Rusiya Prezidenti Vladimir Putinin müharibədən öncə baş verən Qarabağ danışıqları haqda dedikləri bizim üçün o qədər də əhəmiyyətli deyil, çünki bu məsələlər artıq keçmişdə qalıb. Bunu indi niyə gündəmə gətirməsinin isə iki mümkün səbəbi görünür:
Birincisi, Moskva Ermənistanda hakimiyyət dəyişikliyinə getmək planını aktivləşdirir, xüsusilə Nikolun son gedişlərindən sonra. Və bu prosesdə “Qarabağ kartı”ndən istifadə istəkləri aydın görünür, Putin, belə demək mümkünsə, fitili yandırır və Paşinyanı hədəf göstərir;
İkincisi, Qarabağın erməni əhalisinin yaşadığı ərazilərin taleyi ilə bağlı son mərhələyə qədəm qoyulub və yaxın dövrdə yekunlaşacağı istisna deyil, Ağdam-Xankəndi marşrutundan ilk keçid bu prosesi bir qədər də yaxınlaşdırdı; Rusiya onu “hami” rolunda görən ermənilərə deyir ki, “biz çox çalışdıq, amma Paşinyan bütün oyunu pozdu” və bununla statusun niyə olmadığını da izah etməyə çalışırlar.
Azərbaycan üçün əsas məqam Qarabağdakı hazırki vəziyyətlə bağlı dedikləridir. Rusiya prezidenti “humanitar problemlərdən, sülhməramlıların mandatından, etnik təmizləmədən” danışır və əlavə edir ki, rəsmi Bakı heç bir etnik təmizləmədə maraqlı deyil. Bu, Azərbaycana həm “kökə”, həm “kötək” göstərmək cəhdidir, yəni vəziyyətə uyğun mövqe sərgiləyəcək və aydın görünür ki, Qarabağda son mərhələ ərəfəsində Moskva bölgədəki maraqları çərçivəsində razılaşmaq istəyir.
Asif Nərimanlı, siyasi şərhçi