Bildiyiniz kimi, dünən Kayseridə baş verən məlum hadisələrdən sonra, Suriyada Türkiyə Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərdə ciddi ixtişașlar yașanmaqdadır: müxaliflərin nəzarətində olan Şimali Suriya ərazisində Türk bayraqları endirilir, cırılır, yandırılır, Türk dövlət nişanlı avtomobillərə, dövlət idarələrində çalışan əməkdaşlara hücumlar edilir, türk ordusu mənsublarına qarşı provokativ addımlar atılır. Baş verənlərin miqyası, mütəşəkkilliyi onu deməyə əsas verir ki, olanlar yaxşı düșünülüb və əvvəldən planlaşdırılıb, Kayseri olayları isə sadəcə bəhanədir.

Ixtişaşların hansı proseslərin fonunda baș verdiyinə diqqət etdiyimizdə, arxasında hansı qüvvələrin durduğunu da aydın gőrmək olar.

Son dövrlərdə Türkiyə ilə Əsəd arasında buzların əriməsi prosesi və proses çərçivəsində Rusiya ilə razılaşmalar və yaxınlaşmalar baş verirdi. Eyni zamanda qeyri-rəsmi məlumatlara gőrə, Türkiyə-Suriya (Əsəd) münasibətlərinin normallaşması məqsədi ilə yaxın vaxtlarda Bağdadda görüş nəzərdə tutulurdu. Baș verən hadisələr isə bu prosesləri ertələyə, hətta ciddi əngəl yarada bilər. Nəzərə almaq lazımdır ki, həmin əraziləri TSK-nın yardımı ilə nəzarətdə saxlayan və Əsəd rejiminə müxalif olan Azad Suriya Ordusudur. Bu həmin ASO-dur ki, ABŞ tərəfindən tam dəstəklənir və mümkün Ankara-Dəməşq dialoqunun qurulması, hələ bu həm də Rusiyanın müəyyən vasitəçiliyi ilə edilirsə, nə Vaşinqtonun, nə də dəstəklədiyi qüvvələrin maraqlarına cavab verir. Yəni yaşananlar həm də Ankaraya bir təzyiqdir.

Baş verən hadisələr eyni zamanda Türk ordusu tərəfindən son günlərdə İraqın şimalında ciddi zərbələr alan PKK və ona yaxın olan bőlücü kürd terror qruplaşmalarının (Suriya – YPG, İran – PJAK) da marağındadır. Belə ki, Türkiyənin Suriyanın şimalından çıxması adları qeyd olunan bőlücü terror qruplaşmalarına həmin ərazilərə sızma üçün münbit zəmin hazırlaya, eyni zamanda türk silahlı qüvvələrinin qonşu İraqın şimalında apardıqları əməliyyatların effektliyini azalda bilər.

Vüqar Zifəroğlu