Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edən prezidentliyə namizəd Zahid Orucun təbliğat-təşviqat kampaniyası çərçivəsində onun vəkilləri Əziz Əlibəyli və İlyas Hüseynov 19 yanvar 2024-cü il tarixində İsmayıllı rayonunda seçicilərlə görüş keçirib.
Hər iki vəkil namizədin platforması ətrafında geniş müzakirə təşkil edərək Zahid Orucun əsas ideyalarını rayon ictimaiyyətinə təqdim edib. Görüşdə namizədin fikirlərinin orijinallığı, Azərbaycanın əsl sərvətinin Azərbaycan insanı olması, bu seçkilərin tarixi-siyasi əhəmiyyəti və bundan sonrakı 100 ilə zəfər işığı salması qeyd olunub.
Görüşdə bildirilib ki, Azərbaycan xalqı zəfər seçkilərinə gedir və yeni respublikanı qurmaq, öz müqəddəratını təyin etmək, iradələrini sivil yolla ifadə etmək üçün seçkilərdə iştirak vacibdir. Bu, həm də ona görə vacibdir ki, 7 fevral seçkiləri Azərbaycan tarixinin sözün əsl mənasında ən əhəmiyyətli seçkisi olacaqdır.
Həmçinin qeyd olunub ki, İsmayıllı rayonu daima əməksevər insanları ilə seçilib, savaşlarda şəhidlər verib, insanları vətənpərvərliyi ilə önə çıxıb və bu, ümid verir ki, bu rayon camaatı seçkilərə də ən yüksək əzm ilə iştirak edəcək, müharibə zamanı göstərdiyi əzmli mövqeni seçkilərdə sivil qaydada iştirakı ilə də göstərəcəkdir.