Azərbaycanda 7 fevralda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə başa çatandan və “ekzit-poll”un nəticələri elan olunandan dərhal sonra bir çox dövlət başçıları Prezident İlham Əliyevi təbrik etməyə başladılar.
Diplomatik etiket qaydalarına görə, dövlət başçıları, monarxlar, hökumət liderləri yeni seçilən prezidenti təbrik etməlidir, lakin İlham Əliyevə gələn təbriklər arasında diqqətçəkən məqamlar var:
Birincisi, Prezidenti Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şövkət Mirziyayev təbrik etdi.
Mərkəzi Asiya ölkələri liderlərinin Prezidenti ilk təbrik edənlərdən olması bir daha ölkəmizin region dövlətləri ilə münasibətlərinin yüksək səviyyədə inkişafından xəbər verir. Tarixi, mədəni, dini-etnik bağlar hazırda iqtisadi, siyasi, hərbi əməkdaşlıqla pərçimlənib.
Rəsmi Bakı üçün Mərkəzi Asiya ölkələri olduqca vacibdir. Bakı bu ölkələrlə əlaqələri həm beynəlxalq, regional təşkilatlar səviyyəsində, həm də ayrı-ayrılıqda ikili münasibətlər kontekstində inkişaf etdirir. Mərkəzi Asiya ölkələri də bu gün Azərbaycana qiymət verir, münasibətlərin çoxşaxəli inkişafında maraqlıdır. Təsadüfi deyil ki, 44 günlük İkinci Qarabağ müharibəsi, habelə lokal xarakterli antiterror tədbirlər fonunda bu ölkələr Azərbaycana tam dəstək nümayiş etdirmiş, Ermənistanın yaratmağa çalışdığı beynəlxalq təzyiq və sanksiya blokuna qoşulmaqdan imtina etmişdi.
Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrində sevilir, hörmət görür. Bunu onun həmin regiona səfəri zamanı da görmək olur. Əksər region ölkələrinin hökumətləri və dövlət başçıları ilə şəxsi dostluq münasibətləri olan ölkə başçısının yenidən prezident seçilməsi həm də bu baxımdan vacibdir.
İkincisi, Prezidenti Türkiyə, Çin, Rusiya liderləri də təbrik etdilər. Bu üç ölkənin istər region, istərsə də qlobal müstəvidə yeri, çəkisi, nüfuzu hər kəsə bəllidir. Sevindirici haldır ki, hazırda üç ölkə ilə də Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Burada Prezident İlham Əliyevin səyləri, atdığı addımlar və şəxsi bağlantıları müstəsna əhəmiyyət kəsb edir.
Türkiyə Azərbaycanın rəsmi səviyyədə tanınan tək müttəfiqidir. Rusiya ilə isə müxtəlif sahədə əməkdaşlıq edirik, hətta Kremli uğurlu tərəfdaş da adlandırmaq olar. Çinə gəldikdə isə rəsmi Pekin hazırda yeni dünya nizamında aparıcı supergüc və yüksələn ulduzdur. Bakının belə bir güclə birlikdə hərəkət etməsi regionda marağı olan və israrla gərginlik yaratmaq istəyən digər güclərin balanslaşdırılması, habelə çəkindirilməsi baxımdan mühüm önəm daşıyır.
Xüsusilə qeyd edim ki, Çin lideri Si Szinpin Prezident İlham Əliyevi özünün dostu hesab edir. Təbrik məktubunda da bu məqamın vurğulanması bir daha diqqət çəkir. Çin liderinin diplomatik etiket qaydalarından əlavə dostluq faktorunu qabartması olduqca vacibdir.
Bir çox ölkələrin, xüsusilə də üç supergücün dövlət başçısının İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik etməsi Azərbaycanın dünya arenasında hansı əhəmiyyətə malik olduğunu bir daha sübuta yetirir.
Turan Rzayev, politoloq