Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov “RBK Ukraina”ya müsahibəsində ordunun həlledici döyüşlərə hazırlaşdığını bildirib. O bildirib ki, Ukraynanın müasir tarixi üçün əlamətdar döyüşlər yaxın vaxtda başlayacaq:
“Bu, faktdır. Hamı bunu başa düşür. Biz istəyirik ki, Qərb silah tədarükünü intensivləşdirsin, amma bu olmasa belə, biz əlimizdə olan silahlarla irəli gedəcəyik”.
Budanov həlledici döyüşlər kimi xarakterizə etdiyi əməliyyatların konkret nə vaxt başlayacağını açıqlamayıb.

Daha əvvəl Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski Silahlı Qüvvələrin yaxın vaxtda əks-hücum əməliyyatına başlayacağını bildirmişdilər. Amma əks-hücum əməliyyatlarına nə vaxt start veriləcəyi indiyədək məlum deyil. Görünür, əks-hücum əməliyyatlarının başlanması bir sıra ciddi məqamlardan asılıdır. Əvvəllər də dediyimiz kimi, ola bilsin, bu məsələdə Vaşinqtonla Kiyevin fikirləri üst-üstə düşmür. Hətta mümkündür ki, Ukrayna ABŞ-a tam güvənmir.


K. Budanovun dedikləri də əslində ehtimal olunan əks-hücumlar aspektindən qiymətləndirilməlidir. Heç şübhəsiz, Baş Kəşfiyyat İdarəsinin rəisi də məhz buna işarə vurub.
Əlbəttə, verilən bəyanatlar həm də informasiya müharibəsinin tərkib hissəsidir. Bunu heç vaxt unutmaq olmaz. Rəsmi şəxslərin dedikləri ilk növbədə daxili və beynəlxalq ictimai rəyin formalaşmasına hesablanıb. Bütün açıqlamalara məhz bu aspektdən yanaşmaq lazımdır.
Əvvəllər də dediyimiz kimi, Ukrayna əks- hücum əməliyyatları üçün tələsməlidir. Çünki xüsusilə Donetsk vilayətinin Baxmut şəhərində Rusiya getdikcə irəliləyir. İndi zaman Ukraynanın əleyhinə işləyir. Rusiya bütün imkanları ilə şəhəri ələ keçirməyə, beləliklə də, Donetskə nəzarəti təmin etməyə çalışır. Ukrayna nə qədər tez hərəkətə keçərsə, rusları Baxmutdan çıxarmaq bir o qədər asan olar. Əks halda Rusiya ordusunun Baxmuta nəzarəti tamamilə təmin etməsi utopiya deyil.


Düşünürəm ki, əks – hücum əməliyyatları yaxın günlərdə başlayacaq. Və bu əməliyyatlar ya Baxmutda, ya da müharibənin “şah damarı” hesab olunan Krım yarımadasında ciddi nəticələrlə yadda qalacaq.
Budanovun açıqlamasında diqqət çəkən başqa bir məqam onun Qərbin silah tədarükü ilə bağlı dedikləridir. Müdafiə Nazirliyinin nümayəndəsi “biz istəyirik ki, Qərb silah tədarükünü intensivləşdirsin, amma bu olmasa belə, biz əlimizdə olan silahlarla irəli gedəcəyik” sözləri ilə demək istəyib ki, Kiyev Vaşinqtondan və digər üçüncü dövlətdən asılı deyil. Amma etiraf etməliyik ki, Ukraynanın əks- hücum əməliyyatlarına başlamasında və bu əməliyyatların effektivliyində Qərbin dəstəyi, o cümlədən silah tədarükü mühüm rol oynayacaq. İndi çox şey Ağ evin mövqeyindən asılıdır. Əgər ABŞ Ukraynanı lazımi səviyyədə dəstəkləyərsə, əks- hücum əməliyyatları uğurlu ola və savaşın taleyi həll edilə bilər. Hərçənd bu versiyanın əksi də mümkündür.
Kənan Novruzov