlarını dayandırmalı, ərazi iddialarından əl çəkməli, regional xarici siyasət kursusuna redaktələr etməlidir. Əks halda münasibətlərin normallaşması mümkün olmayacaq və bundan itirən məhz Ermənistan olacaq.
Türkiyə rəsmilərinin səsləndirdikləri fikirlər Ermənistana çox ciddi mesajdır. Oxşar açıqlamalar İrəvana uzadılan dost əlidir. Ermənistan hərbi siyasi – hakimiyyəti bu şansı qiymətləndirməli, uzadılan əli tutmalıdır. Bunun üçün isə əvvəlcə öz əllərini çirkabdan təmizləməlidir.
Kənan Novruzov