Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Dövlət Başçıları Şurası 7 Oktyabr 2025-ci ildə Azərbaycanın Qəbələ şəhərində keçirilən görüşü  Zirvənin geosiyasi əhəmiyyəti onun yerləşdiyi məkan və seçilmiş mövzu ilə sıx bağlıdır. Görüşün əsas mövzusu “Regional Sülh və Təhlükəsizlik” olaraq müəyyən edilib.

Zirvə Görüşünün Qəbələdə keçirilməsi, yəni mərkəzi Bakıdan kənarda regional inkişafın və strateji əhəmiyyətli periferik ərazilərin vurğulanması baxımından mühüm siyasi mesaj daşıyır. Yüksək səviyyəli iştirakçılar (Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, müşahidəçi Türkmənistan və Macarıstan) Təşkilatın Trans-Avrasiya əlaqələndiricisi rolunun və diplomatik çəkisinin gücləndiyini təsdiqləyir. Xüsusilə, Macarıstan Baş naziri Viktor Orbanın müşahidəçi statusunda iştirakı, TDT-nin Avropa İttifaqı (Aİ) daxilində strateji təsir kanalları yaratmaq niyyətini nümayiş etdirir, bu da Təşkilatın qlobal ambisiyalarının coğrafi əhatəsini genişləndirir.

Zirvə görüşü çərçivəsində çıxış edən Ev Sahibi Prezident İlham Əliyev TDT üçün müstəsna mesajlar verərək, qurumun oynadığı rolu və vizyonu ətraflı formada ifadə edib.

Onun çıxışında tədbirin keçirildiyi şəhərin – Qəbələnin xüsusi təsnifatı və tarixi Qafqaz Albaniyası vurğusu son dövrlərdə tarix və dövr üzərindən manipulyasiya edən yad tarixi tezislərə ciddi sillə olmaqla yanaşı, türk dünyasının da ən birləşdirici və qədim xalqlarında biri kimi ölkəmizin  keçmiş dövrünə diqqət çəkir.

Bakının siyasi mərkəz kimi rolunun artıq Şuşa, Xankəndi, Naxçıvan, Qəbələ və ya digər qədim şəhərlərimizə ötürülməsinin səbəbləri kimi əsaslı formada sərhəd bölgəsinin inkişafını nümayiş etdirir, təkcə Mərkəzin yox, sərhəd xəttinin sonuncu qapısına qədər təhlükəsiz və sabitlik fonunda xüsusilə post-müharibə dövrünün ən böyük misalı kimi ön plana çıxır.

Ayrıca, bir türk dövlətinin Qafqaz kimliyi ilə təqdimatı üzü Qərbə doğru, xüsusilə də Macarıstan kimi dövlətlərlə tarixi bağ qurmaq nəzərindən geostrateji əlaqə nöqtəsini ortaya qoymaqdadır.

Prezidentin nitqində dəfələrlə “Türk dövlətləri bir arada” məhz “Azərbaycanda” qurultay keçirməsinin əhəmiyyəti ön plana çəkildi. O bildirdi ki, bu gün TDT hansısa əməkdaşlıq və ya müzakirə platforması deyil, TDT birbaşa olduqca mühüm geosiyasi mərkəzdir. Hətta Azərbaycanın bu qurumun güclü institusional təsisatı üçün maliyyə ayırmasını xüsusi vurğulaması o demək idi ki, müasir dünyada dağılan qlobal sistemdə birləşən və güclənən türk mərkəzi varlığı həlledici amilə çevrilib və çıxışın dinləyiciləri, analiz göstərir ki, bu mühüm regional gücün qloballaşmasının memarı da məhz Azərbaycan rəhbəridir.

TDT-nı qlobal gücə çevirən amillər isə artıq bir çox böyük mərkəzlər üçün əlçatan detallara daxil deyil.

Çünki daxili iqtisadi və siyasi sabitlik bir çox dünya ölkəsinin milli probleminə çevrilib, o cümlədən bizim regionda bir çox qonşu dövlətlərin daxili siyasi həyatında ciddi təlatümlər yaşanmaqdadır. Lakin Türk dünyası əməkdaşlıq üzərindən bu prosesləri çox rahat formada dəf edərək, inkişaf yolu ilə güclü şəkildə irəliləyir.  Macarıstanın Avropadakı varlığı ilə Türküstan coğrafiyası arasında yer alan Azərbaycan faktiki olaraq toqquşan Şərq- Qərb sivilizasiyaları arasında qalan yeganə əməkdaşlıq koridorudur. Bunu bizim Şimal və Cənub sərhədlərimiz istiqamətində baxanda aydın görə bilərik. Bu mövqe yeni dünyada təhlükəsiz əməkdaşlıq yolu axtaran bütün toqquşan tərəflər üçün ideal çıxış yolunu təşkil edir.

Türk Dünyası gənclərin dünyasıdır, əhalisinin yaş tərkibi onun potensial partlayış gücünü, aşkar üstünlüyünü dünyaya da nümayiş etdirir. Təhlillər də göstərir ki, TDT sayı milyarda çata biləcək üçüncü qövm məhz türklər ola bilər. Müsbət demoqrafiya saldosu qalıcı və gələcəyi təmin edilən vahid gücün potensial imkanları indiki şərtlərdə ölçüyəgəlməz dərəcədə güclü görünür. Deyilən kimi, TDT yol təşkilatıdır, o Yol ki, oradan tarix də keçir, logistika da, bir çox ölkələrin iqtisadi varlığı da və bütün bunlar TDT -nın əllərindəki imkanlarda səfərbər edilib.

Təbii resursların verdiyi güc və imkanlar dərəcəsi, artan hərbi – texniki əməkdaşlıq, potensial əsgəri gücün varlığı faktiki qlobal siyasi meydanda söz sahibinə çevrilmək üçün bütün şərtləri icra edir.

Bəli, Zirvənin əsas şüarı sülh və təhlükəsizlikdir. İlk dəfə Naxçıvan Sazişi ilə təsdiq edilən bu yanaşma hazırda qlobal həssas geosiyasi coğrafiyalarda yer alan TD üzvləri üçün də qoruyucu zirehə çevrilir. Orta Asiyada da, Qafqazda da, Avropada da qlobal güclərin maraqları heç də həmişə əməkdaşlığa söykənməyə bilir, Azərbaycanın yanaşması ilə TDT özünü qorumaq üçün əməli hərbi gücə çevrilməyə doğru iri addımlarla hərəkət edir.

Çünki hazırda qlobal nizam pozulub, bu nizamı idarə edən qlobal hüquq da tapdanır.

TDT-nın birgə olmağa və ayrılmamağa ciddi ehtiyacı var.

Təkcə Türkiyə ilə Azərbaycan il ərzində 15 hərbi təlim icra edib və Prezident İlham Əliyevin “2026-cı ildə TDT-nın hərbi təlimlərinin birgə keçirilməsi” kimi müstəsna təklifi yetişən qlobal şəraiti güclü təsisata çevirməyin vacib siqnallarına aiddir. Zaman gözləmir və bizim dünya sürətlə inteqrasiya edib, qalıcı vahid gücə çevrilməni tamamlamalıdır.

Azərbaycan qlobal hüquqa hörmət edir və bir dövr üçün mütləq siyasi təlatümlərin bitəcəyini, dünyanın yenidən sabitləşəcəyini, yekunda hüquqa istinad edəcəyini bilir. O baxımdan Qarabağ Zəfərimiz qlobal hüquqi leqallıq baxımıdan heç bir şübhə doğurmur, lakin bu fakt və işğal dövrləri bir daha yada salır və gündəmə gətirilir ki, 300 milyonluq Türk Dünyasına qarşı müharibə dilini seçən istənilən qüvvənin aqibəti məğlubiyyət olmalıdır.

Yeganə alternativ isə əlbəttə ki, sülhdür!

Bu halda biz özümüzə və dünyaya nəqliyyat, qlobal arteriyalar, Şərqdən – Qərbə, Şimaldan – Cənuba Türkiyədən Türküstana, Orta Dəhlizdən dünyaya əməkdaşlıq üçün müstəsna imkanlar  təklif edirik, özü də  Xəzərin enerji imkanları ilə, Ələtdən, Qarabağdan, BTC-dən, Zəngəzurdan, 9 qlobal hava limanlarından, daşıma HUB-dan yararlanmaqla.

Enerji təhlükəsizliyi üçün ölkəmizin qlobal imici mühüm dəyərlər qazandırır. İxrac kəmərlərinin uzunluğu dünyada ən iri xətti təşkil edir. Başqa sözlə, bu 14 ölkənin müstəqilliyini xilas edib, iqtisadi azadlıq qazandırmaqla onlara siyasi güc bəxş edib və özlərini ifadələri üçün güc faktorunu qazandırıb. TDT-nın əsl gücü və qalıcı məhək daşı Azərbaycandır.

Bu areala qoyduğumuz 40 milyard dollarlıq sərmayəmiz TDT üçün nəfəslikdir.

Azərbaycan sayəsində türk dünyası tarixi varlığını gələcəyə daşımağa doğru güclü addımlarla gedir.

Təsadüfi deyil ki, bu dünyanın ideoloji bazası da Azərbaycana bağlı idi. Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağaoğlundan və digər maarifçi şəxslərdən  başlayan ideyaların gələn il I Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi fonunda bir daha Prezidentin təklifi ilə gündəmə daşınması tarixi – siyasi və ideoloji davamın məntiqi sonluğudur.

Qarabağ yenidən qurulur.

Qəbələ görüşü göstərdi ki, bu, təkcə Azərbaycan xalqının qayıdış hekayəsi deyil, bölgəyə çoxlu sayda investisiya qoyan TDT üzvlərinin qardaş qayıdışı, qardaş çırağının işığına birgə yığışmaq hadisəsidir.