Görəsən Rusiya prezidenti Vladimir Putin müxalif siyasətçi, “Yabloko” Partiyasının qurucusu Qriqori Yavlinski ilə Kremldə məxfi görüşə niyə ehtiyac duyub? Yavlinski liberal görüşlü siyasətçidir, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin qəti əleyhdarıdır. Putinin onunla tərs fikirdə olan siyasətçi ilə müzakirəyə ehtiyac duymasının konkret səbəbi olmalıdır. Fikrimcə, Kreml sahibi müharibənin dayanıqlı hal almasının hər iki tərəfdən itkilərin daha da artıracağının fərqindədir. Ukrayna müharibəni davam etdirmək üçün daim Qərbdən maliyyə və hərbi texnika almalıdır. Ancaq Qərbdə də Rusiya-Ukrayna müharibəsindən yorğunluq əmələ gəlib. Belə vəziyyətdə Ukrayna və Rusiya masaya qayıtmaq barədə düşünməlidirlər. Ukraynanın baş qərargah rəisi Valeri Zalujnı da son məqaləsində müharibənin davam etdirilməsinin çətinliyinə işarə edib.
Putin Yavlinski ilə görüşməklə daxili və xarici auditoriyaya mesaj verib ki, o Ukraynaya ilə danışıqlara başlamaq variantını nəzərdən keçirir. Putinin Yavlinski ilə görüşdə maraqlı olması həm də Kreml sahibinin Ukraynaya dəstəkdən yorulan Qərbə mesajdır ki, “mən danışıqlara hazıram, Siz də danışıqlar istəyirsinizsə Kiyevi razı salmalısınız”. Ancaq orası da var ki, Kiyevin danışıqlara razılaşması işğalı qeyri-müəyyən müddətə dondurması ilə nəticələnəcək. Putinə də elə bu lazımdır.
Elxan Şahinoğlu, politoloq