Rəsmi Bakı silahı yerə qoyan separatçılara amnistiyanın nəzərdən keçirildiyini elan edib.

Amnistiya məsələsini Vaşinqton xahiş etmişdi və Əliyev təslim olacaqları halda bunun mümkünlüyünə baxıla biləcəyini açıqlamışdı. Separatçılar isə öz xoşları ilə yox, antiterror tədbirləri nəticəsində təslim oldular və bu, situasiyanı dəyişdirir: rəsmi Bakı Azərbaycan qanunlarını pozan hər kəsi cəzalandıra bilər;

Lakin buna rəğmən rəsmi Bakı amnistiya təklifini nəzərdən keçirməyə hazırdır. Bu, həm ərazinin qısa müddətdə və itki vermədən təmizlənməsi, həm də beynəlxalq müstəvidə mövqeyimizin güclənməsi baxımından əhəmiyyətlidir. İstisna deyil ki, Yevlax görüşündə erməni nümayəndələrə amnistiya təklifi təqdim edilib.

Hərçənd, Hikmət Hacıyevin “Bəzi hərbi birləşmələr müqavimət göstərməkdə davam edəcəklərini bildirsələr də, Bakı silahı yerə qoyan Qarabağ separatçılarına mümkün amnistiyanı nəzərdən keçirir” açıqlaması fonunda bu təklifdən fərqli nəticə də çıxır.

Azərbaycan rəsmi şəkildə “bəzi hərbi birləşmələrin müqavimət göstərdiyini” bildirir və əlavə edir ki, “amnistiya mümkündür”. Bu o deməkdir ki, silahı buraxmaq istəməyənlərin təslim edilməsi istiqamətində addımlar atılacaq, rəsmi Bakı da tədbirlərin görülməsi zərurəti yaranmamışdan öncə “amnistiya təklifi” ilə son seçim imkanı verir.

Asif Nərimanlı, siyasi şərhçi