Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Bu yeni siyasi konyukturanın əsas aktorları isə Azərbaycan və Türkiyədir.
Ermənistan siyasi hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdır. Bunu Baş nazir Nikol Paşinyanın, xarici işlər naziri Ararat Mirzoyanın və digər rəsmilərin səsləndirdikləri bəyanatlar da təsdiqləyir. Əslində, İrəvanın başqa yolu yoxdur. Ermənistan iqtidarı anlayır ki, Rusiya ilə Ukrayna arasında müharibə başa çatdıqdan sonra hazırkı imkanlar əldən çıxacaq. Rusiya qalib gəlsə, Ermənistana təzyiqlər artacaq. Əks halda isə İrəvan regiondakı “çətirini” itirəcək və “ortalıqda qalacaq”.
Bundan başqa, xüsusilə alternativ qaz təminatı ilə bağlı olaraq Qərbin Azərbaycana marağı artmaqdadır. Rusiyadan qaz idxalına son qoymaq üçün Qərbin Bakıya ehtiyacı var. Və əlbəttə, bu əməkdaşlıq həm də regional proseslərə təsir edir. Deməli, bir sıra Qərb ölkələrinin regional proseslərin Azərbaycanın xeyrinə həllini tapması üçün Ermənistana təzyiq göstərmələri və beləliklə gələcəkdə diplomatik müstəvidə yekun razılıq əldə olunması mümkündür.
Bir müddət əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla Gürcüstanda görüşdü. Bu, ilk vasitəçisiz görüş idi. Dünya liderləri, baş diplomatlarları həmin təması alqışladılar. Bu, ictimaiyyətə açıqlanmasa belə, bəlkə də, baş diplomatlar hansısa razılıq əldə ediblər. Lakin hətta bu, olmasa belə, nazirlərin təkbətək görüşü özü müsbət haldır. Yəqin ki, bu tendensiya gələcəkdə də davam edəcək.
Dediyimiz kimi, Ermənistan iqtidarı yekun müqavilənin imzalanmasında, sərhədlərin müəyyənləşdirilməsində maraqlıdır. Sadəcə Paşinyana mane olan Rusiya qorxusu və daxili siyasi durumdur. Axı rəsmi İrəvan növbəti dəfə Bakı ilə razılığa gəlsə, daxildə müxalifət ayağa qalxacaq və iqtidar üçün ciddi təhlükə yaranacaq. Bu mənada kim zəmanət verə bilər ki, son vaxtlar sərhədin müxtəlif istiqamətlərində, o cümlədən Kəlbəcər istiqamətində təkrarlanan təxribatlar məhz bu amillə bağlı deyil? Bəlkə, ehtimal olunan anti- terror əməliyyatları İrəvana daha çox lazımdır? Nəzərə almaq lazımdır ki, bu zaman hakimiyyət əleyhinə etirazlar daha az ola bilər.
Bir sözlə, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması mümkündür. Lakin bundan əvvəl anti- terror əməliyyatının keçirilməsi və beləliklə, yekun sülhə zəmin yaradılması istisna deyil.
Kənan Novruzov