Antiinhisar-ın dövlət operatorlarını cəzalandırması ədalətlidirmi?
Aztelekom istifadəçilərin seçim imkanını məhdudlaşdırırmı?
Dərhal qeyd edim ki, Antiinhisar Dövlət Xidmətinin belə bir qərarı gözlənilən idi.
Xatırlayıram ki, ötən il 8 provayder Aztelekom və Baktelekom-un dövlət resurslarından istidadə tariflərini qaldırması ilə bağlı Aniinhisara müraciət etmişdi.
Yəni, burada söhbət Aztelekom və Baktelekom-un istifadəçilər üçün internet tariflərini qaldırmasından deyil, təbii inhisar subyekti olaraq provayderlər üçün kabel-kanal infrastrukturundan istifadə tariflərinin qaldırılmadından gedir.
O zaman biz də bu təbii inhisarçıların dövlət resurslarından istifadə tariflərinin qaldırılmasına qarşı çıxmışdıq və bu haqda xeyli yazılmışdı.
6 ay olardı ki, Antiinhisar bu işi araşdırırdı.
Nəhayət , qurum açıqlayıb ki, Aztelekom və Baktelekom-un atdığı addımlar səlahiyyət həddini aşmaqdır.
Çünki bu qurumlar təbii inhisar subyektidir və antiinhisar qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
Antiinhisar təbii inhisarçılar üçün icrası məcburi olan qərar qəbul edib.
Düşünürəm ki, Antiinhisarın qərarı ədalətli və doğru yanaşmadır.
Xüsusilə də, RİNN-nin dövlət-özəl tərəfdaşlıq çərçivəsində apardıı nəhəng “Onlayn Azərbaycan” layihəsi də məhz özəl provayderlərin də bu dövlət əhəmiyyətlu layihədə aktiv iştirakını nəzətdə tutur.
Adı çəkilən dövlət operatorlarının addımları isə özəl provayderlərin start vəziyyətini məhdudlaşdırırdı, onlar bu operatorların idarə etdikləri dövlət resurslarından istifadə üçün daha çox ödəniş etməyə məcburuydular.
Düşünürəm ki, bundan sonra özəl provayderlər üçün daha da münbit şərait yaranacaq.
Yəni, anlaşıqlı desək, əvvəlkindən fərqli olaraq RİNN-nin yeni rəhbərliyi gələndən sonra özəllər üçün şərait xeyli yaxşılaşsa da, əvvəlki qadağalar olmasa da, operatorların tarifləri qaldırması bu münbit şəraitdən effektiv istifadəyə imkan vermirdi.
Yeri gəlmişkən, mən RİNN-i və Aztelekom və Baktelrkom-u da anlayıram .
Hökumət ölkə üzrə keyfiyyətli internet infarastruktur qurmaq üçün onlara vəsait ayırmayıb.
Hansı ki, zamanında hökumət bu işə 0.5 milyard büdcə vəsaiti nəzərdə tutmuşdu.
Odur ki, RİNN, Aztelekom ölkə üzrə internet problemini həll etmək üçün Avropa Bankından 85 milyon manat krediti aldılar, güman ki tarifləri qaldırmaqla da bu krediti tez qaytarmaq istəyirlər.
Antiinhisar isə yekunda bildirdi ki, istehlakçıların və biznesin də maraqlarını qorumaq lazımdır.
Aztelekom isə həqiqətən, görünür çox tələsir.
Baxıram ki, dövlət operatorlarının bu tip razılaşdırılmayan addımları davam edir.
Əldə etdiyim məlumatlara görə Aztelekom regionlarda əhaliyə təklif edtdiyi internet sürətinin seçim imkanlarını da məhdudlaşdırıb.
GPON layihəsi başlayanda elan ounmuşdu ki, istifadəçilərə 15 Mbit/s və 30 Mbit/s internet sürətlər təqdim ediləcək.
İndi isə məlum olur ki, ucdantutma hamıya, ehtiyaci olmayana, imkanı olmayana, heç bir onlayn xidmətə ehtiyacı olmayana, il ərzində cəmi 5-10 gün evdə olub internet istifadə edənə də MƏCBURƏN 30 Mbit/s üçün müqavilə bağlamaq təklif olunur.
Maraqlıdır ki, özəl provayderlər belə seçim imkanı yaradırlar.
Bəzi hallarda isə onların qiymətləri dövlət operatorlardan da ucuz olur.
Düşünürəm ki, dövlət operatorları üçün bu addımlar, seçim imkanının verilməməsi yolverilməzdir.
Həm də anlamıram ki, dövlət operatorları əvvəlki qərarları, tənzimləyici Agentliyə bildirmədən, RİNN-ə bildirmədən necə asanlıqla ləğv edə bilirlər.
Ümid edirəm Nazirlik, İKTA dövlət operatorlarının bu tip addımlarının qarşısını zamanında alacaq və yenidən Antiinhisara ehtiyac olmayacaq.
P.S. Antiinhisarın Aztelekom və Baktelekom-un birləşdirilməsi məsələsini ləngitməsi isə, düşünürəm ki, doğru yanaşma deyil.
Osman Gündüz, İKT mütəxəssisi