2024-cü il Olimpiya Oyunlarının qalmaqallı açılış mərasimi Fransa hakimiyyətinin və şəxsən Prezident Emmanuel Makronun informasiya və mədəni uğursuzluğudur. Olimpiya Oyunlarının açılış mərasimi bayağılığın, mədəniyyətsizliyin, əxlaqsızlığın, dəyərlər yoxsulluğunun nümayişi idi və bu həm də Fransa cəmiyyətinin tənəzzülünü əks etdirdi. Son illər Emmanuel Makronun kadrları olan Fransa hökumətində qeyri-ənənəvi cinsi oriyentasiyasına malik çoxsaylı məmurların mövcudluğu olimpiadanın açılışında da özünü büruzə verdi.
Fransa prezidenti Emmanuel Makron tamaşadan həvəslə danışır və onu fəxr ediləsi bir hal adlandırır. Fransa hökuməti mərasimdə qeyri-ənənəvi cinsi oriyentasiyanın nümayişini guya azad düşüncənin dəstəklənməsi kimi təqdim edir. İlk günlər Fransa hökuməti bu biabırçılığı guya inklüzivlik və sosial, irqi və gender ədalətliliyinə sadiqliyinin dünyaya nümayişi kimi təqdim edirdi. Amma əslində isə təqdimat şousu bütün dünyada xristian dindarların və ənənəvi dəyərlərin tərəfdarlarının təhqir olunması idi. Bütün dünyada həm dini dairələrin, həm də beynəlxalq ictimaiyyətin sərt reaksiyasını gördükdən sonra isə Fransa dövləti geri çəkilməyə məcbur qaldı.
Qeyd edim ki, fransalı katolik hüquqşünas Fabrice de Vizio xristianlığı təhqir etdiyi üçün Paris Olimpiya Oyunlarının açılış mərasimindəki şouya görə Fransa məhkəməsində iddia qaldırıb. Hüquqşünas, həmçinin dini zəmində istehza və ayrı-seçkilikdən qorunmağa zəmanət verən sazişin yaradılması imkanlarına baxılması xahişi ilə BMT-nin İnsan Hüquqları Komitəsinə müraciət edib. Vizio açılış mərasiminin şousunun milyardlarla insanın inanclarını necə ələ saldığına görə Fransa dövlətinin məsuliyyət daşıdığını vurğulayıb və bütün dünyada xristianlara dəyən mənəvi ziyanla bağlı inzibati məhkəmə hakiminin fikrini öyrənmək istədiyini bildirib. O, həmçinin bildirib ki, bu məsələ ilə bağlı cinayət işinin açılması üçün Paris prokurorluğunda ayrıca iddia qaldırmaq niyyətindədir.
Fabrice de Vizionu müxtəlif ölkələrdən xristianlar, müsəlmanlar və hətta ateistlər daxil olmaqla 2600 hüquqşünas dəstəkləyib və Paris Olimpiya Oyunları açılış mərasiminə qarşı iddiasında iştirak etmək arzusunu ifadə ediblər. Məsələnin Fransa dövləti adından məqsədli təşkil olmasını sübut edən məqamları isə gözardı etmək mümkün deyil. Açılış mərasiminin ssenarisini Beynəlxalq Olimpiya Komitəsi və Fransa dövləti adından təşkilat komitəsi təsdiqləyib.
Tamaşanın konsepsiyasını BOK təsdiqləyib və icrası təşkilat komitəsi tərəfindən təmin edilmişdir. Beynəlxalq ictimaiyyətin təzyiqinə tuş gəldikdən sonra isə Fransa dövləti geri çəkilməyə məcbur qalıb. Fransa Olimpiya Komitəsi artıq bütün dünyada müəllif hüquqları qanunlarına istinad edərək özünün satanist, trans və okultik mərasiminin görüntülərini silmək üçün çox çalışır.
Yeganə HACIYEVA, politoloq