Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyunun 18-də keçirdiyi brifinqdə Fransanın Ermənistanı “Caesar” özüyeriyen haubitsaları ilə təchiz etməsini şərh edib. O bildirib ki, Paris Cənubi Qafqazda silahlı qarşıdurmanın növbəti mərhələsini təhrik edir.


M.Zaxarovanın sözlərinə görə, Paris bunu müxtəlif üsullarla edir: “Bu da daha bir addımdır: “Biz bu barədə demişdik. Siz bunun bir daha təsdiqini görürsüz. Fransa rəhbərliyi nə Ermənistanın maraqlarını, nə də hansısa bir xalqın maraqlarını rəhbər tutur. Paris ölkə daxilində və ya ölkələr arasında mövcud fakir ayrılıqlarından, ziddiyyətdən istifadə edərək öz konyuktur məqsədlərinə nail olmaq üçün alət kimi istifadə edir. Öz konyuktur məqsədləri deyəndə, mən təkcə Yelisey sarayının şəxsi maraqlarını deyil, həm də Fransanın NATO ideologiyasının daşıyıcısı kimi nəzərdə tuturam. Məhz buna bu cür yanaşmaq lazımdır”.
Məlum Ermənistanın müdafiə naziri Suren Papikyan bir neçə gün əvvəl Fransaya səfər etmişdi. O, fransız həmkarı Sebastyan Lekornu ilə görüşmüşdü. Səfər çərçivəsində Fransa və Ermənistan arasında birincinin istehsalı olan CAESAR özüyeriyən haubitsaların tədarükünə dair müqavilə imzalandı.


Cənubi Qafqazda “suların durulduğu”, Ermənistanla Azərbaycan arasında birbaşa təmasların başladığı vaxtda rəsmi Parisin yenidən İrəvanı silahlandırmağa başlaması diqqət çəkir. Aydın məsələdir ki, məqsəd ehtimal olunan sülh sazişinin qarşısının alınması və Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad mühitinin formalaşmasına mane olmaqdır.


Diqqətçəkən başqa bir məqam ondan ibarətdir ki, erməni nazirin Fransaya səfəri ərəfəsində Naxçıvan istiqamətində atəşkəs bir neçə gün ard-arda pozuldu. Halbuki uzun müddətdir İrəvan heç bir hərbi təxribata əl atmırdı. Sözügedən provokasiyaların Parisin təsiri ilə törədilməsi, əlbəttə, sadəcə ehtimaldır. Amma istisna da deyil.
Hazırkı şəraitdə Yelisey Sarayı təkcə Paşinyan administrasiyasının “başının altına yastıq qoymur”, həm də onu öz təsiri altına daha çox salır. Məhz belə dəstəklər nəticəsində Parisin İrəvana təsir imkanları artır. Beləliklə, Fransa regionda dayanıqlı sülhə mane olmaq üçün Ermənistandan istifadə edir.
Ermənistanın silahlandırılması regionda sülh idealına mane olmaqla yanaşı, həm də yeni müharibəyə zəmin yaradır. Yada salmaq lazımdır ki, İrəvan daha əvvəl də kənar güclərin, o cümlədən Parisin təsiri ilə aqressiv ritorika ortaya qoyub və buna görə “başı ağrıyıb”. Ermənistan tarixi təcrübədən dərs çıxarmalıdır. Əks halda bu dəfə daha çətin olacaq.


Rəsmi Moskvanın münasibətinə gəldikdə isə bildirməliyik ki, bu, Rusiyanın Cənubi Qafqazla bağlı mövqeyindən xəbər verir.


Ümumiyyətlə, Rusiya və Qərb uzun illərdir ki, Cənubi Qafqazda təsir dairəsi uğrunda mübarizə aparırlar. Bu rəqabətin əsas komponentlərindən biri də tərəflərin bir- birilərini ittiham etməsidir. Yəni M.Zaxarovanın səsləndirdiyi fikirlər Rusiyanın özünün maraqlarının təzahürüdür. Əgər sabah bu maraqlar fərqli ritorika tələb edərsə, Rusiya fərqli açıqlamalar səsləndirə bilər.


Amma fakt ondan ibarətdir ki, Fransanın hazırkı hökuməti, doğrudan da, heç bir regiona xeyir gətirməyib. Rəsmi Parisin işğalçılıq, müstəmləkəçilik siyasəti özünü təkcə Afrika ölkələrində göstərmir. Yelisey Sarayı digər bölgələrə, o cümlədən Cənubi Qafqaza da soxulmağa davam edir. Və bunun üçün Ermənistandan istifadə edir.


Fransanın Ermənistanı silahlandırması Rusiya ilə münasibətlərdə ziddiyyətləri artırır. Çünki bu, Moskvanın maraqlarına uyğun deyil. Həmçinin İrəvan- Moskva xəttində də gərginlik çoxalır. Hər ikisi Bakının maraqlarına uyğundur.


Düşünürəm ki, Azərbaycan bu vəziyyətdən istifadə etməyi bacaracaq. Beləliklə, rəsmi Bakı növbəti dəfə böhranı fürsətə çevirəcək.
Kənan Novruzov