Memarı ulu öndər Heydər Əliyev olan müstəqil və qüdrətli Azərbaycan 44 günlük Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında, onun qətiyyəti, yenilməz sərkərdəlik məharəti ilə xalqımıza bəxş olunan bu möhtəşəm Qələbənin sevincini hər bir soydaşımız böyük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq.
İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə həmin ilin dekabrın 10-da keçirilən möhtəşəm və təntənəli paradla əbədiləşdirildi. Qələbəmizin rəmzi kimi ölkəmizin paytaxtı Bakı şəhərində keçirilmiş möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü, işğalçı Ermənistan üzərində tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi qələbənin təcəssümü oldu. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər paradından qeyd etmişdi: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq… Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
Düşmən işğalından Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri tərəfindən orada sancılan Zəfər bayrağı Parada gətirilərək Azərbaycanın İkinci Qarabağ Müharibəsində şanlı qələbəsinin əsas simvolu kimi qürurla nümayiş olunmuşdur. Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazılmış bu möhtəşəm Zəfər ölkə vətəndaşlarının yaddaşına əbədi həkk olundu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi.
İkinci Dünya Müharibəsindən sonra bir ölkənin işğal, terror, faşizm üzərində qələbəsi, işğalçını kapitulyasiyaya məcbur etdikdən sonra keçirdiyi ilk parad, ən yeni tarixdə regional düzəni dəyişən və yeni reallıqlar ortaya qoyan parad idi. Bu parad Cənubi Qafqaz regionunun tək hazırki dövrünün yox, həm də gələcəyi, gələcək münasibətlərinin dizaynını nümayiş etdirən, dostu dost, düşməni isə düşmən gözündə göstərən tarixi hadisə idi və nəhayət bu qalib Ali Baş Komandanın, qalib Ordunun və qalib xalqın paradı idi.
Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında üç mindən çox Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak edirdilər. Qardaşlığın Zəfəri kimi iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür. Vətən müharibsəində əldə etdiyimiz parlaq qələbə təkcə bizim deyil, qardaş və dost Türkiyənin də qələbəsidir. Hər zaman siyasi, mənəvi dəstəyi ilə Azərbaycanın yanında olmağı xalqlarımız arasında da birliyin, bərabərliyin güclənməsinə təkan verir. Bütün dünya bir daha Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının şahidi oldu. “Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”, – deyə Prezident cənab İlham Əliyev paradda çıxışı zamanı bildirmişdi. Türkiyə hərbçilərinin paraddakı keçidi həm də düşmənə verilən növbəti mesaj oldu. Eyni zamanda bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı.
Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilməsi dövlətimizin hərbi qüdrətinin nümayişi idi. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Zəfər paradında nümayiş etdirilən texnikalar Ordumuzun maddi-texniki bazasının zənginliyi dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yeniliklər tətbiq edən ordudur. Bu isə, vətəninə bağlı hər bir vətəndaşımız kimi bütün laçınlılarda da qürur və iftixar hissi doğurur. Ölkədəki bütün siyasi qüvvələri birləşdirən bu Zəfər Azərbaycanın ədalətli və məsuliyyətli mövqeyini nümayiş etdirir. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması, dövlətimizin yalnız öz hərbi və diplomatik gücündən istifadə edərək qanunlarının aliliyini qoruyaraq, tarixi ədaləti lazımi şəkildə bərpa etməsi idi. Ölkə Prezidenti, yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diplomatik səriştəsi, sarsılmaz iradəsi və möhtəşəm liderliyi sayəsində xalqımızın bir yumruq kimi birləşməsi, Qəhrəman Azərbaycan əsgərinin vətəninə, dövlətinə sonsuz sevgisi, hazırlıq səviyyəsi və təchizatı sayəsində, hərbi əməliyyatlar düşmən üzərində inamlı Qələbəsi ilə nəticələndi. Zəfər paradında ölkə rəhbəri tərəfindən: “Türkiyə hər zaman Azərbaycanın yanındadır, bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Zəfər Paradında birgə iştirak da bu birliyimizi həm xalqlarımıza, həm də bütün dünyaya nümayiş etdirdi” deyə qeyd etməsi bu birliyin sarsılmazlığını və əbədiliyini dünyaya nümayiş etdirdi. Bu tarixi Zəfər bütün dünyaya təcavüzkar erməni əsgərinin haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədiyini göstərdi. 44 Günlük Vətən müharibəsində əldə olunmuş Möhtəşəm Qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırılır. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal olmaqla – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olunub. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri yuxarıda qeyd edilən, həmçinin digər orden və medallarla təltif edilib.
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi dövlətimizin və xalqımızın əzmkarlığı nəticəsində Şanlı qələbəni, Vətən müharibəsinin gedişatını müasir təqdimat metodları ilə dünya ictimaiyyətinə çatdırılmasıdır.
Beləliklə Zəfər paradı Azərbaycan beynəlxalq hüquqa sadiq olduğunu nümayiş etdirərək ölkə suverenliyini gücləndirmək, müasir şaxələndirilmiş iqtisadiyyat qurmaq istiqamətində ulu öndər Heydər Əliyev ideyalarının, siyasətinin və həmin ideya, siyasətin Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilərək inkişaf edilməsinin düzgün olduğunu bir daha göstərdi.
Qeyd edək ki, 10 noyabr birgə bəyanata zidd olaraq Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu. Beləliklə, aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. Ən nəhayət cari ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Xalqa müraciətində Prezident İlham Əliyev bidirib ki: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə – hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”. Beləliklə, 15 oktyabr tarixi təqvim günü siyasi iradənin növbəti təntənəsi kimi də Şanlı tariximizə yazıldı. Prezident, Müzəffər Ali Baş komandan cənab İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. 15 okyabr tarixi bir daha dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi.
Son olaraq qeyd edək ki, Tarixi Zəfərimzin üçüncü il dönümü ilə əlaqədar olaraq Xankəndi şəhərində təntənəli hərbi paradın keçirilməsi tarixi qələbəmizin reallığını əyani şəkildə təsdiqlədi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hərbi paradda qalib sərkərdə, qətiyyətli, cəsarətli, uzaqgörən dünya siyasətçisi və dövlət başçısı olduğunu bir daha dünyaya göstərdi. Hərbi paradda Azərbaycan Respublikasının Dövlət Bayrağını və Şuşa şəhərinə sancılan – Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağını, ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqlarının Xankəndi şəhərinin mərkəzi meydanına gətirilməsi Azərbaycan xalqını sevinc göz yaşlarına boğdu. Parad heyətlərinin keçidindən sonra lokal xarakterli antiterror əməliyyatında düşmənin ələ keçirilmiş hərbi texnikaları qoşqular üzərində Xankəndi şəhəri mərkəzi meydana gətirilməsi düşmənə böyük göz dağı oldu.
Paradda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev çıxış edərkən bildirmişdir ki: “Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, Xankəndi şəhərində təşkil olunmuş parada nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik.”
Bir sözlə Xankəndi paradı böyük tarixi qələbəmizin reallığını əyani şəkildə təsdiqlədi.
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri