Sentyabrın 4-ü dünya iqtisadi-siyasi, hərbi çevrələrinin diqqəti Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Soçidə keçirilən görüşünə yönəldi.
Görüş beynəlxalq gündəmə ciddi şəkildə təsir edən və qlobal siyasi sistemi öz orbitindən çıxaran Rusiya-Ukrayna müharibəsinin gedişatının Ankaranın vasitəçiliyi ilə müsbətə doğru yönləndirilməsi baxımından ümidlər yaradırdı.
Lakin Rusiya və Türkiyə liderlərinin görüşündən bir neçə saat əvvəl Rusiya qoşunları Ukraynanın cənubundakı Odessa bölgəsinə pilotsuz təyyarələrlə hücum edərək taxıl infrastrukturuna zərbə vurdular.
Bu fakt Putin-Ərdoğan danışıqlarında “Taxıl sazişi” və bunun arxasında dayanan Rusiya-Ukrayna mümkün danışıqları ilə bağlı hissələrin mürəkkəbliyini qeyd etmək üçün Moskvanın bəhanəsini artırır.
İstənilən halda, görüşdə Putinin Qara dəniz taxıl dəhlizi ilə bağlı şikayətlərini təkrarlaması, Qərbi və Ukraynanı ittiham etməsi fonunda Ərdoğanın vasitəçilik səylərinin əhəmiyyəti daha da qabarıqlaşır.
Bəlkə də, Ərdoğanın Rusiya-Ukrayna müharibəsinin yoluna qoyulması məsələsindəki hakimlik səylərinə Kreml də müəyyən maneələr yaradır.
Çünki bir neçə ay öncə Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünün nəticəsi olaraq Türkiyədə saxlanılan ukraynalı hərbçiləri öz ölkəsinə göndərmişdi.
Bundan əlavə, Rusiyaya qarşı qiymət qazana biləcək digər hərəkət Türkiyənin Finlandiyanın NATO üzvlüyünə qarşı müqavimətini güzəştlər alması əsasında dayandırması, İsveçi də Alyansın üzvü olması üçün ehtiyatda saxlamasıdır.
Bunlar Rusiya ilə Türkiyə arasındakı tərəfdaşlıq və əməkdaşlıq xəttini qırmasa da, iki ölkənin gizli rəqabət müstəvisindəki gərginliyi alovlandıra biləcək hərəkətlərin toplusudur.
Ancaq etiraf etmək mütləqdir ki, Ərdoğanın Rusiya ilə Qərb arasındakı balanslaşdırma aktında əhəmiyyətli dəyişiklik nəzərə çarpmır, bunun özü də Ankara ilə Moskvanın əməkdaşlıq şkalası üzrə yüksəlişlərə nail olmasında baza rolunu saxlayır.
Lakin Ukrayna limanlarından taxılın nəqli məsələsində Ərdoğanın Putini yola gətirməkdə çətinliklə üzləşdiyi görünür, buna görə də Türkiyə lideri rusiyalı həmkarı ilə təmaslarını davam etdirməyi nəzərdə tutur.
Putinin beynəlxalq səviyyədə dəstəklənən “Taxıl sazişi”nin bərpasına qarşı ritorikasını təkrarlaması Ərdoğanla görüşdə az irəliləyiş əldə olunduğunun göstəricisidir.
Danışıqların taxıl ixracı ilə əlaqəli hissələri Türkiyənin Rusiya-Ukrayna müharibəsinin həllindəki vasitəçilik səylərini bloklamasa da, onu labirintə salır.
Bununla belə, nə Ərdoğan, nə də Putin Türkiyə-Rusiya əlaqələrindəki müsbət dinamikanı sönükləşdirmək istəyirlər. Onların:
– Yeni qaz ticarətindən bəhs etmələri;
– Türkiyədə qaz qovşağının yaradılmasını müzakirə etmələri;
– “Akkuyu” Atom Elektrik Stansiyasının birgə istifadəsi barədəki razılıqları irəliyə aparmaları;
– “Mavi axın” və “Türk axını” ilə Türkiyəyə qaz ixracının əhəmiyyətini qabartmaları
Ankara ilə Moskvanın qlobal enerji bazarlarındakı mövqelərini ən yaxşı yerlərə çıxarmaq istəklərindən xəbər verir.
“Qazlı razılıqlar” Rusiya qazının nəqli üçün alternativ paylama marşrutlarını yaratmaq məqsədlərindəki Türkiyənin rolunu və Ankaranın bunun müqabilində Moskvadan qopara biləcəyi güzəştlərin məqsədini təsvir edir.
Ərdoğanla Putin münasibətlərin tempini qorumaq üçün iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 100 milyard dollara hədəfləndiyini tez-tez vurğulayırlar, yəni iqtisadi modeldə səmərəlilik əmsalı əlaqələrə ziyan verə biləcək nöqtələri ört-basdır etməyə yardımçı olur.
Diqqəti çəkə biləcək “pullu” məqam da mövcuddur, belə ki, liderlər ticarət mübadilələrini milli valyutalarla həyata keçirməkdəki israrlarını nəzərə çarpdırırlar, hərçənd, bu, dolların hökmranlıq taxtından düşməməsi səbəbilə problemli məsələdir.
Soçi “qalası”ndakı liderlərin danışıqlarının başqa regional gündəlikləri əhatə etməsi məsələsinə də toxunmaq lazımdır.
Liderlər Yaxın Şərqdəki vəziyyəti, Cənubi Qafqazdakı situasiyanı, Afrikadakı gərginliyi, Əfqanıstandakı böhranı, Mərkəzi Asiya üzrə maraqları da müzakirə masasına yatırıblar, bunun təhlükəsizlik üzrə çalarlarının hansı rəng alacağı zamanla əlaqəlidir.
Xüsusilə Rusiya ilə Türkiyənin Suriya məsələsindəki rəqabət modundakı əməkdaşlığını yenidən koordinasiya etmək cəhdlərinin müşahidə edilməsi bir neçə fərqli siqnal verir.
Birincisi, Putin Türkiyənin Suriya ilə bağlı narahatlıqlarını başa düşdüyünü bildirir, bununla da sətiraltı olaraq Ərdoğana bölünmüş Suriyada yeni əməkdaşlıq formatı təqdim edir. Ankara bu məsələni Türkiyənin Suriyada təhlükəsizlik zonası yaratmaq ideallarına dəstək qazandırmaq yolunda vasitə hesab edir.
İkincisi, Türkiyə ilə Rusiyanın Afrikada qızışan qlobal rəqabət fonunda əməkdaşlıqla rəqabətin sərhədlərini müəyyənləşdirmək çağırışları artır – liderlər Liviyadakı vəziyyətin müzakirəsi fonunda mütləqdir ki, Fransanın regiondan qovulması planlarına işıq salmağa çalışıblar.
Üçüncüsü, Cənubi Qafqaz platformasında Rusiya-Qərb qarşıdurmasının arxa fonunda Türkiyənin səyahət edə biləcəyi zirvələr Qərbin də, Moskvanın da diqqət mərkəzində dayanır.
Razılıqlar və ya sövdələşmələrin xarakteri Cənubi Qafqazda Azərbaycan-Ermənistan gündəliyinə təsirsiz qalmayacaq, bu mənada Bakı-İrəvan proqramından doğan qlobal və regional hərəkətliliyin regionda artacağını proqnozlaşdırmaq mümkündür.
Putin-Ərdoğan görüşünün ertəsi günü Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul etməsi, Ağdam-Xankəndi yolu ilə müzakirələrin aparılması diqqətəlayiq danışıq kimi başa düşülə bilər.
Ümumilikdə hərəkətliliyin motivləri belə ola bilər ki, Azərbaycan sülh üçün tezislərinə yeni çalarlar qataraq onu gündəmə oturdur, bunun nəticəsində Ermənistanın və regionda maraqları toqquşan qüvvələrin nəbzini yoxlayır.
Azərbaycan bu yoxlanışdan sonra çıxarılacaq nəticələrlə Ermənistana qarşı hərb və sülh harmoniyasını təzyiqedici metod kimi fərqli mərhələyə keçirə bilər.
Aqşin Kərimov, Siyasi şərhçi