Prezidentliyə namizəd Zahid Oruc Nəsimi rayonunda seçicilərlə görüş keçirib, platformasını onlara təqdim edib.

Görüşü giriş nitqi ilə açan namizədin vəkili Əziz Əlibəyli bildirib ki, tarixi hadisə baş verməkdədir. Bu gün seçki hadisəsi sıradan bir hüquq proseduru deyil, indiki məqamda, 2024-cü ilin reallıqları prizmasında Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yer tutur, ölkəmizin mövqeyinə, qlobal-regional münasibətlərdə yerinə təsir göstərə biləcək qərar anıdır. Prezidentliyə namizəd Zahid Oruc bildirib ki, Azərbaycanda qalibiyyət adına layiq olan həyat şərtləri təmin olunmalıdır.

Bunun sırasında ilk növbədə təhsilin müasirləşməsi, innovasiyalaşması, müasir standartlara cavab verməsi, ikinci növbədə insanların həyat şəraitlərinin yaxşılaşdırılması, üçüncü növbədə milli ideologiyanın inşası, dördüncü növbədə Azərbaycanı güclü edəcək digər faktorların reallaşması dayanır. İndiki vəziyyətdə Azərbaycan əhalisinin qalibiyyətdən sonra əldə etdiyi enerji, potensial ölkəmizin qalib 100 ilinin inşası üçün böyük imkanlar vəd edir.

Bu mənada namizəd “Qalib gələcəyə hə!” şüarıyla mühüm bir platforma baxışını elan etdi və əsas, ən böyük investisiyanın, dəstəyin xalq tərəfindən verilməli olduğu, xalq resursu üzərindən planların icra olunmağının vacibliyi, bu mənada ən böyük sərvətin xalq olduğu faktoru vurğulandı.