Dünən Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan sülh və sabitlikdə maraqlıdırsa, “Ağdam-Xankəndi” yolundan istifadəni dəstəkləməlidir. Bu, Ermənistanın Laçın yolundakı vəziyyətlə bağlı iddialarının əsassız olmasını göstərən ən tutarlı faktdır.
Belə ki, Ermənistan hərbi-siyasi hakimiyyəti və Qarabağdakı qondarma rejim uzun müddətdir ki, Laçın yolunda blokadanın yaranmasını və bunun Qarabağda aclığa səbəb olduğunu iddia edir. Onlar bütün dünyanı bu yalana inandırmağa çalışırlar.
Fəqət “yalan ayaq tutsa da yerimir”. Məlumdur ki, rəsmi Bakı Ağdam- Xankəndi yolu vasitəsilə humanitar yüklərin daşınması ilə bağlı Qarabağ ermənilərinə təklif edib. Bu təklifimiz hələ də qüvvədədir. Avropa İttifaqı da bu təşəbbüsü müsbət qiymətləndirib.
Əgər, doğrudan da, vəziyyət iddia edildiyi kimidirsə və Qarabağda aclıq hökm sürürsə, onda ermənilər bizim təklifimizi qəbul etməlidirlər. Sadə məntiq bunu deyir. Buna baxmayaraq, ermənilər hələ də dikbaşlıq edir, təklifimizi qəbul etmirlər. Deməli, heç bir humanitar fəlakətdən söhbət gedə bilməz. Əks halda çoxdan təklifimizi qəbul etmiş olardılar.
Erməniləri narahat edən əsas məsələlərdən biri Ağdam – Xankəndi yolu ilə humanitar yüklərin daşınmasına start verildikdən sonra etnik ermənilərin Azərbaycana reinteqrasiya məsələsinin də avtomatik həll edilməsidir. Bu isə özü – özlüyündə iki məsələdən xəbər verir. Birincisi, Ermənistan və qondarma rejim insan həyatını – əgər dedikləri kimi blokada varsa – siyasi ambisiyalarına qurban verirlər. İkincisi, onlar reinteqrasiya məsələsi ilə bağlı da destruktiv mövqe sərgiləyirlər. Bütün bunlar isə Ermənistanın hələ ki, sülhə hazır olmadığını göstərir. Çünki reinteqrasiya prosesi həllini tapmadan sülh imzalanması doğru deyil.
Beləliklə, Ermənistan və qondarma rejim öz oyunlarının qurbanına çevrilir. Necə deyərlər, sirkə nə qədər tünd olarsa öz küpünü çatladar.
Kənan Novruzov