Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi məsələsi Azərbaycan dövlətinin yurisdiksiyasındadır. O, bildirib ki, Ermənistan Ombudsmanının vətəndaşlarımızın hüquqlarının müdafiə edilməsi ilə bağlı əsassız iddiaları tamamilə yersizdir və başqa ölkənin suverenliyinə müdaxilədir.
Qeyd olunub ki, bütün bunlara baxmayaraq, Ermənistan siyasi rəhbərliyinin dəstəyi ilə mediada hadisələri qərəzli şəkildə şişirtmək, insanlarda narazılıq yaratmaq bölgədə davamlı sülh prosesinə mane olur, eyni zamanda, mövcud vəziyyətin daha da gərginləşməsinə xidmət edir.
Ombudsmanın sözlərinə görə, Ermənistan Azərbaycana qarşı nifrət siyasətini və dözümsüzlüyünü davam etdirir. Belə ki, sosial mediada erməni istifadəçilərin azərbaycanlılara qarşı nifrət dolu təhqirləri əks etdirən mesajları bir daha onu göstərir ki, Ermənistan siyasi rəhbərliyi Azərbaycana qarşı uzun müddətdir ki, nifrət siyasətini davam etdirir.
Məlum olduğu kimi, rəsmi Bakı Qarabağdakı etnik ermənilərin reinteqrasiyası istiqamətində səmimi səylər göstərir. Lakin biz hələ ki, adekvat münasibət görmürük. Ermənistan hərbi-siyasi hakimiyyəti bu məsələyə mane olur, etnik ermənilərin Azərbaycana reinteqrasiyasına əngəl yaradır. Bu isə məhz manipulyativ fikirlər, təxribatlarla həyata keçirilir.


Səbinə Əliyevanın bildirdiyi kimi, Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi məsələsi Azərbaycan dövlətinin yurisdiksiyasındadır. Başqa sözlə desək, Qarabağdakı etnik ermənilər bizim daxili işimizdir. Rəsmi Bakı dəfələrlə bildirib ki, onlara digər azlıqlara yaradılan bütün şərait yaradılacaq.
Məntiq və mövcud reallıqlar onu deməyə əsas verir ki, Qarabağdakı etnik ermənilər Azərbaycanla dialoqa hazırdır. Buna mane olan isə məhz Ermənistan hakimiyyəti və qondarma respublikadır. Onlar reinteqrasiya prosesini sonun başlanğıcı kimi qiymətləndirirlər. Hərçənd Qarabağdakı ermənilərin qanunsuz şəkildə yaşaması istənilən halda mümkün deyil. Bu qanunsuzluğa son qoymağın iki yolu var: etnik ermənilər ya vətəndaşlığımızı qəbul edəcəklər, ya da könüllü şəkildə çıxıb gedəcəklər. Əgər onların arxalandıqları qüvvə Qarabağdakı separatçı rejimdirsə, Azərbaycan bu məsələni də həll edə bilər. Cəmi 24 saat ərzində Xankəndidə keçirilən effektiv anti – terror əməliyyatı nəticəsində Xankəndini terrorçulardan təmizləyə bilərik. Bu, oradakı etnik ermənilər üçün “nəfəsliyin bağlanması” deməkdir.
Rəsmi Bakı hələ ki, təmkinli davranır və diplomatik həll yoluna üstünlük verir. Amma hərbi yol həmişə qüvvədədir. Qondarma rejim Azərbaycanın səbri ilə oynamamalıdır.
Ermənistanın davam edən nifrət siyasəti dinc dialoqa, o cümlədən reinteqrasiya prosesinə mane olur. Sözsüz ki, rəsmi İrəvan bunu məqsədi şəkildə edir. Beləliklə, özünün destruktiv siyasətini bir daha ortaya qoyur. Hərçənd rəsmi Bakı düşmənçilik səhifəsini bağlamağa hazırdır.
Nəticə etibarı ilə Ermənistan özü özü işini çətinə salır, belə demək mümkünsə, ağrımayan başına duz bağlayır. Destruktiv siyasətin məsuliyyətini isə məhz İrəvan və qondarma rejim daşıyır.
Kənan Novruzov