HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMUR…
Birinci Qarabağ Müharibəsində ermənilərlə bir Alban kilsəsinə sığınıb təkbaşına ac-susuz beş gün qəhrmancasına döyüşmüş, əsir alınmış xocalılar öldürülməsin, azad edilsin deyə təslim olmuş, təslim olarkən belə əlindəki üç rəngli aypara-ulduzlu döyüş bayrağını ovcundan buraxmayan qəhrəman əsgər, canfədaisi Natiq!
Bəlkə də bir neçə saat sonra öləcəyini bildiyi halda, düşmən əsgər və zabitlərinin arasında nə qədər məğrur, itibaxışlı, dimdik qaldığını bu fotodan da görmək mümkündür. Natiqin gözlərindən sanki ildırım çaxır. Bu ağlasığmaz rahatlığın, özgüvənin, mərdliyin erməniləri qorxuya saldığı aşkardır. Bunu onların üzünə yapışmış, simalarında donmuş heyrətdən görmək olur. Natiq isə rahatdır.
Dindirmədir. Məşhur erməni hərbi strateq, Xocalı qətliamı və soyqırımında əli qana batmış “Vito” ləqəbli Vitali Balasanyan şəxsən özü dindirir Natiq Qasımovu. Kino kimi bir lentdir həqiqətən. Kənardan müşahidə edəndə bu təəssüratı yaradır fotolar. Fəqət real həyatda baş vermiş bir hadisənin tablosudur bu.
Natiqin, eşidəndə tükləri biz-biz edən şücaəti, qorxmazlığı milliyətindən, dinindən, dilindən, rəngindən asılı olmayaraq hər kəsdə xüsusi bir marağa və qəribə insanlıq duyğularına səbəb yaradır, hər kəsi düşündürə bilir – bəli, gözünü qırpmadan ölümün gözünə dik baxan belə nadir adamlar da var. Belə adamlar Azərbaycanda az deyil!
Onun taleyi barədə sənədli film hazırlayan hindistan əsilli Britaniya vətəndaşı Karan Sinq də məhz onda yaranan belə qəribə və səmimi duyğularla yola çıxıbmış. Ərinməyib, bu filmi ərsəyə gətirmək üçün İrəvanda, Qarabağda olub. O filmdə bəzi mətləblərə qismən də olsa aydınlıq gəlir. Sinq o vaxt proseslərin iştirakçısı olmuş ermənilərə sərrast suallar ünvanlamaqla hadisənin təfərrüatını aça bilib.
Çünki britaniyalı kinorejissor və ssenarist Natiqin ələ keçirilməsində, dindirilməsində şəxsən iştirak etmiş, bu günə qədər sağ olan canilərlə müsahibə almağı bacarıb. Aralarında düz danışanı da olub, yalana bürünüb həqiqətdən qaçmaq istəyəni də olub. Əlbəttə, nəticə dəyişməyib. Natiqi bu dindirmədən sonra doğrayıb öldürüblər. Balasanyanın guya onu xatırlamadığı, Azərbaycana geri qaytardıqları barədə dedikləri isə ağ yalandır.
Natiqin, əlində bərk-bərk tutduğu bayrağımız erməni əsirliyində çəkilmiş məşhur fotosunu inanmıram kimsə görməsin, adamın o fotoda belə, düşmən hərbçilərinin əhatəsində belə, simasında elə bir nikbinlik, elə bir ümid var ki, sanki, “…bütün bunlar bir gün bitəcək, bizdən sonra gələn nəsillər heç nə ilə barışmayacaq, işğal olunmuş torpaqlarımız tək-tək azad ediləcək, parçalara bölünmüş Azərbaycan bütövləşəcək, insanlarımız bir gün mütləq xilas olacaqlar, azad olacaqlar” nidası aləmi başına götürüb.
Əslinə qalsa, bildirim ki, elə ermənilər dəli edən, özündən çıxaran, çıldırmaq həddinə çatdıran da Natiqin bu nikbinliyi, əminliyi, inamı olub, başqa heç nə. İndi kəndlərimi, qəsəbə və şəhərlərimiz bir-bir düşmən tapdağından azad edildiyini eşitdikcə, Natiqin simasını parıldadan o nikbin iti baxışları xatırlayıram.
Yerin behişt olsun, ruhun şad olsun, Şəhidim!
Mirzə Rəşad Orbey