Aztelelekom rəsmi açıqlama verib ki, indiyədək ölkə üzrə 1 milyondan çox ailə, yəni 47% ev təsərrüfatı geniş zolaqlı internetlə təmin edilib.
Cari ilin yarısında 431 min ailəyə internet çəkilib.
Cari ilin sonuna isə ölkə üzrə 55% ev təsərrüfatına keyfiyyətli internet çəkilişi gözlənilir.
Nazir Rəşad Nəbiyev isə gələn ilin sonuna bütün ölkənin internet probleminin həll olunacağını bildirmişdi.
Deməli, RİNN gələn ilin sonuna 45% ev təsərrüfatına, yəni, təxminən 1 milyondan çox ailəyə keyfiyyətli intenert çəkilişini təmin etməlidir.
Bu realdırmı ?
Nazirlik “Onlayn Azərbaycan” layihəsinə 2021-ci ilin sonları başlayıb.
Daha sonra 85 milyon manat kredit alıb və prosesi xeyli sürətləndirib.
Son illər evlərə GPON çəkilişinin qrafiki aşağıdakı kimi olub :
2017 -ci il 23000 ev təsərrüfatı
2018 -ci il 51000
2019-ci il 97000
2020-ci il 56000
2021-ci il 143000
2022 -ci il 341000
2023-cü ilin yarısı, 431 000
Cəmi : 1 114 200 ev təsərrüfatı
Əlbəttə, əvvəlki illərlə müqayisədə internet məsələsinin həlli üçün RİNN tərəfindən hədsiz çox işlər görülüb.
Proseslər xeyli sürətlənib.
Statistikadan belə qənaətə gəlmək olar ki, yalnız işləri sürətləndirməklə və zəruri resursları zamanında təmin etməklə qarşıdakı il yarımda Nazirlik vədini yerinə yetirə biləcək.
Eyni zamanda onu da demək lazım ki, regionlarda bəzən işlərin, layihələndirmənin, rabitə dirəklərinin basdırılması və kabel çəkilişinin, evlərə internet qoşulmalarının lənğ aparıldığı müşahidə edilir.
Bəzən podratçıların seçiminə Aztelekom-da ciddi yanaşılmır və işlər keyfiyyətsiz görülür.
Eyni zamanda Aztelekom çevik , cəlbedici tarif siyasəti aparmaqda çətinlik çəkir.
Məsələn, özəl provayderlərdə daha cəlbedici və sərfəli tariflər olduğu halda Aztelekom hətta öncədən elan olunan aşağı tarifləri heç Nazirliyin və tənzimləyici qurumun xəbəri olmadan ləğv edib.
Hələlik təbii inhisarçı və dövlət operatoru hesab olunan Aztelekom istifadəçiləri üçün sərbəst tarif seçimi problemi hələ də öz həllini tapmayıb.
Fikrimcə, Aztelekom və Baktelekomun faktiki olar bir qurum kimi idarə olunması, lakin hüquqi olaraq ayrı qurumlar kimi fəaliyyət göstərməsi də işlərə mənfi təsir edir.
Düşünürəm ki, RİNN yalnız dövlət – özəl tərəfdaşlığı gücləndirməklə, “Onlayn Azərbaycan” layihəsinə nəzarəti gücləndirməklə, adı çəkilən qurumların birləşməsini sürətləndirməklə və dövlət operatorunun daha əlçatan tarifləri ilə öz vədini yerinə yetirə biləcək.
Osman Gündüz, İKT mütəxəssisi