Bütün müharibələrin təməl səbəbləri var, yəni bu gün dünyada təsadüfən heç nə baş vermir. Əksər hadisələrin ssenarisi Qərbmərkəzli təşkilatlarda hazırlanır. Biz daha çox ikinci, üçüncü dərəcəli məsələlər üzərində dayanır, problemin kökünə deyil, detallara önəm veririk.
Mərkəzi Asiya regionunun hədəfdə olması, Ukrayna savaşı, Tayvan, Yunanıstan üzərindən yaradılan gərginliklər və Ermənistanı “barıt çəlləyinə” çevirmə planları eyni ssenarinin tərkib hissəsidir: “Dollarmərkəzli qlobal maliyyə təsisatlarının çöküş prosesi dövlətləri faizə sürükləyərək nəzarətində saxlamağa çalışan qlobal sistemin dünya hakimiyyətinin sona çatması deməkdir. Bu gün BRİKS, Avrasiya İqtisadi İttifaqı və s. kimi alternativlərin yaradılması da yeni dünyada dövlətlərin söz sahibinə çevrilməsinə, qlobal faiz boyunduruğundan xilas olmağa hesablanıb.
Təbii ki, dünya hakimiyyətinin bitməsinə razı olmayan qlobal maliyyə təsisatları planetin hər tərəfində qan axmasına, xaosa, hərbi qarşıdurmaların, süni problemlərin yaradılmasına çalışırlar. Bu prosesə qarşı dövlətlər yeni ittifaqların təməllərini atırlar. Bu ittifaqları əngəlləmək, qlobal soyğun mexanizminin kontrolunda olan yeni maliyyə sistemini həyata keçirmək, dövlətləri buna məcbur etmək və beləliklə də çökməkdə olan petrodollar sistemini öz nəzarətlərində olan yeni maliyyə sistemi ilə əvəzləməyə çalışırlar. Dövlətlər isə ittifaqlar formalaşdıraraq buna qarşı çıxırlar. Rusiya başda olmaqla BRİKS-in daimi üzvü olan ölkələr, həmçinin Türkiyə və s. kimi dövlətlər isə artıq yeni dünyada dövlətlərin rolunun həlledici səviyyədə artırılmasına hesablanan fəaliyyət yürüdürlər.
ABŞ-ın daxilində də bu mexanizmi, yəni dövlətlərin rolunun artırılmasını dəstəkləyən güclər var. Xüsusilə böyük sənaye müəssisələri hesab edir ki, dünyanı real iqtisadiyyata əsaslanan dövlətlər idarə etməli, heç bir istehsalla məşğul olmayan, yalnız dollar çap edən, şişirdilmiş, süni faiz sistemi dövlətlərin yaxasından düşməlidir. Donald Tramp məhz bu xəttin təmsilçisidir. Bunun nəticəsi olaraq FED-in idarə etdiyi hazırkı ABŞ hakimiyyəti və onun diktəsi ilə hərəkət edən müəyyən Qərb dövlətləri dünyada müxtəlif problemlər yaratmaqla bu prosesi dayandırmağa çalışır.
Ukrayna dövlətinin və xalqının hesabına Rusiyanı çökdürməklə planlarının birinci mərhələsini reallaşdırmaq istəyirlər. Yəni hesab edirlər ki, Rusiya çökərsə, Avrasiya İqtisadi İttifaqı və BRİKS də uğursuzluğa düçar olacaq. Hazırda məqsəd prosesi Rusiyanın içərisinə daşımaq və daxildən çökdürməkdir. Amma göründüyü kimi bu plan özünü doğrultmur.
Eyni zamanda region dövlətlərindən son zamanlara qədər Qərblə əməkdaşlıq edən Gürcüstan da artıq Rusiya ilə münasibətlərini düzəltməyə çalışır və xarici siyasətini dəyişir ki, bu da Qərbi ciddi şəkildə narahat edir Bu proseslər fonunda Ermənistanın bir alət olaraq əhəmiyyəti Qərb üçün daha da artır. Sülh sazişinə mane olmaq, Ermənistana şirnikləndirici vədlər vermək, uyğun geosiyasi zəminin yaranacağına inandırmaq, silahlandırmaq və təzyiq və təhdid etməklə Ermənistan hökumətini idarə edirlər. Nəticə olaraq da sülh sazişinin perspektivi azalır, yeni eskalasiya riskləri artır, Ermənistan üzərindən bölgəni qarışdırmaqla Azərbaycan başda olmaqla bütün regionu qarşıdurma ocağına çevirməyə çalışırlar. Bu isə Ermənistanı daha çətin duruma salır və dövlətçiliyini təhdid edir. İstənilən halda bunun faydası olmayacaq və sonda ədalət zəfər qazanacaq.
Əli Zülfüqarlı, siyasi analitik