Rusiya Ukraynadakı hərbi kampaniyasının Qərb üzərində effektiv təzyiqə çevrilməsini təmin etmək üçün daha bir üsula əl atır – hər halda “Vaqner” özəl hərbi şirkətinin muzdlularının Belarusdan Polşa sərhədinə doğru yerləşdirilməsi belə fikir formalaşdırır.
Polşa “Vaqner” qüvvələrinin öz sərhədləri yaxınlığındakı mövcudluğunu Rusiyanın regionda sabitliyi pozmaq üçün təşkil etdiyi bir sıra təxribatlardan biri kimi qiymətləndirir.
“Vaqner”in dislokasiya yerlərinin dəyişməsi Polşa ilə Belarus arasındakı gərginliyi də şiddətləndirir. Deməli, gərginlik, əsasən, Rusiya-Belarus oxu ilə Polşa arasında cövlan edir və NATO öz üzvünü qorumaq üçün çağırışlarını yeniləməlidir.
Kreml biclik edir, vəziyyəti Polşanın Ukrayna ilə köhnədənqalma ərazi mübahisələri kontekstində qiymətləndirərək ölkəsinin addımlarını müdafiə xarakterli təminat kimi şərh etməyə çalışır.
Ancaq bu da dəqiqləşir ki, Polşa da Belarusla sərhədə qoşun cəmləyir, bunun müdafiə xarakterli və ya Rusiyanın Ukraynadakı diqqətini yayındırmaq üçün variant olduğunu qiymətləndirmək isə çətindir.
Tabloda Rusiyanın məqsədi qabarıq şəkildə görünür, o, Qərbin Ukraynaya silah tədarükündə mühüm kanal olan Polşanı təhdid etməklə rəsmi Kiyevə olan dəstəyi azaltmağa çalışır.
Rusiyanın Polşa ərazisinə müdaxilə etməsi ehtimalı aşağıdır, çünki Moskva NATO üzvlərindən birinə hücum ssenarisində özünə qarşı doğacaq risklərdən çəkinir.
Həm də Rusiya kollektiv Qərbin gücü qarşısında acizdir, Kremlin təkcə qürrələnə biləcəyi qitələrarası ballistik raketləri və nüvə silahlarıdır, hərçənd, bu, döyüş əməliyyatları üçün effektiv deyil, daha çox çəkindirmə mahiyyəti daşıyır.
Ona görə də “Vaqner”in Polşa istiqamətinə hərəkət etməsi Rusiyanın real təhdidi kimi deyil, hibrid müharibəsinin elementi kimi qiymətləndirilə bilər.
Fikirlər isə bir istiqamətdə deyil, ehtimallar çoxdur, çünki hadisələrin və yanaşmaların özü mürəkkəb dərinliyə sahibdir.
Ehtimallardan biri də belədir ki, “Vaqner” qismən Rusiyanın təlimatlarından kənar hərəkətlər edir və Belarus Prezidenti Aleksandr Lukaşenko bunu Rusiya lideri Vladimir Putinə qarşı kart kimi istifadə edir.
Ona görə ki, Ukraynadakı müharibə səbəbilə Qərblə Rusiya məngənəsində sıxılan ölkələrdən biri də Belarusdur. Belarus “Vaqner”in bu ölkədə mənzillənməsindən sonra Rusiyanı Ukraynadakı kampaniyadan çəkindirmək üçün Polşa ilə gərginlikdən istifadə etməkdə həvəsli görünə bilər.
Əgər bu versiyada həqiqət payı varsa, onda Lukaşenko “Vaqner”in ölkəsinin daxilində olmasından məmnundur və o bu vasitə ilə təhlükəsizlik sferasına nəzarət etmək niyyətini göstərir. Belarusun “Vaqner”lə təlim tərəfdaşı kimi əməkdaşlıq etməsi bu versiya üzrə məntiqi məqamlar üzə çıxarmaqda yardımçı ola bilər.
Hərçənd, “Vaqner” ipə-sapa yatan deyil, onun idarəedilməsi çətindir. Yəni məsələ ondan ibarətdir ki, Belarusun “Vaqner” qrupuna nə dərəcədə təsirli şəkildə nəzarət edə biləcəyi bəlli deyil.
Bu cəhətləri ümumiləşdirsək, o zaman Lukaşenkonun “Vaqner”dən çəkindiyini də qeyd edə bilərik.
Lukaşenkoda ara-sıra Kremlin təlimatlarından yayınmaq xarakteri mövcuddur. Moskvanın “Vaqner”i tənzimləyici aparat kimi Belarusda istifadə etməsi Lukaşenkonun Kreml orbitindən yayınmasının qarşısını almaqda effektiv üsul kimi nəzərə çarpa bilər.
Proqnoz vermək olar ki, Polşa ilə gərginlik və bunun arasına “Vaqner”in yerləşdirilməsi fonunda Rusiya ilə Belarus arasındakı müttəfiqlikdə problemlər olduğu aşkar şəkildə üzə çıxacaq.
Minskin isə seçimləri və Moskvaya təsirləri azdır, burada Belarusun Rusiyadan iqtisadi asılılıqları ilə yanaşı, təhlükəsizlik qayğıları da rol oynayır. Üstəgəl, Rusiya Belarusa taktiki nüvə silahları da yerləşdirib ki, bu da Minskin taleyi üçün xoş aura yaratmır.
Deməli, Belarus yüksək risk altında olduğundan Rusiyanın təyin etdiyi orbitdən çox kənarlaşa bilməyəcək və Ukraynaya qarşı hərbi kampaniyada iştirakçılıq səviyyəsini yüksəltmək məcburiyyəti ilə üzləşəcək.
“Vaqner” isə həm Putin, həm də Lukaşenko üçün təminatçı olsa da, onun etibarlılıq statusu böyük deyil. Putin də, Lukaşenko da muzdlularla bağlı riskləri görürlər, bu isə Polşa ilə əlaqədar məlum məsələdə regional təhlükəsizlik üçün problemlər ortaya çıxarmaq gücündədir.
Aqşin Kərimov, siyasi şərhçi