Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada ATƏT-in Daimi Şurasında yekun nitqində “blokada”nın dəhşətlərini xarakterizə etmək üçün hekayə danışıb. Mirzoyan deyib ki, Xankəndidə bir erməni uşaq anasından banan istəyib. Banan da evdə tapılmayıb. Məlum olub ki, qadın bu əhvalatı sosial şəbəkələrdə operativ bölüşüb və Xankəndidən olan bir kişi də cəlb reaksiya göstərib və yazıb ki, evdə bananın yarısı var. Nəticədə onlar görüşüblər və o, qadının uşağı üçün bananın yarısını verib. Əslində Mirzoyanın bu hekayəsinə Oskar da vermək olardı…

Hollivudda belə ssenariləri əl-əl axtarırlar…Amma məsələ burasındadır ki, “yarımçıq banan” əhvalatını bir dövlətin xarici işlər naziri Vyanada ATƏT-in Daimi Şurasında yekun nitqində nəql edir və Azərbaycanı qınamaq məqsədi daşıyır. Bəzən bizim ekspertlər erməni diasporu və lobbisi haqqında qorxunc fikirlər söyləyirlər. Belə edərlər, elə edərlər…

Erməni lobbisinin nəyə qadir olduğunu Vətən müharibəsində şahidi olmuşuq! Gördüyümüz budur ki, erməni diasporunun piarçıları “yarımçıq banan” nağılından yaxşı heç nə uydura bilmirlər, fantaziyaları ancaq banana çatır. Onlar Mirzoyan üçün daha təsiredici “aclıq və blokada” simvolu tapa bilmirlər. BMT-nin Uşaq Fondunun məlumatına görə, bu gün dünyada 13,6 milyon uşağın HƏQİQƏTƏN aclıqdan əziyyət çəkməsi fonunda Qarabağdakı vəziyyəti aclıq adlandırmaq vicdansızlıqdır. Sosial şəbəkələrdə Qarabağ ermənilərinin yeni il ziyafətlərini necə dəbdəbə ilə keçirdikləri haqqında çoxsaylı foto və videofaktları ört-basdır edə bilmədikdən sonra çıxış yolunu bananda görürlər.

Bananla üstümüzə gəlirlər?) Budur Ermənistanın müasir siyasi texnologiyaları və hibrid müharibə? Olsun! Qoy onlar banan axtarışında olsunlar biz də öz işimizi görək!

Politoloq İlyas Hüseynov