Azərbaycan universitetlərinin ölkə daxilində və beynəlxalq miqyasda reytinqi açıqlanıb.
Dünyada bir neçə qurum var ki, universitetlərin reytinqini ölçür. Hərəsinin də öz metodologiyası var. Hərəsi də reytinq siyahısına bəlli bir sayda universitet daxil edir.
Dünyada universitetlərin reytinqi ölçən qurumlardan biri, WEBOMETRICS yeni nəticələrini açıqlayıb.
Dünya Universitetlərinin Webometrics Reytinqinə görə UNEC Azərbaycanın 47 universiteti arasında birinci olub.
Ötən il bu reytinq üzrə birincilik BDU-ya məxsus olmuşdu.
Webometrics bu ilki reytinq siyahısına 31 mindən çox universitet daxil edib.
UNEC 2023-cü ildə ötən ilə nisbətən bir xeyli irəliləyərək, dünya universitetləri içərisində 3626-cı yerdən 3196-cı yerə yüksəlib.
Xatırladıram ki, Webometrics reytinqi açıq mənbələrdə olan datanı toplayıb, müəyyən tədqiqatlar aparıb, öz metedologiyası əsasında bu nəticələri hesablamaqla ildə iki dəfə dərc edir.
Bu reytinq həm də universitetləri öz məlumatlarını, akademik göstəricilərini, elmi -tədqiqat nəticələrini, uğurlarını, iş birliklərini və əlaqələrini paylaşmağa təşviq edir.
Yeri gəlmişkən, bu gün Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi də dünyanın ən nüfuzlu reytinq təşkilatlatlarından biri olan “Times Higher Education” ilə onlayn görüş keçirib.
Görüşdə ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyəti barədə müzakirələr aparılıb, universitetlərin qlobal rəqabətə davamlılığının gücləndirilməsi və beynəlxalq sahədə nüfuzunun artırılmasının əhəmiyyətini qeyd edib.
Görünür ki, ETN də universitetlərin beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üçün çıxış yolları axtarır.
Düşünürəm ki, bu istiqamətdə görüləcək işlər hədsiz çoxdur.
Görünən odur ki, bəzi universitetlərimizin bu reytinq siyahılarında önəmli yerlər qazanmaq üçün potensialları var.
Ümid edirəm qarşıdakı dövrdə universitetlərimiz səylərini daha da gücləndirəcıklər, eyni zamanda ETN də bu istiqamətdə potensialı olan universitetlərinmizə dəstəyini artıracaq.
Osman Gündüz, İKT mütəxəssisi