Tanınmış idmançı və blogger Kamil Zeynallı Rusiyadan Azərbaycana qayıdarkən hava limanında həbs edilib. Belə bir gözlənilməz həbs kim tərəfindən təşkil edilə bilər ? Kamil Zeynallı niyə məhz indi həbs edilib ? Bu hadisədə maraqlı qüvvələr kimlər idi ? 1) Kamil Zeynallının həbsi siyasidir. Bu hadisə şübhəsiz ki, iki dövlət arasında münasibətlərin gərgin qalmasında maraqlı olan qüvvələrin işi idi. Sülh müqaviləsinin imzalanması ərəfəsində belə həbs Rusiyada bu işdə pozucu qüvvələrin olduğunu göstərir. 2) Kamil Zeynallı ona görə indi həbs edilib ki, Münhendə Almaniya kansleri Olaf Şolszun vasitəçili ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş keçirildi və görüşlə bağlı olduqca pozitiv mesajlar verildi. Bu görüşdə münaqişənin həlli istiqamətində mühüm irəliləyişlərin əldə olunduğu barədə məlumat var idi. Görünür ki, bu hall münaqişəni həll etmək istəyən qüvvələri ciddi şəkildə narahat edib.
3) Hadisədə maraqlı qüvvələr çoxdur. Kamil Zeynallının həbsi Rusiyada baş versə də Qərb dövlətlərində də münaqişənin həllinə mane olmaq istəyən qüvvələr var. Fransa nümunəsində biz bunu görürük. Çünki bu qüvvələr Cənubi Qafqazda sülhün əldə edilməsini, işgüzar mühitin formalaşmasını istəmirlər. Buna görə irəli doğru addım atıldığı zaman müxtəlif tərəflərdən belə təxribatçı addımlar görə bilərik. Nəticə olaraq yenə Azərbaycan dövləti revanşistlərin, pozucuların niyyətini puç etdi. Dövlətin məsələyə çevik müdaxiləsi ilə Kamil Zeynallı dərhal azad edildi. Azərbaycan prezidenti cənab İlham Əliyev dəfələrlə hər bir Azərbaycan vətəndaşının onunçün və Azərbaycan dövləti üçün önəmli olduğunu deyib və bunu dəfələrlə sübut edib. Kamil Zeynallının bir neçə saat sonra azad olunması Azərbaycan dövlətinin gücün, İlham Əliyevin şəxsi nüfuzunun nə qədər yüksək olduğunun nümunəsidir. Şübhəsiz ki, heç bir qüvvə Azərbaycana mane ola bilməyəcək. Bölgəyə sülhü məhz Azərbaycan gətirəcək !
Zeynal Əmraliyev