Prezidentin İtaliya səfərindən gözləntilər – Azərbaycan Roma üçün niyə vacib tərəfdaşdır?

Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə keçirilən üçtərəfli görüşün ardından avqustun 31-də İtaliya Respublikasına işgüzar səfərə yollanıb. İtaliya-Azərbaycan münasibətləri Dövlət başçısının İtaliya səfəri həm də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Ümumiyyətlə, Azərbaycan-İtaliya xalqları çoxəsrlik tarixi keçmişə və ortaq dəyərlərə sahibdir. Tarixdən miras qalan bu dəyərlər bu gün də iki ölkə münasibətlərində özünü göstərir. Əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. Xüsusilə qeyd edilməlidir ki, İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Xüsusilə İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən ölkədir. İtaliyada siyasi böhran Carİ səfər Prezident İlham Əliyevin həm də İtaliyaya sayca 7-ci səfəridir. Bundan əvvəl 2020-ci ilin 19-21 fevral tarixlərində baş tutmuş səfər zamanı iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanmış, bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələrini əhatə edirdi. İmzalanmış sənədlər sırasında isə xüsusilə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” diqqət çəkirdi. Budəfəki səfər isə bir qədər fərqli siyasi proseslər fonunda baş tutub. Məlum olduğu kimi, bir müddət əvvəl İtaliyada daxili siyasi böhran yaşanıb. Qanunvericilik məsələləri ilə əlaqədar partiyalar arasında konsensusa nail ola bilməyən Baş nazir Mario Draqi istefasını elan edib və hökumət vaxtından əvvəl səlahiyyətlərini başa çatdırıb. Sentyabrın 25-də keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərinə qədər hökumət məhdud çərçivədə fəaliyyətini davam etdirir və M.Draqi İtaliya Hökumətinin prezidenti səlahiyyətlərini icra edir. Onu da qeyd edim ki, müvəqqəti hökumət dövründə İtaliyada xarici səfərlər baş tutmur, xarici rəsmi heyətlərlə görüş keçirilmir, daxili və xarici siyasət məsələləri üzrə qərarlar qəbul edilmir. Bununla belə, hökumətin məhdud çərçivədə fəaliyyət göstərməsinə baxmayaraq Prezident İlham Əliyevin işgüzar səfərinin baş tutması İtaliya tərəfinin Azərbaycanın dövlət başçısı və ölkəmizlə strateji əlaqələrə verdiyi böyük önəmin göstəricisidir. Prezidentin forumdakı çıxışı Azərbaycan – İtaliya arasında enerji sahəsində əməkdaşlıq Ölkə başçısı İtaliyaya səfəri çərçivəsində İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirak edib. Qeyd edim ki, 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtalyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə xidmət edir. “The European House – Ambrosetti”, eyni zamanda İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Müxtəlif illərdə Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər. Prezident İlham Əliyev forumda çıxışı zamanı qeyd etdi ki, ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. “Bu il biz qazın həcmini daha da artırmağı və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq”, – deyə Azərbaycan Prezidenti qeyd edib. İtaliya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq artıq uzun müddətdir ki, formalaşıb və bu sahədəki əməkdaşlıq inkişaf etməkdədir. 2020-ci ilin sonuncu ayından etbarən Azərbaycan İtaliyaya mavi qaz nəql edir. Digər tərəfdən, Azərbaycan öz neftini məhz İtaliya vasitəsilə Avropa bazarına çıxarır. TAP layihəsi vasitəsilə Avropaya ümumilikdə 20 milyard kubmetr mavi qaz nəql edilməsi planlaşdırılır. Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur. TAP qaz boru kəməri ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10%-ni qarşılayır. Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin artırılması ilə bağlı Avropa İttifaqı ilə əldə olunan razılaşmanın reallaşdırılması nəticəsində TAP vasitəsilə İtaliyanın qaza olan tələbatının ödənilməsinin iki dəfəyə qədər artacağı gözlənilir.

Müəllif: Politoloq Turan Rzayev