Rusiya silahlı qüvvələrinin Ukraynanın Dnipro şəhərində doqquzmərtəbəli yaşayış binasına raket zərbəsi nəticəsində 30 nəfər ölüb, 70 nəfər yaralanıb, 40 nəfər isə hələlik itkin düşmüş sayılır.

Prezident Putinin və müdafiə naziri Şoyqunun rus silahının dəqiqliyi ilə bağlı qürrələnməsi o deməkdir ki, binanı qəsdən vurublar və bu, rusların Ukrayna xalqına qarşı törətdiyi nə ilk, nə də təəssüf ki, son cinayət deyil.

Bütün belə əməllər hərbi cinayətlərə dair beynəlxalq məhkəmənin predmetidir, amma bunun da ən yaxşı halda tezliklə baş tutacağı inandırıcı deyil. Çünki bütün beynəlxalq mexanizmləri yalnız kiçik və zəif dövlətlərə münasibətdə işləyir.

Rəsmi Moskva isə ya belə hadisənin olmadığını iddia edəcək, ya orada hərbçilərin yerləşdirildiyini iddia edəcək, ya da həyasızcasına bəyan edəcək ki, binanı təxribat məqsədilə Ukrayna ordusu özü vurub.

Yaxşı yadımdadır, İkinci Qarabağ Müharibəsi zamanı Ermənistan Gəncədə yaşayış binalarını vuranda ABŞ-in bu ölkədə səfiri olmuş Con Evans adlı yaramaz iddia edirdi ki, Gəncədəki hərbi aerodromu vurmaq istəyiblər, səhv olub.

Göründüyü kimi, dinc əhalinin qətlini əsaslandırmaq məqsədilə ağ yalan danışmaq təkcə ruslar üçün xarakterik olan həyasızlıq deyil. Odur ki, belə cinayətlərdən çəkindirməyin yeganə yolu adekvat tədbirlərin görülməsidir.

Amma bu da hərbi cinayətdir, çünki dinc əhalinin hədəfə alınmasına görə qarşı tərəfdən dinc əhaliyə atəş açmaq təkcə hərbi cinayət deyil, həm də antibəşəri hərəkətdir. Odur ki, çalışıb raket atəşinə əmr verənləri məhv etmək lazımdır.

Bu isə həm ədalətlidir, həm də qanuni, çünki müasir dövrümüzdə terrorçuları məhv etmək artıq oturuşmuş praktikadir. Dinc əhalini hədəfə alan isə birmənalı olaraq terrorçudur.

Ərəstun Oruclu, politoloq