Ötən həftə Mərkəzi Bankın açıqladığı rəqəmlərə inansaq bu göstərici pərakəndə ticarətin təxminən 70%-dir.

Yəni MB deyir ki, qanunvericilikdə nəzərdə tutulan qaydada elektron ticarət əməliyyatlarının ötən ilki dövriyyəsi 40 milyard olub.

Nəzərə alsaq ki, ölkədə pərakəndə ticarət dövriyyəsi 60 milyard civarındadır, onda məlum olur ki bizdə az qala bütün alış-veriş e-ticarət üzərindəymiş.

Düşünürəm ki, bu doğru yanaşma deyil.

Əlbəttə MB deyə bilər ki, Elektron ticarət haqqında qanunda göstərilənləri nəzərə alıblar. Yəni rəqəmsal mühitdə, nəqdsiz baş verən bütün əməliyyatları e-ticarət olaraq qəbul ediblər.

Amma e-ticarət dövriyyəsi ilə bağlı beynəlxalq metodika tam fərqlidir.

Qonşu ölkələrdə də bir neçə illər öncə bu tip problemlər vardı. Lakin onlar artıq bu mərhələni keçiblər. Metodikalarını beynəlxalq standartlara uyğunlaşdırıblar.

Məsələn, hazırda daha sürətlə inkişaf edən Qazaxıstanda e-ticarət dövriyyəsinin rəsmi göstericisi 12%-dir.

Düşünürəm ki, Dövlət Statistika Komitəsi e-ticarətin hesablanması metodikasına, “70% e-ticarət dövriyyəsi” məsələsinə aydınlıq gətirməlidir. Əsasən ölkə daxili və ölkə xarici real alış-veriş əsas götürülməlidir.

Osman Gündüz, İKT mütəxəssisi