Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib ki, Rusiya cəbhəsi ay yarıma dağılacaq. Onun sözlərinə görə, artıq hərbi əməliyyatlar intensivləşib: “Cəbhə xətti boyunca bir kilometrdən çox əraziyə nüfuz etmişik”.
M.Podolyak bildirib ki, qarşı tərəfin hərbçilərinin ruhdan düşməsi, daxili münaqişə və “Vaqner” Xüsusi Hərbi Şirkətinin qiyamı əhəmiyyətli məsələlərdir.
Ukrayna ordusu təxminən iyunun birinci yarısında əks-hücum əməliyyatlarına başladı. Ukrayna və Qərb rəsmiləri əks-hücum əməliyyatlarının sürətindən narazı olsalar da, əslində qısa müddət ərzində xeyli uğur əldə edilib. Sözsüz ki, Rusiya daxilindəki qarşıdurma Ukrayna üçün əlavə imkanlar yaradır.
Bütün cəbhə xətti boyunca Rusiyanın müdafiə xətlərinin yarılması, şübhəsiz ki, asan məsələ deyil. Bunun üçün çox ciddi resurslara, hərbi-texniki təminata ehtiyac var.
Əlbəttə, Rusiya daxilindəki durum, o cümlədən “Vaqner” özəl hərbi təşkilatının silahlı qiyamı Ukraynanın əlini gücləndirən məqamdır.


Doğrudur, bu cür bəyanatlar bir çox hallarda manipulyasiya məqsədi daşımaqla informasiya müharibəsinin tərkib hissəsi kimi xarakterizə olunur. Xüsusilə də müharibə şəraitində. Lakin Poodolyakın dediklərində həqiqət payının olması da istisna deyil.
Nəzərə almaq lazımdır ki, Ukrayna uzun müddətdir ki, yay aylarında əks- hücum əməliyyatlarının başlayacağını bildirirdi. Rəsmi Kiyev bunun anonsunu hələ payızda vermişdi. Və deyildiyi kimi də oldu. Bu mənada qarşıdakı iki ayda cəbhə boyu ciddi hadisələrin şahidi ola bilərik. Əgər Podolyak belə iddialı açıqlama verirsə, deməli, nəyəsə arxayındır. Çünki yalan vədlər nəticəsində Ukraynanın fiaskoya uğramaq ehtimalı da var. Necə ki, Rusiya müharibə başlamazdan əvvəl üç günə Kiyevə daxil olacaqları barədə vəd vermiş amma bunu bacarmayaraq fiaskoya uğramışdı.
İşğal altındakı ərazilərdə, o cümlədən Krım, Donbas və Luqanskdakı hərəkətlənmələr onu deməyə əsas verir ki, Ukrayna kəşfiyyatı çox ciddi işləyir. İstənilən döyüş əməliyyatlarının ən mühüm komponenti isə məhz kəşfiyyatdır. Belə davam edərsə, qarşıdakı aylarda daha ciddi proseslərin şahidi ola bilərik.
Kənan Novruzov