Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin səlahiyyətləri məhdudlaşdırıla bilər. Avropa Şurası Parlament Assambleyası Azərbaycanın səsini dondurmaq niyyətindədir. Belə ki, yanvarın 22-də AŞPA-nın qış sessiyasının açılışında Azərbaycanın nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Səbəb isə guya Azərbaycanda “siyasi məhbuslar”ın olması, ermənilərin Qarabağdan çıxıb getməsi, fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətinin dəvət edilməməsi və digər absurd iddialar.
Yəni, köhnə bayatılar.
Reallıq isə ondan ibarətdir ki, Avropanın gələcəyi ilə bağlı ən vacib qərarları qəbul etməli olan Avropa Şurası əslində ermənipərəst, türkfob və islamofob qüvvələrin “yığnağı”ndan başqa bir şey deyil.
Təşkilata üzv olduğumuz dövrün (2001-ci il) təcrübəsi belə düşünməyə tam əsas verir. Çünki, qurum Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzü, deportasiya və ərazilərimizin işğalı faktına həmişə göz yumub, işğalın aradan qaldırılması, beynəlxalq hüququn bərqərar edilməsi, bir milyondan çox qaçqın və məcburi köçkünün haqlarının qorunması üçün heç bir əməli tədbir görməyib.
Gördüyü “iş” isə yalnız və yalnız quru və heç bir hüquqi qüvvəsi olmayan bəyanatlar vermək olub. Halbuki, ən azından bu gün Azərbaycana qarşı tətbiq etmək istədiyi məhdudiyyətləri işğalçı Ermənistana qarşı tətbiq edə bilərdi.
Belə olan halda isə, Cənab Prezidentimizin də dediyi kimi, Azərbaycan özü, öz gücü və qabiliyyəti ilə beynəlxalq hüququ, suverenliyini və ərazi bütövlüyünü bərpa etmək məcbiriyyətində qaldı. Buna görə AŞ əslində Azərbaycana “sağ ol” deməli idi. Lakin indi bunun tamamilə əksini görürük.
Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdırmaq təklifi ilə artıq yaxşı tanıdığımız Fransanın deyil, Almaniya nümayəndəsinin çıxış etməsi də maraq doğruan nüanslardandır. Bu “mehriban düşmənlər” meydanda Azərbaycan və Türkiyə olanda, bir tandem şəklində yaxşı “paslaşırlar”. Biz Tarixdə biz bunun dəfələrlə şahidi olmuşuq. Bəzi hallarda fransızlar öz istəklərini almanların vasitəsilə, almanlar isə fransızların əli ilə reallaşdırmağa çalışır. Bu səbəbdən xarici siyasət sahəsində ardıcıl uğursuzluqlara düçar olan, nüfuzdan düşən Fransanın Almaniyanı qabağa verib AŞPA-da Azərbaycana qarşı “qışqırtması” heç də təəccüblü görünməməlidir.
Amma qorxulu heç nə yoxdur. Azərbaycan üçün AŞPA-da səsinin “dondurulması”, heç bir əhəmiyyət kəsb etmir. Vaxtilə haqq səsimizi dünyaya çatdırmaq arzusu ilə üzv olduğumuz bu qurum, indi tam mənasız, məişət söhbətlərinin, dedi-qoduların, qeybətin, antitürk və antimüsəlman diskusiyaların baş alıb getdiyi “klub”dən başqa bir şey deyildir.
Ona görə də Almaniya nümayəndəsi tərəfindən verilən təklifin qəbul edəcəyi təqdirdə Azərbaycan nümayəndə heyətinin burada fəaliyyətini dayandıracağı da daxil olmaqla, bir sıra adekvat addımlar atacağı gözləniləndir.
PS. Biz yetmiş il ərzində bir “Şura”dan çəkdiyimizi çəkmişik. Ona görə də daha yetmiş il başqa bir “Şura”nın “kapriz”lərinə dözmək fikrimiz yoxdur.
Fərid Şahbazlı, siyasi şərhçi