Bakının yol nəqliyyat sistemindəki biabırçılığın səbəblərini aradan qaldırmaq əvəzinə nəticələri ilə uğraşır və vəziyyəti daha da ağırlaşdırırlar. Nəticədə varlı olmayan vətəndaşların burada yaşamaq və avtomobil saxlamaq imkanları məhdudlaşır. Bakı dünyada cəmi 1 növ yerüstü ictimai nəqliyyat sistemi olan yeganə iri şəhərdir. Sən əvvəlcə normal ictimai nəqliyyat təşkil edib sonra avtomobil istifadəsini məhdudlaşdıra bilərsən. Vaxtilə fərqli nəqliyyat sistemlərinin qəsdən dağıdılması, ölkə əhalisini paytaxta doluşmağa stimullaşdıran sosial-iqtisadi vəziyyət, Bakının saysız-hesabsız sıx binalarla doldurulması bu günkü vəziyyəti yaradıb.

Ümumiyyətlə problemin fundamental həlli üçün, şəhərin çox hissəsi sökülüb yenidən qurulmalı, əhalinin azı yarısı başqa regionlara yönəldilməlidir. Yoxsa onsuz da dar küçələrin yarısını yarım saatdan bir velosipedçi keçən zolaqlara ayırmaq həll yolu deyil. Bizim camaat velosiped sürən deyil. Sürənlərin də 99 faizi kuryerlərdir. Bütün küçələrin hər iki tərəfini pullu dayanacaq etmək problemi həll etmədi yalnız vətəndaşların amansızcasına soyulmasına səbəb oldu. Əgər şəhəri idarə edə bilmirsinizsə, Yaponiyadan mütəxəssis çağırın gəlib düzəltsin.

Elçin Bayramlı, sosioloq, jurnalist