İstənilən fəaliyyət iqtisadi qanunauyğunluqla birbaşa bağlıdır və yaxud da əksinə. Yəni bir sahədə uğursuzluq varsa təməlində mütləq iqtisadi faktorlar var. Bu fikri futbola da şamil etmək olar. Futbol & iqtisadiyyat – hər iksinin mərkəzində insan, qarşılıqlı fəaliyyət və komanda oyunu, yəni ictimai amil dayandığı üçün onların bir-birinə təsir etmə dərəcələri, xüsusən qloballaşan dünyada heç də zəif deyil.

Bir neçə gün öncə ölkəmizi Avroarenada layiqincə təmsil edən Qarabağ futbol klubu ani diqqətsizlik (və ya səhlənkarlıq) üzündən Çempionlar Liqası kimi adlı-sanlı turnirin bir addımlığından qayıtdı ki, bu da ölkə gündəmi üçün yeni müzakirə mövzusuna çevrildi. Çoxları qolkiperi özünü tanınmış alman qapıçısı Manuel Noyerə oxşatmaqda qınayırdı. Amma bir faktı da nəzərə almaq lazımdır ki, Şahruddinin Noyer olması üçün ilk növbədə Qarabağ məhz Bavariya, Azərbaycan futbolu isə Bundesliqa olmalıdır. Bunun da kökündə təbii ki olduqca oturuşmuş sistem durmalıdır.

Futbol bu qədər prioritet seçilməlidir mi?

Ancaq, bu o demək deyildi ki, Azərbaycan sırf futbol üzrə ixtisaslaşmış ölkə imici əldə etsin. Yəni, məsələn, biz Norveç, Lüksemburq, Sinqapur, Zenlandiya kimi ölkələrə diqqət yetirsək görərik ki, onlar dünyanın ən yüksək rifah ölkələri olmalarına baxmayaraq, Braziliya, Argentina, Kolumbiya, Portuqaliya, İtaliya, İspaniya kimi nisbətən az gəlirli ölkələrlə müqayisədə futbol kimi nüfuzlu bir meydanda bir o qədər müvəffəq ola bilmirlər. Çünki ilk növbədə sadalanan ikinci qrup ölkələrdə futbol ənənə halından əlavə, həm də əsas gəlir mənbəyi roluna çevrilib. Digər tərəfdən, bu zaman ölkə vətəndaşlarının da sosial-psixoloji davranışları mühim rola malik olur. Məsələn, yüksəkgəlirli bir norveçli futbolu daha çox seyr etməkdən zövq alırsa, adambaşına düşən gəlirin məbləğinə görə dünyanın ən zəngini olan Lüksemburq bu sahədə kadr çatışmazlığı ilə üz-üzədir.

Kənardan oyunçu cəlb etmək də çıxış yolu deyil…

Bu dəlillər isə həqiqətən də futbol kimi bir sahənin rüşeymində sosial-iqtisadi elementlərin yer aldığını göstərir. Elə çox uzağa getmədən, bu mülahizəni yaxın Türkiyə üzərindən də doğrulda bilərik. Bu il 27 ildən sonra ilk dəfə Türkiyə futbol klublarından heç biri Çempionlar Liqası kimi nəhəng turnirə qatıla bilmədi. Hansı ki, son illər biz türk klublarının tanınmış futbolçular cəlb etməsinə şahid olurduq. Təsadüfi deyil ki, 27 il öncə də Türkiyədə məhz eyni problemlər yaşanırdı: lirə ucuzlaşır, büdcə kəsiri genişlənir, dollarlaşma sürətlənir, idxal ixracı üstələyir və əhali gəlirləri azalırdı. Bu durumda isə kənardan gələn futbolçunun da insan olduğunu nəzərə alsaq, sözsüz ki əlverişli mühitə can atdığını asanlıqla təxmin edə bilərik. Axı iqtisadiyyat təkcə gəlir əldə etməkdən ibarət deyil. Sərf edilmirsə gəlir əldə etməyin də bir anlamı yoxdur.

Ən uğurlu futbol strategiyası.

Futboldan bəhs ediriksə, şübhəsiz ki dünya təcrübəsində buna dair ən yaxşı nümunə kimi Real Madrid klubunun tarixinə nəzər yetirə bilərik. Uzun illər Avropanın kralı statususunu daşıyan ispan nəhəngi 2014-cü ilə qədər 12 il ərzində ən mötəbər klub titulunun qalibi ola bilmirdi. 2009-cu ildə məhz eks-prezident Florentino Peresin sükana qayıdışı nəticəsində tilsim pozuldu. Peres külli miqdarda vəsait sərf etməklə dövrün Ronaldo, Benzema, Kaka kimi ulduzlarını heyətə cəlb etdi ki, beləliklə madridlilər son 10 il ərzində bunun bəhrəsini görmüş oldular. Bu klub tarixində ilk belə “comeback” deyildi. Belə ki, 2000-ci ildə də klubun rəhbəri postuna təyinat alan başkan Peres o dövrdə də yüksək məbləğlər sərf edərək Ronaldo Nazario, Devid Bekhem, Zinnədin Zidane, Louis Figo kimi ulduzları heyətə daxil edərək “Los Galaktikos”u formalaşdırmışdı. Strategiya isə məzmun baxımından olduqca sadə idi: bank kreditləri ilə həyata keçirilən transfertlər forma satışları ilə məsrəflərin qarşılanmasına töhfələr verirdi.

Təbii ki, bu nümunə Azərbaycan iqtisadiyyatı üçün keçərli olmayacaq. İlk növbədə buna səbəb biznesin istənilən səviyyədə olmamasıdır. Bundan başqa, işsizlik və əhali gəlirliliyinin az olması kimi problemlər, həmçinin “milli Peres” olmağa namizədlərin yoxluğu və ona lazımi kreditləri ayıracaq bank-kredit, maliyyə sisteminin arzuolunan səviyyədə olmaması futbolumuzu bu imkandan məhrum edir.

Qarşıya çıxan fürsətlər.

Ancaq bu o demək deyil ki, futbolumuzun qarşısına heç də əlverişli fürsətlər çıxmayıb. 2006-2014-cü illərin neft bumundan sonra ölkə iqtisadiyyatının yeni konturlarının cızılması üçün ən əlverişli şərait məhz 2015-ci il devalivasiyası zamanı formalaşmışdı. Belə ki, əvvəllər Azərbaycan bazarlarında 100 dollar vəsaitlə sadəcə 78 manatlıq əmtəə-xidmət dəsti alan turist devalivasiyadan sonra öz zənbilini 170 manatadək genişləndirmək imkanına malik oldu. Belə bir durum isə ölkəyə əcnəbi turistlərin kütləvi axınına gətirib çıxardı. Ərəb coğrafiyasının ən zəngin ölkələrindən vətənimizə səfər edənlərin üz tutduğu bölgə isə əsasən Qəbələ idi. Elə həmin ildən də uğurlu layihə qismində biz Qəbələ FK-nın yüksəlişinə şahidlik etmiş olduq. Manat dollara nəzərən üzdükcə (2016-2017-ci illərdə), Qəbələ FK da Avroarenada 1-ci etapdan qruplaradək gedir, ölkə liqasında 2-3-cü yerlərə yiyələnirdi. Ancaq, indi nə manat üzür, nə də ölkə çempionatında 7-8-ci pillələrə yuvarlanan Qəbələ Afina, Dortmund, Sent-Etyenə gedə bilir.

Niyə Qəbələ layihəsi uğurlu, ancaq davamlı layihə ola bilmədi?

Səbəb olduqca sadədir – təməl baza tam təmin edilə bilmədi. Necə ki Barselona FK kimi adlı-sanlı komanda “Qatar Foundation” pullarının xülyasına qapılaraq reytinq itirmişdisə, eynilə Qəbələ də sadəcə qısa dövr ərzində sponsor pulları ilə ayaqda qalmağı bacardı, regionun Peşəkar Futbol Liqasında yeganə təmsilçisi ələ düşən fürsətdən maksimum yararlana bilmədi.

Rəsmi statistik məlumatlara görə, satılmış turizm yollayışları sayı və dəyərinə dair göstəricilərdə daha çox paytaxt və paytaxta yaxın ərazilər üstünlük təşkil edir. Qəbələ isə bu kateqoriya üzrə sadəcə 2 ilin göstəricisinə (2017-2018-ci illər üzrə) malikdir. Bundan başqa, kütləvi turist axını ilə yadda qalan Qəbələyə dair digər statistik göstəricilərə baxsaq görərik ki, həm ictimai iaşə dövriyyəsi, həm də turagent və turoperatorluqlardan əldə edilən gəlirin dəyəri məbləğ və qeydə alınma baxımından çox qıtdır. Bu da onu göstərir ki, həmin dövr bu kanalla ölkəyə daxil olan vəsaitin bir hissəsi qeyri-formal və gizli iqtisadiyyat tərəfindən amortizasiya olunub. Ancaq, bunun əksinə, rəsmi iqtisadiyyatın miqyası heç olmazsa Qəbələdə əlverişli səviyyədə olsa idi 2010-11-ci illərdə Toni Adamsın edə bilmədiklərini məhz 2015-ci ildən başlayaraq Roman Qriqarçukla həyata keçirən futbol klubumuz da  hansı ki “Made in Azerbaijan” brendi və qeyri-neft sektoru strategiyasının bu gün ən önəmli drayveri ola bilərdi.

İqtisadiyyat üçün futbolun qazancı nə olar bəs?

Məsələn, neft mərkəzi hesab edilən ərəb ölkələri 2008-ci il böhranından sonra fərqli bir sıra qeyri-neft strategiyası sınamaqdadır ki (Covid səbəbilə Honk Konqdan, Brexit səbəbilə Britaniyadan, sanksiyalar səbəbilə Rusiyadan qaçan subyektlərin, o cümlədən, kripto firmalar, əmlak investorlarıın cəlbi), onlardan biri də Avropanın tanınmış “pensioner” futbolçularını cəlb etməklə olmuşdu. Oxşar təcrübəni müəyyən dövr üçün ABŞÇində də görmək oldu. Bu baxımdan Azərbaycan iqtisadiyyatı üçün də futbol ilk növbədə qeyri-neft strategiyası ola bilər. Bu həm dünya qiymətlərinin dəyişməsi ilə dəyəri artıb-azalan pomidor, plastmas əvəzinə futbolçu ixracı da deməkdir. Daxili bazarda isə futbol klublarının özünəməxsus kredit kartları əhalinin daha çox narazı olduğu kredit bazarında yeni alət kimi rahatlığa və bolluğa, həmçinin bu minvalla fəaliyyət göstərən TV kanalı informasiya-kommunikasiya, mobil operator xidməti (Türkiyədəki Fenercell) rabitə, mağazalar şəbəkəsi isə ticarət sisteminə mühim töhfələr verə bilər. Bu həm iş yerləri və qazanclar baxımından, həm də potensialı olub futbolçu arzusunu gerçəkləşdirə biməyənlər üçün göydəndüşmə bir fürsətdir.

İmkanlar və perspektiv.

Bu gün Azərbaycanda kifayət qədər futbola həvəsi olan hələ yetkinlik yaşına çatmamış şəxslər var ki, onlar zaman-zaman müəyyən səbəblərdən futbola inteqrasiya oluna bilməyib, valideyinlərinin təkidi ilə ya heç bir əlaqəsi olmayan ixtisaslar üzrə ali məktəblərə üz tuturlar, ya da sevmədiləri bir peşəyə. Hansı ki, onları düzgün istiqamətləndirmək və lazımi dəstəyi verməklə uğurlu nəticələr əldə etmək olar. Söhbət yalnız futbolçu yetişdirməkdən getmir. Məsələn, həvəskar formada futbolla dərindən maraqlananları kəşf edib xeyli sayda samballı futbol şərhçisi, həmçinin eksperti və s. hazırlamaq olar. Özəl sektorun mövcud durumu və sahəyə olan marağını nəzərə aldıqda isə söyləmək olar ki, məsuliyyət daha çox dövlət bölməsinin üzərinə düşür. Hansı ki, istər Olimpiyada, istərsə də digər qitə və beynəlxalq səviyyəli turnirlərdə biz bunun dəfələrlə şahidi olmuşuq. Məhz sözügedən yarışlarda əldə edilən nəticələr bu sahədə sırf dövlət siyasətinin uğuru hesab edilə bilər. Ancaq, təəssüflər olsun ki indiyədək qəbul olunan çoxsaylı dövlət proqramları və konspesiyalarda bu sahə spesifik istiqamət kimi diqqət mərkəzində yer almamışdır.

Pünhan Musayev, iqtisadçı / futbol həvəskarı.