Ukraynadakı müharibəni bitirmək üçün dünyanın iki gücü – ABŞ və Rusiya – arasında alternativ diplomatiya üzrə danışıqlar gedir.
Bu müzakirələr “Track 1,5” formatında baş tutur, həmin platforma hər iki tərəfə bir-birinin “qırmızı xət”lərini başa düşməyə, münaqişələrin həlli üçün radikal yanaşmaları yumşaltmağa imkan verir.
“Track 1,5” rəsmi danışıqların baş tutduğu “Track 1” ilə ekspert dialoqları olan “Track 2”nin aralığında yerləşir, yəni bu ikisinin hibridindən doğan arxa kanal diplomatiyasıdır.
Bu o deməkdir ki, Kremllə ABŞ arasındakı “Track 1,5” müzakirələr hazırkı rəsmi şəxslərdən bəziləri, keçmiş məmurlar və ekspertlərin birgə iştirakı formatında reallaşır.
Bu diplomatik formatlar:
– ABŞ-nin strateji maraqlarının təmini üçün yanaşmalara hörmət olunmasını təşviq edir,
– Qarşı tərəfin ABŞ üçün mənfi stereotiplərinin və ümumiləşdirilmiş təhlükəli tezislərinin seyrəlməsinə imkan verir,
– Münaqişə tərəflərinin münasibətini ABŞ-nin vasitəçiliyi ilə dəyişməyi hədəfləyir,
– Münaqişədə olan tərəflər arasında rabitə kanallarını açaraq onun keyfiyyətini artırır,
– Rəsmi danışıqlar kontekstində gündəmə gətirilməyən kreativ ideyalar yaradaraq danışıqlar üçün yeni seçimlər təqdim edir.
Ukraynadakı müharibə ilə bağlı ABŞ-nin güc qanadı olan Pentaqon bir, Vaşinqtonun diplomatiya qolunun şahı olan Dövlət Departamenti isə başqa mövqelərdədir.
Hər nə qədər təəccüblü səslənsə də, Rusiya ilə danışıqlarda Pentaqonun aktivliyi gözə çarpır, elə Moskva da ABŞ-nin hərbi gücü ilə dil tapmağa daha çox həvəs göstərir.
Beləliklə, Rusiya Müdafiə Nazirliyi və Pentaqon, xarici siyasət idarələrindən fərqli olaraq, diplomatik məharət nümayiş etdirirlər, hərçənd ki, hələ də Ukraynada silah səsləri susmayıb və Rusiyanın işğal kampaniyası sonlanmayıb.
Lakin görünür ki, ABŞ ilə Rusiyanın bir-birini qarşılıqlı cilovlaması cəhdləri Ukraynanın ərazi bütövlüyü üçün lazım olan prinsiplərin üstün müdafiəsinə söykənmir. Danışıqlar Moskva-Vaşinqton xəttinin inkişaf edərək Ukraynadakı münaqişədən bərabər şəkildə qazanclı çıxması üçün lazım olan proseslərin inkişafına yönələn ehtimalları artırır.
Rusiya ilə ABŞ, böyük ehtimal ki, strateji muxtariyyətlərində olan regionlarda bir-birinə güzəştə getməyə meyil edirlər, lakin bunun nə dərəcədə effektiv olacağı şübhəlidir.
ABŞ-nin narahatlıqları Rusiya-Çin tərəfdaşlığının dərinə nüfuz etməsinin işığında və bununla Vaşinqtonun qlobal nüfuz itkisi ilə üzləşmək riski həndəvərinə yaxınlaşmasında anlaşılandır.
Rusiyanın da narahatlıqları az deyil, o, Ukraynadakı hərbi əməliyyatlarda düçar olduğu taktiki uğursuzluqlardan sonra regionda təsir rıçaqlarını itirmək həyəcanına qapılıb. Buna görə də Kreml rəqibi ABŞ ilə üzləşməyə, onunla dil tapmağa borcludur.
Deməli, ABŞ-Rusiya danışıqlarının ortasında Çinin mövqeyi daha güclü görünür, bundan əlavə isə başqa bir faktoru da gözardı etmək olmaz.
Burada söhbət Böyük Britaniyadan gedir, London Vaşinqtonun diplomatik-siyasi trafiklərinin üzərinə kölgəsini salmağı bacarır. Hələ ki Kremllə Ağ Ev arasındakı arxa kanallarda gedən müzakirələrə Londonun saldığı projektorları müəyyən etmək çətindir, lakin bir müddət sonra Britaniya “aparat”ının işığı yana bilər.
Deməli, prosesin yönləndirilməsində iki alternativ – Böyük Britaniya ilə Çin – aktivlərini xərcləyir, lakin bundan gözlənti daha böyük strateji sərmayələr əldə etməkdir.
Hərçənd, Pekinlə London arasındakı rəqabət Ukrayna məsələsində onların birlikdə hərəkət etdiyi mənasını çıxarmaq məntiqinə eyham vura bilməz.
ABŞ-nin diplomatiyada önəm verdiyi “Track” formatlarından istifadə digər bir aktor olan Türkiyənin də Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsindəki səyləri ilə əlaqəli şəkilləndirməyə malik ola bilər.
Bu versiya doğrudursa, Türkiyə Ukrayna münaqişəsinə nisbətdə Qərb-Rusiya-Çin aralıqlarındakı didişən və birləşən maraqlarda elastik manevr sahəsi qazanır.
Böyük ehtimalla Türkiyənin səylərini əks etdirən yanaşma böyük ölçüdə NATO-nun maraqları üçün məqbuldur, ancaq Ankara münaqişənin həllinə yanaşmada özünəməxsus tövr də ortaya qoyur.
Bəlkə də, Ukrayna üçün ən məqbulu Türkiyənin variantlarıdır, ancaq Ankara qlobal aktorların təyin etdiyi xətlərin hamısını tapdalamaq potensialında da deyil.
Ümumilikdə, ABŞ ilə Rusiyanın müxtəlif şəxslər səviyyəsində eyni masa arxasına əyləşməsinin hansı nəticələr doğuracağı Ukraynanın həmin danışıqlara münasibətinin necə olacağından asılıdır.
Ukrayna özünü həm Qərb, həm də Rusiyadan təklif edilən ideyaların ağuşuna atmaqdansa ərazi bütövlüyünün təmininə qətiyyətli şəkildə inanır.
Ancaq Ukraynanın canlı qüvvə və hərbi silah-sursat, texnika resursları tükənəndə və Qərbdən ona verilən dəstək sönükləşəndə Kiyev danışıqlar masasında əyləşməyi alternativ kimi nəzərdən keçirə bilər.
Aqşin Kərimov, siyasi şərhçi