Dəfələrlə yazmışam və demişəm: mürəkkəb məsələlərin sadə həlli olmur.

İldırımsürətli həlli isə heç olmur.

…Əgər biz düşünsək ki, şəhidlər nahaq yerə canından keçib, bu, elə şəhidlərin özlərinə qarşı da ədalətsizlik olar (belə düşünənlər və yazanlar var).

O məntiqlə gərək deyək ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini quranların da əziyyəti hədər gedib. Onda gərək deyək ki, 1920-ci ilin mayında Gəncədə bolşevik hakimiyyətinə dirəniş göstərənlərin də qanı batıb. Elə deyil.

Əgər qurucu babalarımız 105 il əvvəl bir müstəqil dövlət, bir respublika qurmuş olmasaydı, 1922-ci ildə biz Sovet İttifaqının tərkibinə formal da olsa, dövlət atributları – öz himni, bayrağı, herbi, paytaxtı, sərhədləri və ayrılmaq hüququ olan müttəfiq respublika kimi deyil, bunlarsız bir əyalət ərazi vahidi kimi daxil olardıq. Biz 1991-ci ildə müstəqil dövlətçiliyimizi necə bərpa etdik?! Bax, həmin bu ayrılmaq hüququ ilə və formal atributlar üzərindən. Müstəqillik haqqında Konstitusiya Aktında da yazdıq ki, Azərbaycan Respublikası həmin o 23 ay yaşamış Cümhuriyyətin tarixi, siyasi varisidir.

Bəlkə bir az uzaqdan gəldim, ya da çox uzağa getdim. Demək istədiyim mətləb budur: indi Qarabağdakı separatçı pozuntularının da, onlara yaxından-uzaqdan arxa çıxanların da tək silahı girova çevirdikləri o mülki əhalidir. “Dinc əhali” deyə bilmirəm. Çünki beyinləri zəhərlənib. Ən azı son yüz ildə onlara elə böyük xəyallar veriblər ki, o xəyallardan əl çəkə bilmir bu camaat. Elə bilir, monoetnik ortamda yaşamasa, yaşamayacaq. O zəhərli beyinlərlə Ermənistanı da monoetnik siyasi coğrafiyaya çevirdilər. Eyni cür – monoetnik dövlət xülyasını Qarabağ dağlarında da qurmağa çalışdılar. Xəstə təfəkkürdür də. Nə etmək olar?!

Ailədə uşaqlardan birində əqli zəiflik, ruhi xəstəlik varsa, ailə nə edir?! Ondan imtina edir, yoxsa ağır-ağrılı da olsa, stasionara yatırıb sağaltmağa, yenidən ailəyə sağlam can qazandırmağa çalışır?!

Əlbəttə, ağıllı, mərhəmətli ailə başçıları ikinci yolu seçər. Eynən bizim dövlətimizin indi etdiyi kimi. Orda minlərlə mülki şəxs var. Həm də mülki əhalinin çoxuna silah da paylanıb. Emosional qərarlarla getsək, daha çox hərbi qulluqçumuzun həyatını təhlükəyə atmış olarıq. Eyni zamanda bu əhali faktorunu Azərbaycanı sanksiyalarla boğmaq üçün alətə çevirib düşmən.

Həm də axı biz haqlı olaraq deyirik ki, Qarabağın erməniəsilli əhalisi girovdur. Terrorçuların, separatçıların girovudur; onları qidalandıran geosiyasi oyunçuların və oyunbazların partlayıcı dolu oyuncağıdır.

Bəs girovları necə azad edəcəksən?! Əlbəttə, ağıllı, təmkinli üsullarla. Lazım gələndə danışıq da aparacaqsan, gərək olduqda, girovların həyatına zərər vermədən güc də tətbiq edərsən…

Üzülürəm, yanıram: şəhidlərimiz çoxdur. Yaralılarımız çoxdur. Bir nəfər olsa belə, yenə çoxdur. Hamısı bizim üçün əzizdir.

Bəli, bu savaşı biz başlatmadıq, amma biz bitirəcəyik.

“Əsgərimin, zabitimin, polisimin, qanına qəltan edilmiş dinc insanımın qanı yerdə qalmasın, əziyyəti hədər getməsin” deyirsiniz.

Düz deyirsiniz.

Onun üçün dövlətimiz, ordumuz, bütün təhlükəsizlik qüvvələrimiz, diplomatiyamız səbirli, səriştəli, səliqəli işləməyə çalışır və qəti əminəm ki, səmərəli nəticə də olacaq.

Bir çoxlarımız 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə 44 günlük müharibə dayananda da Ağdamın, Kəlbəcərin, Laçının azad olunacağına inanmırdılar. Bəli, onda da cılız oyunlar qurulurdu; əlavə vaxt da istədilər, verdik və sair. Ancaq sonda həmin bölgələri döyüşsüz aldıq. Bu dəfə də Xankəndini, Ağdərəni, Xocalını, Xocavəndi, Əskəranı, bütün qalan kəndləri elə alacağıq. Buna bütün varlığımla inanıram.

Bəli, mürəkkəb məsələlərin həlli də çətin olur – mürəkkəb üsul və kombinasiyalar tələb edir.

Əminəm ki, bu məyusluğunuz, pessimist düşüncəniz itkilərimizin verdiyi acıdan və Vətən sevgisindən doğur.

Xüsusi məqsədləri və qərəzi olanları demirəm. Millətinə aşiq, dövlətinə sadiq çoxluqdan danışıram mən.

Odur ki, həmişə dediyim kimi: Vətəni dəlicəsinə sevmək olar, ancaq Vətənə ağılla xidmət edəcəksən. Bunun alternativi yoxdur.

Mən qəti əminəm ki, şəhidlərimiz bizə çox böyük bir qələbə bəxş etdilər. Bu hərbi qələbə üzərindən hərəkətlə biz bütün Qarabağ dağlarını da azad edəcəyik, faktik girovluqda olan mülki insanları da xilas edəcəyik.

Hə, kim bizim kömək üçün uzatdığımız əlimizi tutmayacaqsa, ona da çıxış qapısını çoxdan göstərmişik.

“Səni sevəcəyəm, sən sevməsən də” siyasəti olmayacaq.

…Dünən çörəyimizdən imtina edənlər bu gün bizdən çörək istəməyə gəlir.

Hələ təkcə bu faktın özü də çox şey deyir.

Asan olacaq deyə illüziyamız yoxdur. Doğrudur, asan olmayacaq. Ancaq sonda hər şey gözəl olacaq.

Bədbin olmaq məğlubiyyətin, inanmaq qələbənin yarısıdır. Mən heç kor inamın da tərəfdarı deyiləm. Heç vaxt da əmin olmadığımı heç kimə təqin etməyə çalışmadım. Bu dəfə qəti qələbəyə inanıram. Çünki…

Çünki qələbə qazanmaqdan başqa yolumuz da yoxdur!

Bahəddin Həzi, jurnalist