Aylardır davam edən Rusiya-Ukrayna müharibəsi səngimək bilmir. Rusiya prezidenti Vladimir Putin Ukrayna torpaqlarını işğal etməkdə davam edir. Bu günlərdə Rusiya nüvə qüvvələrini də hazırlıq vəziyyətinə gətirib. Bildiyimiz kimi bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Putinlə danışıqların mümkünsüzlüyünə dair sərəncam imzalayıb. Və bu prosesə Ukrayna böhranında əlavə düyünlər yaranır.
Bu barədə Politoloq Sultan Zahidovun fikirlərini öyrəndik. O bildirdi ki, Zelenskinin bu addımının əsas səbəbi Rusiya prezidenti Vladimir Putinin sentyabrın 30-da Zaporojye, Xerson, Donetsk və Luqansk şəhərlərinin Rusiyaya ilhaqı barədə sərəncam imzalamasıdır: “Sərəncamın mahiyyəti isə ondan ibarət idi ki, Ukrayna əraziləri kimi tanınan Xerson, Zaporojye, Donetsk və Luqansk Rusiyaya birləşdirilsin. Bununla da, Putin rəsmi şəkildə işğlaçılıq siyasəti yürütdüyünü dünya ictimaiyyətinə göstərmiş oldu. Belə olan halda, sözsüz ki, hər hansı bir danışıqlardan söhbət gedə bilməz. Çünki Ukrayna üçün ən vacib prinsip ərazi bütövlüyünün təminidir. Bu, Xerson, Zaporojye, Donetsk, Luqansk və Krımın tam şəkildə Ukraynaya geri qaytarılmasından ibarətdir”. O, həmçinin bu kontekstdə Qarabağ məsələsinə də toxundu: “ Bilirsiniz ki, Qarabağ münaqişəsində uzun müddətdir ki, danışıqlar gedirdi və eyni zamanda da Qarabağın müstəqilliyini kimsə, hətta Ermənistan belə tanımırdı. Sual yarana bilər ki, Ermənistan Qarabağın müstəqilliyini niyə tanımırdı? Əsas səbəb ondan ibarətdir ki, Ermənistan Qarabağın müstəqilliyini tanısaydı artıq danışıqlar üçün bir əsas olmayacaqdı. Beləliklə, danışıqlardan birbaşa imtina etmiş olardıq. Nəticədə, Azərbaycan hakimiyyəti də Zelenskinin atdığı addımı atmış olardı. Amma Ermənistanın belə bir addım atmaması danışıqlar üçün müəyyən qədər əsas verdi. Putin isə bu dörd ərazini işğal edib sonra rəsmən Rusiyaya birləşdirməklə danışıqlar üçün əsas vermədi və belə olan halda Ukraynanın analoji cavab verməyi düşünürəm ki, gözlənilən idi”.

Ekspertin fikrincə, Zelenskinin sərəncamda Rusiyanın yox birbaşa Putinin adını çəkməsi təsadüfi deyil: “Əslində Zelenskinin belə bir ifadə işlətməsi onun dövlət başçısına xas olan liderlik keyfiyyətinin, qətiyyətli biri olmasının nümayişidir. Sözsüz ki, bu çıxışla Zelenski öz qərarlarında əmin olduğunu göstərir və eyni zamanda da onu deməyə çalışır ki, bütün problemlərin səbəbkarı Putindir. Yəni onun Rusiya xalqı ilə heç bir problemi yoxdur. Putin özü Rusiyanı bir bataqlığa salıb. O, olmasa, başqa biri hakimiyyətə gəlsə, sözsüz ki, o zaman danışıqlar masasına oturmaq olar. Amma ilk növbədə Rusiya dörd əraziyə olan iddiadan əl çəkməlidir”.

Politoloq, həmçinin Rusiyada çevriliş ehtimalına da fikir bildirdi: “Hazırda Rusiyada vəziyyət katastrofikdir- həm beynəlxalq arenadan təzyiq olunur, həm iqtisadiyyatı get-gedə zəifləyir, eyni zamanda da müharibə şəraitindədir, insanlar səfərbərlikdən yayınırlar. Belə olan halda, şübhəsiz ki, az olsa da çevriliş ehtimalı var. Nəzərə almaq lazımdır ki, Putin Rusiyada mərkəzləşdirilmiş bir sistem qurub, bütün güc strukturları tabeçiliyindədir. Fikrimcə, xalqın çevriliş etmə ehtimalı azdır. Bəlkə də Putinin ətrafından, yəni rəhbərlikdən ona qarşı nəsə bir çevriliş baş verə bilər. Məsələn, hərbiçilərin çevrilişi daha realdır nəinki xalqın inqilabı”.

Gülşad İbrahimova, BDU Jurnalistika fakültəsinin tələbəsi