Son dövrlərdə bəzi şəxslərin psixoloq adından istifadə edərək, peşə etikasını pozması, sosial mediada azyaşlı uşaqların foto və videolarını onlara “dəstək” adı altında paylaşması, insanlar arasında birmənalı qarşılanmayıb.
Bu barədə suallara psixoloq Aynur İsgəndərova açıqlamasında aydınlıq gətirib.
Onun fikrincə, bu nəinki düzgün deyil, bir başa qanunsuzluqdur: “Çünki “Psixoloji yardım haqqında” qanunun 10-cu bəndinin 10.1 bəndində yazılıb: “Şəxsin psixoloji vəziyyəti, psixoloji yardım almaq üçün müraciəti, təyin olunmuş psixoloji testlərin nəticələri və ona göstərilən psixoloji yardım haqqında məlumatlar konfidensial hesab edilir”. Psixoloq həmçinin, 10.5 bəndin tələbini xatırlatdı: “Psixoloji yardım göstərən şəxslər konfidensial məlumatların yayılmasına görə qanunla nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. Əgər psixoloq psixoloji xidmətdən istifadə edən vətəndaşın razılığı olmadan onun haqqında olan məlumatı yayarsa, psixoloq vətəndaşın şikayəti ilə məsuliyyətə cəlb oluna bilər”.
O qeyd edib ki, hazırda bəzi psixoloqların fəaliyyətini sosial şəbəkələrdən izləmək mümkündür: “Əlbəttə, aralarında çox yaxşı, işini bilən mütəxəssislər də var. Təəssüf ki, bəziləri də sosial şəbəkələrdə profil adının qarşısına “psixoloq” sözünü əlavə etməklə özünü insanlara psixoloq kimi təqdim edir. Ümumiyyətlə psixoloq olmaq üçün əvvəlcə, psixologiya ixtisası üzrə bakalavr təhsili almaq lazımdır. Sonra magistr təhsilini də alsa, çox yaxşı olar. Amma bununla bitmir”.
Müsahibimizin sözlərinə görə müxtəllif psixodiaqnostika, korreksiya, konsultasiya metodikalarını, terapiya növlərini öyrənmək üçün beynəlxalq səviyyəli təlimlərdə iştirak etmək məqsədəuyğundur: “Bundan başqa superviziyadan (supervayzer tərəfindən yeni başlayan və ya praktik təcrübəsində müəyyən çətinliklər yaşayan psixoloqa qarşılaşdığı çətinlikləri anlayıb məlumat və təcrübə qazanaraq inkişafına kömək prosesi) mütləq keçməlidir deyə əlavə edib.
Başqa sözlə desək “Peşəkar psixoloq” adını qazanmaq üçün illər lazımdır. İndi məni və həmkarlarımı narahat edən bir neçə psixoloji kursdan keçib özünü psixoloq adlandıranlardır. Hazırda psixoloji xidmətə etimad edən, ondan yararlanmaq istəyən insanların sayı əvvəlki illərə nisbətən daha çoxdur. Belə vəziyyətdə “yalançı psixoloqların” artması digər peşəkarların işgüzar nüfuzuna mənfi təsir edir.
O, həmçinin işini etikadan kənar yerinə yetirən psixoloqlara hər hansı bir tədbirlərin görülüb – görülməməsi barədə danışıb:
“Psixoloji xidmət sahəsindəki bu və digər problemlərin aradan qaldırılması məqsədi ilə 2018-ci il 7 dekabrda “Psixoloji yardım haqqında” qanun qəbul edilib. Düşünürəm ki, psixoloji xidmət göstərən bütün psixoloqlar və bu xidmətdən faydalanmaq istəyən hər bir vətəndaş bu qanunla tanış olmalıdır. Çünki, qanun psixoloji xidmətdən yararlanan insanların və psixoloqların hüquqlarını, vəzifələrini müəyyən edir. Məsələn, elə sizin də toxunduğunuz etik qaydalar qanunda öz əksini tapır”.
Vətəndaşlara müraciət edən A.İsgəndərova bildirib ki, bu kimi problemlərin qarşısını almaq üçün öncə insanları maarifləndirmək lazımdır. Bundan başqa, sizin vasitəsinizlə vətəndaşlara demək istəyirəm ki, müraciət etdiyiniz psixoloqdan ixtisas üzrə təhsil aldığını təsdiq edən sənəd (diplom) tələb etsinlər. Həmçinin hansı psixoloji problemlə müraciət ediblərsə, onunla bağlı müraciət etdiyiniz psixoloqun təkmilləşdirmə təlimlərindən keçdiyi ilə də maraqlansalar daha yaxşı olar.
Aysu İbrahimova, BDU Jurnalistika fakültəsinin tələbəsi