Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı növbəti Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex 2024 ) açıqlanıb.

Bu dəfə qiymətləndirmədə cəmi 31 ölkə əhatə olunub. Metedologiya təkmilləşdirilib.

Bu qlobal indeks kibertəhlükəsizlik sahəsində ölkələrin hazırlığını real vaxt rejimində ölçür.

Bu il 49 indikator üzrə qiymətləndirilən reytinq cədvəlində Azərbaycan 66.67 balla 12-ci pillədə qərarlaşıb. (https://ncsi.ega.ee/)

Ötən il isə bu reytinqdə Azərbaycanın mövqeyi 176 ölkə arasında 33 pillə qalxaraq 86-cı yerdən 52-ci yerə yüksəlmişdi.

Qurumun saytındakı arxivdən görünür ki , 2016-2023-cü illər ərzində bu reytinqdə ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək nəticə 63.64 bal olub.

Bu il əldə olunan 66.67 bal indiyədək Azərbaycanın bu reytinqdə qazandığı ən yüksək nəticədir.

Xatırladıram ki, 2022-ci ilədək Azərbaycanın mövqeyi bu reytinqdə ancaq aşağıya doğru gedirdi.

Azərbaycanın bu qlobal indeksdə yüksək nəticə göstərməsi reallığı əks etdirirmi ?

Düşünürəm ki, göstərici reallığı tam olaraq əks etdirir və bu uğurda aşağıdakılar ciddi rol oynayıb :

– son iki ildə bu sektorda ciddi keyfiyyət dəyişiklikləri baş verib

– uzun illər müzakirə olunan strategiya ötən il qəbul edilib

– kritik sektorla bağlı yeni səlahiyyətlər əldə edən DTX və XRİTDX tərəfindən uğurlu addımlar atılıb

– RİNN İsrailin Technion Universiteti ilə birgə sektorda kadr hazırlığı sahəsində uğurlu addımlar atıb

-son ildə ETX-nin fəaliyyəti də nəzərə çarpacaq dərəcədə artıb

– XRİTDX -nin bu sektorda beynəlxalq (Türkiyə, İsrail ) əlaqələri güclənib, hesabatlığı və aktivliyi xeyli yüksəlib, maraqlı tərəflərin iştirakı ilə ciddi müzakirələr və tədbirlər təşkil edib

– bu sektorda yeni səlahiyyətlər əldə edən DİN-in də fəaliyyəti canlanıb

– Universitetlərdə, xüsusilə AzTU -da iki kiber struktur formalaşdırılıb, yeni kurikulumlar təsdiqlənib, Türkiyə ilə bu istiqamətdə əlaqələr güclənib və s.

Xatırladıram ki, kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı məsələlərə ölkəmizdə RİNN-nin Elektron Təhlükəsizlik Xidməti, DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və DİN cavabdehdir.

Osman Gündüz, İKT eksperti