Laçına qayıdış!
Sosioloji yapının gücü uşaqlardadır.
Ya doğulmağında, ya sayında, fərqi yoxdur, nəfəsindədir.
Nəsillər arası toqquşma həmişə olub.
Laçın işğal ediləndən sonra laçınlıların digər, elatdan uzaq, dağılmış sənaye ortamına inteqrasiyası, “qaçqın” damğası, ittihamlar və s. sosioloji qanunauyğunluğun acı üzü idi. Məhhəbbət Kazımovun “Laçınım”ı ilə qartal olub, Laçın səmalarını gəzən ruh özünün həsrəti, acı xatirəsi və məğlubiyyətin kədərli ifadəsi, amma həmin əlaqəni, oraya aidiyyat hissini qoruyub saxlayan əsas nəsnə idi. Hətta kef məclislərində, toylarda qollarını qaldırıb rəqs edən adamların da torpaq həsrətinin ifadəsi idi Laçın, bircə o adamların oynadığı yerdə gözünün içərisindəki mənanı görə bilmək bəs edərdi həqiqətin çılpaq üzünün ortaya çıxmasına..
Vətən müharibəsi aparmaq hər xalqın nəsibi olmayım. Budur, yanımızda Rusiya da savaş aparır, amma o, hansısa Alekseyin “гражданская война”sı deyil.
Bizim isə…
Prezidentin qucağına dırmaşan körpələrlə Laçına bildiyimiz həyat qayıdıb, bəsit ifadə ilə, amma mürəkkəb izahda və tabloda – üç min şəhid, milyardlarla investisiya, məktəb, təhsil, müəllim, işçi, mühəndis, turizm, qadın, kişi, uşaq, körpə, bir sözlə, “Vətən qayışı” baş verir.
O uşaqların ayaqları Laçın torpağına, kürəkləri prezidentin sinəsinə söykənir.
Hə, bir də…
Bütün bunlardan danışarkən fonda Məhəbbət Kazımovun Laçın üçün, onun son 30 ili üçün yazdığı mahnı səslənir.
Prezident və dövlət ərkanı əyləşib qulaq asır. Lent belə şeydir, hardan -hara gəldiyimizi unutmamaq üçün…
Bu arada, Laçın bizim üçün vətəndirsə, artıq işğalçılar üçün gözdağına çevrilməkdədir.