“Financial Times” nəşri avqust ayında Yaponiya kibertəhlükəsizlik mərkəzinin ölkəyə haker hücumlarının artdığını müəyyənləşdirdiyini yazıb. Hakerlər elektron poçt sistemlərinə daxil olub məlumatların bir qismini oğurlayıblar. Yaponiya hökumətinə tabe olan kibertəhlükəsizlik mərkəzi araşdırma aparıb və müəyyənləşdirib ki, hücumların arxasında Çin kəşfiyyat strukturları dayanıb.
Pekin Tokionun iddialarını rədd edib. Pekin Yaponiyanın dövlət strukturlarına haker hücumunun Tokionun müttəfiqi ABŞ-ın təşkil edə biləcəyinə işarə edib. Sual olunur: Vaşinqton müttəfiqi Yaponiyaya qarşı niyə haker hücumu təşkil etsin? Tokionun Vaşinqtondan nə sirri var ki, ABŞ Yaponiyanı hədəf alsın? Bütün hallarda Tokio Vaşinqtondan deyil, Pekindən şübhələnir. 2020-ci ildə çinli hakerlər Yaponiya Müdafiə Nazierliyinin serverlərinə hücum təşkil etmiş və məxfi sənədləri ələ keçirməyə müvəffəq olmuşdular. Bu hadisədən sonra Yaponiya və müttəfiqləri kibertəhlükəsizlik tədbirlərini 5 dəfə artırmaqla yanaşı bu çalışmalar üçün büdcələrin də artırmışdılar. Çini Yaponiyanın İtaliya və Böyük Britaniya ilə birgə istehaına başlayacaq qırıcı təyyarələrlə bağlı layihə maraqlandırır.
Çinin isə Yaponiyaya fərqli iradı var. Pekin Yaponiyanın “Fukusima” atom elektrik stansiyasında toplanan suyun dənizə buraxılmasından narazıdır. Pekin iddia edir ki, Yaponiya bölgəni bu yolla zəhərləyə bilər. Çin Xarici İşlər Nazirliyinin açıqlamasında belə bir cümlə var idi: “Yaponiya dünyaya “Qodzillanı” buraxıb”. Bu cümləyə görə Çin səfiri Yaponiya Xarici İşlər Nazirliyinə çağrılıb və ona Tokionun etırazı bildirilib. Gərginlik o həddə çatıb ki, Yaponiya Xarici İşlər Nazirliyi Çindəki vətəndaşlarını xəbərdar edib ki, küçədə yapon dilində bərkdən danışmasınlar, əks halda təhlükə ilə üzləşə bilərlər. Bunun üçün əsas var. Çində Yaponiyaya məxsus bir neçə binaya daş və yumurtalar atıblar, divarlarda Yaponiya əlçeyhinə şüarlar yazıblar.
Yaponiyada 2011-ci ildə baş verən zəlzələdə “Fukusimo” atom elektrik stansiyası zərər görmüşdü, stansiyanın dağılan hissəsi su ilə doldurulmuşdu ki, radiasiya ətrafa yayılmasın. Tokio uzun illərdən sonra həmin suyu dənizə buraxmağa qərar verib. Tokio suyun zərərli olmadığını iddia edir, Pekin buna inanmır. Tokio həmin suyun təhlükəsiz olmasıyla bağlı beynəlxalq ekspertlərin rəyinə də istinad edib. Yaponiya baş naziri Fumio Kisida və digər hökumət üzvlərinin televiziya ekranları qarşısında suyun buraxıldığı dənizdən tutulan balıqları yeməsi də Pekini inandırmayıb. Çin Yaponiyadan balıq məhsullarının alışını qadağan edib. Çin Yaponiyanın əsas balıq alıcılarındandır. Rusiya Yaponiyadan balıq alışını hələ dayandırmasa da, Çinin narahatlığını bölüşdüyünü açıqlayıb. Rusiyanın müvafiq strukturları Yaponiyaya yaxın sularda monitorinqi gücləndirdiklərini bildiriblər.
Elxan Şahinoğlu, politoloq