Gördüyünüz bu möcüzəli xətti nişanlama Bakının Üzeyir Hacıbəyov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsində qeydə alınıb. Uzun illərdir ki, Üzeyir Hacıbəyov küçəsindən Rəşid Behbudov küçəsinə yalnız sağ zolaqdan dönməyə icazə verilirdi, halbuki bütün axın sağa dönür, düzünə iqtiqamətdə nadir hallarda maşın keçirdi.

Bu yolda həmişə sıxlıq olduğundan sağ zolaqda yer tutmaq qeyri-mümkündür və sürücülər də məcbur olub orta və sol zolaqdan da sağa dönürdülər, bu zaman isə 20 metr qabaqda- Sahil bağının başında peyda olmuş DYP maşını gün ərzində yüzlərlə cərimə yazıb sürücüləri zərərə salırdı.

Uzun müddət davam edən ictimai narazılıqdan sonra burada dəyişiklik etmək qərarına gəldilər. Orta zolaqdan da sağa dönməyə icazə verdilər. Amma sağ zolaqda həm də düzünə işarəsinin qalması burada həm təhlükə, həm də anlaşılmazlıq yaradır. Belə ki, sağ zolaqdakı avtomobillər düzünə gedərsə orta zolaqdakıların sağa dönməsi qeyri-mümkün olur. Nəticədə qarışıqlıq yaranır və insanların səbəbləri korlanır.

Belə yollarda əgər orta zolaqdan sağa dönmə icazəsi varsa, avtomativ olaraq sağ zolaqdan düzünə getmək qadağan edilməlidir. Bizə maraqlıdır ki, yolda bu xətləməni aparanlar həqiqətənmi hərəkəti tənzimləmə qaydalarından və nizamlanmanın məntiqindən xəbərsizdirlər, yoxsa o zolaqda düzünə işarəsini silməyə əriniblərmi? Səbəb hansı biri olur olsun, bu biabırçılıqdır.

Ümidvaram, aidiyyatı orqanlar bu problemin dərhal aradan qaldırılması üçün müvafiq tədbirlər görəcəklər. Məsləhət görürük ki, hər hansı bir iş görülərkən həmin sahəyə aid mütəxəssislərdən istifadə edilsin, ümumiyyətlə belə mütəxəssislər işə götürülsün. Çünki bu kimi qəribəliklərə, ziddiyyətlərə başqa yerlərdə də rast gəlinir və insanlara problem yaradır. Elementar səhvlər və məsuliyyətsizlik çox böyük problemlərin yaranmasına səbəb olur.

Elçin Bayramlı, sosioloq, jurnalist