Oktyabrın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin telefon danışığı baş tutdu.

Liderlərin telefon diplomatiyası üzrə müzakirə portfelində Yaxın Şərqin İsrail-Fələstin cinahında cərəyan edən hadisələr ağırlıq təşkil edib.

Putinlə Ərdoğan HƏMAS-la İsrail arasındakı hərbi eskalasiyanın regionda vəziyyəti kəskinləşdirə biləcəyindən narahatlıqlarını iifadə ediblər.

İlk olaraq diqqəti cəlb edir ki, həm Rusiya, həm də Türkiyə İsraillə münasibətləri pisləşdirmədən HƏMAS-ı terrorçu təşkilat kimi tanımaqdan yayınırlar. Bunun böyük bir ölçüsü var, çünki ayrı-ayrılıqda Türkiyə də, Rusiya da Fələstin münaqişəsinə münasibətlər sistemini HƏMAS amili nəzərə alaraq diqqətdə saxlayırlar.

İndi qalır ki, ayrılıqda olan mövqeləri ikitərəfli münasibətlər sisteminə calaq olunsun – Ərdoğanla Putinin danışıqlarının ana gündəmi səylərin birləşdirilməsi təşəbbüslərinə yönələ bilər.

Ancaq incə bir sərhəd mövcuddur, Türkiyə HƏMAS-ın İsraildə mülki insanları qətlə yetirməsindən narahatdır, burada Ankaranın səmimiyyət tonu qabarıqdır.

Çünki Türkiyənin strateji-qlobal genişlənmə siyasətində təhlükəsizlik, iqtisadi aspektlərlə yanaşı, təhsil, humanitar məsələlər kimi mövzular da prioritet təşkil edir.

Rusiyanın isə humanitar böhrandan danışmaqla bundan məyusluq keçirməsini qeyd etməsinin kökündə dərin narahatlıq yoxdur.

Əksinə Yaxın Şərqdəki gərginlik ocağının qalanması Moskvaya sərf edir. Çünki o, belə hesablayır ki, Qərbin diqqəti Rusiyanın Ukraynada apardığı hərbi kampaniyadan yayınır.

Türkiyə də HƏMAS-ı terror təşkilatı kimi tövsif etmir, ancaq incə bir gediş var – Ankaranın HƏMAS-la münasibətləri əvvəlki illərdəki qədər isti deyil, əksinə məncə, daha da soyuqlaşmağa doğru gedir.

Əlqərəz, Ankara ilə Moskvanın regionda səylərini vahid nöqtəyə vurmaq üçün birləşdirmək təşəbbüsləri hiss olunmaqdadır.

Türkiyə üçün bunun strateji xeyirlərinin canlanmasını onun ABŞ ilə olan münasibətlərindəki nahamarlıqların qalması ilə izah etmək olar.

Düzdür, Türkiyə Qərblə əlaqələrinin dinamikasında xeyli dərəcədə yumşalmağa meyillidir, elə Qərb də NATO çərçivəsində öhdəliklərini nəzərə alaraq Ankaraya olan ritorikasını gərginlikdən uzaq tutmağa çalışır.

Ancaq regional təhlükəsizliklə əlaqədar açıq qalan mövzularda tərəflər öz mövqelərini sıfırlamayıblar və baza prinsiplərindən çıxışa davam edirlər.

İsrailin HƏMAS-la müharibəsinin dalğalı təsirləri fonunda Türkiyənin PKK-ya qarşı mübarizəsinin davam etməsi ABŞ-yə sərfəli variant kimi görünmür. Buna görə də ABŞ-Türkiyə münasibətləri böyük ölçüdə pisləşməkdən uzaq olsa da, qarşıdakı aylarda daha da soyuqlaşa bilər.

Türkiyə belə anda Rusiya ilə əlaqələri kompensasiya edici tərəzi kimi qiymətə mindirir, hərçənd bu münasibət indi ən çox Moskvaya lazımdır.

Kreml yüksək səslə Türkiyə kimi tərəfdaşdan məmnunluğunu ifadə edir və ona sərfəlidir ki, Ankaranın Qərblə münasibətləri daha da pisləşsin. Kreml bu düşüncəyə dala bilər ki, Ankara bu zaman seçimini Rusiya ilə əvəzləyəcək, lakin Türkiyə tərəf seçmir, sadəcə olaraq strateji müvazinətini saxlamaq üçün manevrlər edir.

Yaxın Şərqdəki gərginliyin Suriya cəbhəsinə sıçraması ehtimalları da Türkiyə ilə Rusiyanı yaxınlaşdırmağa sövq edir.

Suriya zolağında Türkiyə ABŞ ilə uyğunlaşma rejimini qura bilməkdə çətinlik çəkir, çünki Vaşinqtonla Ankaranın PKK və onun törəmələrinə qarşı münasibətləri fərqlidir.

Ankara ilə Ağ Ev arasındakı qeyri-şəffaf münasibətlər Türkiyəni Suriya, İraqda daha genişmiqyaslı əməliyyatlara vadar edir. Belə bir planın isə İsrail-Fələstin döyüşlərinin davam etdiyi dövrə təsadüf edəcəyi regionun ipini həssaslaşdırır.

Türkiyə ən azından Rusiyadan istəyir ki, o, Ankaranın hərbi əməliyyatlarına qarşı alternativ ox formalaşdırmasın. Moskva isə qeyd edə bilər ki, bunun əvəzində Ankara Yaxın Şərqdə Rusiyanın strateji həmlələrinə dəstək göstərsin.

Onsuz da İsraillə Fələstin münaqişəsi göstərilən sülh səylərinə rəğmən davam edəcək. Buna görə də beynəlxalq və regional aktorlar münaqişənin risklərindən daha çox imkanlar barədə hesablama aparmaqda maraqlıdırlar.

Burada Rusiya və Türkiyə bir-birinə sövdələşmə ruhunda qarant olmaq təkliflərini vurğulaya bilərlər.

Aqşin Kərimov, Siyasi şərhçi