MDB-nin Bişkekdə keçiriləcək sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putinin görüşəcəyi gözlənilir.
Liderlərin müzakirə portfelindəki gündəlik zəngindir: ikitərəfli münasibətlərin irəliyə aparılması ilə yanaşı, İsraillə Fələstin arasındakı davam edən toqquşmaların böyükölçülü regional təsirləri, risklər danışıqların predmeti olacaq.
Prezidentlər onilliklər boyu davam edən konfliktlərin gələcəyinə dair həll yollarını masaya qoyacaq və iki ölkə arasındakı münasibətlərə xələl gəlməməsinə dair düsturları müzakirə edəcəklər.
Əliyevlə Putinin danışıqlarının Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf etməsi ikitərəfli əlaqələrdə möcüzə ilə nəticələnə biləcək trayektoriyaları müəyyən etməyə yardımçı olacaq.
Ermənistan baş naziri Nikol Paşinyanın MDB sammitinə getməkdən imtina etməsi Əliyevlə Putinin danışıqlarındakı Ermənistanla əlaqədar hissələrin perspektiv təsirini qeyd etməyə əsas verir.
Belə ki:
– Azərbaycan bunu Ermənistanın sülh gündəliyindən yayınmaq cəhdi kimi qiymətləndirir;
– Rəsmi Bakı Qazaxın yeddi kəndinin və Naxçıvanın Kərki kəndinin geri qaytarılması şərtlərini aktual saxlayır;
– Rusiya, onsuz da, İrəvanı cəzalandırmaq taktikası üçün yeni üsul və vasitələr axtarır;
– Türkiyədən Zəngəzur dəhlizinin açılması üçün Ermənistana çağırışlar artır;
– Azərbaycanla İran ikitərəfli proqramda gərginlik yarada biləcək mövqelərdən uzaqlaşmağa çalışırlar. Tehran əvvəlki kimi İrəvanı mühafizə etmir.
Qeyd etdiyimiz beş bənddə oyunçuluq qabiliyyəti olanlardan hamısı öz mövqeyini gücləndirməyə çalışır, amma bunun hər biri Ermənistana qarşı davamlı təzyiq dalğasının itmədiyini göstərir.
Rusiya cəhd edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması resepti Kremlin mətbəxində hazırlansın və Qərbin proseslərə müdaxiləsi minimallaşsın.
Bu məsələdə Azərbaycan Rusiyanın mövqeyini tam bölüşməyə bilər, çünki Cənubi Qafqazda Moskvanın təkbaşına təsir mühasirəsi yaratması Bakı üçün məqbul variant deyil.
Kreml üçün cari fürsət Qarabağdakı ermənilərin Azərbaycanın ictimai-siyasi sferasına reinteqrasiya prosesini stimullaşdırmaqdan ötrü rıçaqlar qazanmağa hesablanıb.
Azərbaycan, sadəcə olaraq, öz istədiyi sülhün axtarışındadır – kim ona uyğun təklif və prosedur təklif etsə, bütün bunlara açıqdır.
Azərbaycan, Qərbin regional siyasətindəki problemli gündəliyinə rəğmən, əsasən, Avropa İttifaqının və NATO-nun mövqeyinin sönükləşməsində maraqlı tərəf kimi görünmür.
Çünki Qərbin Cənubi Qafqaz siyasətindəki müəyyən nöqtələr Rusiyanın regional “döyüş qabiliyyəti”ni balanslaşdırır – Bakının niyə həmin məqama üstünlük verməsi diqqətəlayiqdir.
Ümumilikdə Ermənistanın ekzistensial böhranla üzləşməsi fonunda Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının əməliyyat modelinin daralması Azərbaycanın perspektiv üçün əlini xeyli bərkidir.
Çünki Rusiya regiona müdaxilə imkanlarını artıra biləcək alətlərin birindən məhrum olur, Ermənistana gəlincə, vaxtı ilə sülhməramlılara arxayın olsa da, o, böyük məyusluğa düçar oldu.
Əliyev Putinin Ermənistanla əlaqədar gündəliyə aktuallıq qazandırmasının müşayiətində Qarabağdan Rusiya sülhməramlılarının çıxarılmasını təklif edə bilər.
Ancaq bu, reinteqrasiya prosesinin gedişatı ilə əlaqəlidir, Putin mümkün insident halları ilə əlaqədar riskləri göstərərək sülhməramlıların hələ xidmət göstərmək məntiqini təkrarlaya bilər.
Danışıqlarla əlaqədar diqqət edəcəyimiz başqa nüanslar Putinin Moskvada keçirilən enerji həftəsində Azərbaycan, İran, Türkiyə, Qazaxıstan və Türkmənistanla bağlı təsvirləri ilə açılır.
Putinin:
– Azərbaycanın Türkiyədə qaz qovşağının yaradılması layihəsinə maraq göstərməsini deməsi,
– “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunda Rusiya-Azərbaycan-İran arasındakı razılığa diqqət çəkməsi,
– Qazaxıstan və Türkmənistanın “Şimal-Cənub” dəhlizinə marağını qeyd etməsi xeyli dərəcədə genişmiqyaslı planın dövriyyədə olduğunu göstərir.
Aqşin Kərimov, siyasi şərhçi