Hazırda dünyada və ölkəmizdə əvvəlki aylara nisbətən Covid-19 ilə bağlı yoluxma statistikasında artım müşahidə edilir. Ölkəmizdə gündəlik yoluxma yenidən üçrəqəmli səviyyəyə çatıb, lakin koronavirusla bağlı epidemioloji vəziyyət nəzarət altındadır. Səhiyyə Nazirliyinin mütəxəssis-ekspert, infeksionistləri bildiriblər ki, bu tip infeksiyalar payıza doğru aktivləşir. Buna görə də yoluxma payızda yüksələ bilər.

 Qeyd edək ki, ÜST son zamanlar dünya üzrə virusa yoluxma sayında müşahidə olunan artımın əsasən Avropa və Amerikanın bəzi ölkələrində “Omikron” ştamının mutasiya olunan yeni növləri hesabına baş verdiyini vurğulayıb.

 Avqust ayının sonlarına doğru koronavirusa yoluxma hallarında ciddi artımlar müşahidə edilib. ÜST bununla bağlı həyəcan təbili çalıb. 18 avqustda ÜST açıqlayıb ki, əvvəlki 7 günlə müqayisədə yoluxanların sayı 24%, ölənlərin sayı isə 6% azalıb. Yeddi gün ərzində ÜST 5 460 641 yoluxma və 15 072 ölüm barədə məlumat alıb.

 Xəstəliyin xüsusilə əhəmiyyətli azalması Avropa (-38%), Afrika (-38%) və Şərqi Aralıq dənizində (-30%) qeydə alınıb. Bir həftə ərzində ən çox yoluxma Yaponiyada (1,395,301), Koreya (866,830), ABŞ (679,653), Almaniya (271,277) və İtaliyada (193,305) qeydə alınıb.

 Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist də gigiyenik qaydalara əməl etmənin vacibliyini qeyd edir. O bildirib ki, qonşu ölkələrin statistik məlumatlarına nəzər yetirsək görərik ki, hazırda infeksiyaya gündəlik yoluxma sayı Gürcüstanda, Rusiyada, Türkiyədə və İranda dəfələrlə artıb. Azərbaycanda da son zamanlar yoluxma sayında artım müşahidə olunur. Əksər məhdudiyyətlərin xeyli vaxtdır ki aradan qaldırılmasına baxmayaraq, hazırda ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxşdir və nəzarət altındadır. Pandemiyanın hər yeni dalğası virusun daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bundan əlavə, əksər qadağaların aradan qaldırılması virusun yayılması üçün münbit şərait yaradır. Ona görə də ölkəmizdə yoluxma sayının payızda yüksəlməsi istisna deyil. Hazırda proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb.

 Avqust ayının son statistikalarında dünya üzrə vəziyyətin kifayət qədər ciddiləşdiyini göstərir. Dünyada 600,604,629 nəfərdə koronavirus aşkarlanıb. Virusdan 6,471,235 xəstə ölüb, 574,715,026 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (95,331,020 nəfər), Hindistan (44,339,429 nəfər), Fransa (34,339,792 nəfər), Braziliya (34,279,785 nəfər) və Almaniyadır (31,808,179 nəfər). Sərhəd qonşularımız arasında Rusiyada 19,077,674, Türkiyədə 16,671,848, İranda 7,503,369, Gürcüstanda 1,723,087, Ermənistanda isə 430,361 nəfərdə koronavirus aşkar edilib.

Sorğunun metodologiyası

Sorğu 2022-ci ilin avqust ayında keçirilib. Sorğu çərçivəsində Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilməklə 384 respondentin rəyi öyrənilib.

Sorğunun aparılmasında telefonla müsahibə üsulundan istifadə olunub. İştirak etmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edib.

Sorğunun seçmə çərçivəsində gender bölgüsü qorunub. Belə ki, onlardan 50,5%-i kişi, 49,5%-i qadındır. Sorğu iştirakçılarının 29,9%-i kənd, 12,8%-i qəsəbə və 57,3%-i şəhər ərazi vahidlərində yaşayır. Həmçinin onlardan 8,1%-i 18-25, 21,1%-i 26-35, 19,3%-i 36-45, 19,0%-i 46-55, 24,0%-i 56-65, 8,6%-i 65 və yuxarı yaş qrupuna aiddir. Təhsil səviyyəsi üzrə, onların 50,5%-i orta, 17,7%-i texniki və ya peşə, 31,8%-i ali təhsillidir.

Sorğunun nəticələrinin təhlili

Sorğu çərçivəsində respondentlərə “Koronavirusla bağlı gələcək dövr üçün ehtimalınız necədir?” sualı ünvanlanıb. Nəticələrə əsasən, respondentlərin əsas hissəsi (38,8%) koronavirus xəstəliyi artıq sona çatıb, yoxdur” cavabını verib. 31,5% respondent hesab edir ki, koronavirus xəstəliyi ancaq effektiv vaksin tapılanda yekunlaşacaq, 18,5% respondent isə koronavirus xəstəliyinin həmişə davam edəcəyini düşünür.

Koronavirus xəstəliyinin sona çatdığını hesab edənlər arasında kişilər qadınlardan üstünlük təşkil edib. Belə ki, kişilərin 41,2%-i düşünür ki, koronavirus xəstəliyi artıq sona çatıb. Buna müvafiq olaraq, qadınların 36,3%-i xəstəliyin bitdiyini düşünür. Eyni zamanda, kişilərin 12,9%-i koronavirus xəstəliyinin həmişə davam edəcəyini düşünərkən, qadınlar üzrə bu göstərici 24,2% təşkil edib.

Bu suala cavab verən respondentlər arasında yaş kateqoriyaları üzrə də maraqlı nəticələr ortaya çıxıb. Koronavirus xəstəliyinin bitdiyini düşünən respondentlərin 48,4%-i 18-25 yaş arasında olan gənclərdir. Xəstəliyin bitdiyini düşünən respondentlərin yalnız 33,8%-i 36-45 yaş aralığındadır. 65 yaşdan yuxarı respondentlərin də 45,5%-i koronavirusun tam sona çatdığını düşünür. Bu yaş kateqoriyasından olan respondentlərdən 39,4% düşünür ki, xəstəlik ancaq effektiv vaksin tapılanda yekunlaşacaq.

Koronavirus xəstəliyinin həmişə davam edəcəyini düşünən respondentlərdən 14,7 % orta təhsilli, 23,8% isə ali təhsillidir. Xəstəliyin artıq bitdiyini düşünən respondentlər arasında isə orta təhsillilər ali təhsillilərdən daha çoxdur(43,7% orta təhsilli, 33,6% ali təhsilli).

Xəstəliyin həmişə davam edəcəyini düşünən respondentlərin 10,4%-i kənddə, 18,4%-i qəsəbədə, 22,7%-i isə şəhərdə yaşayır. Effektiv vaksin tapılandan sonra xəstəliyin sona çatacağını düşünən respondentlərin daha çoxu qəsəbədə yaşayanlardır. Bu cavabı verən respondentlərin 27,8%-i kənddə, 44,9%-i qəsəbədə, 30,5%-i şəhərdə yaşayır.

Eyni zamanda xəstəliyin artıq tam sona çatdığını düşünənlər daha çox kənddə yaşayır. Bu cavabı verənlərin 47,8%-i kənddə, 22,4%-i qəsəbədə, 37,7%-i isə şəhərdə yaşayır.

Koronavirusa yoluxmada artımın səbəbləri

“Sizcə ölkədə hazırda koronavirus infeksiyasına yoluxma sayının artması nə ilə bağlıdır” sualına respondentlərin 39,3%-i “insanların gigiyenik qaydalara əməl etməməsi ilə bağlıdır” cavabı verib. 15,1% mövsüm dəyişikliyi, 11,2% virusun yeni mutasiyalarının yaranması, eyni sayda respondent (11,2%) insanların xəstəliyi təhlükəli hesab etməməsi kimi faktorların yoluxma sayındakı artıma təsir etdiyini düşünür.

İnsanların gigiyenik qaydalara əməl etmədiyini düşünən respondentlərin içərisində kişilərin say nisbəti daha çoxdur (70,2%kişi, 58,7% qadın). Eyni zamanda bu cavabı verən respondentlərdən 77,8%-i 65 yaş və yuxarı yaş kateqoriyasını təmsil edirlər. Gigiyenik qaydalara əməl edilmədiyini düşünən respondentlərin 75%-i tələbədir. İnsanların xəstəliyi təhlükəli hesab etmədiyini düşünən respondentlərin 19,7%-i şəhərdə yaşayanlardır.Koronavirusa yoluxma sayının artımını mövsüm dəyişikliyi ilə əlaqələndirən respondentlərin 31,3%-i 18-25 yaş aralığında olan vətəndaşlardır. Tələbə respondentlərdən heç biri mövsüm dəyişikliyini yoluxmada artım səbəbi kimi görmür. Kənd yerində yaşayan respondentlər şəhərdə yaşayan respondentlərdən daha çox mövsüm dəyişikliyini faktor kimi görürlər. Virusun yeni mutasiyalarının yaranmağı ilə yoluxma sayında artım müşahidə edildiyini düşünən respondentlərdən 21,5% qadın, 14,9% isə kişi cinsinə mənsubdur. Bu cavabı verən respondentlərin 27,2%-i ali təhsillidir, 12,1%-i isə orta təhsilli. Mutasiyaları səbəb kimi göstərən respondentlərin 23,7%-i qəsəbələrdə yaşayanlardır.

Respondentlərin 65,6%-i koronavirusa heç vaxt yoluxmadığını düşünür, əksini düşünən respondentlərin sayı isə 33,1%-dir. Koronavirusa yoluxmadığını düşünən respondentlər arasında kişilər qadınlara nisbətdə üstünlük təşkil edir (70,1% kişi respondent koronavirusa heç vaxt yoluxmadığını düşünür, eyni cavabı verən qadınlar 61,1%-dir). Həmçinin, koronavirusa yoluxmadığını düşünən respondentlərin 73,9%-i kəndlərdə yaşayırlar.

Azərbaycan cəmiyyətində vaksinasiyaya olan inam sorğuda öz əksini tapıb. Respondetlərin 81%-i vaksinasiya olunduğunu bildirib. Vaksinasiya olunmadığını bildirən respondetlər (19%) daha azdır.

Koronavirusa yenidən yoluxmaqla bağlı cavablar

Koronavirusa yoluxmaqdan nə dərəcədə qorxursunuz” sualına respondentlərin mütləq əksəriyyəti (61,5%) “heç qorxmuram” cavabını verib. 21,9% respondent qismən, 16,2% respondent isə çox qorxduğunu bildirib.

Koronavirusa yoluxmaqdan çox qorxduğunu bildirən respondentlər arasında qadınlar çoxluq təşkil edir. Qadınların 22,6%-i yoluxmaqdan çox qorxduğu halda, kişilər üzrə analoji göstərici 9,8%-dir. Koronavirusa yoluxmaqdan çox qorxan respondentlərin 20,7%-i 56-65 yaş aralığında olan vətəndaşlardır.

Nəzərə çatdıraq ki, son iki ildə COVID-19 xəstəliyinə yoluxmaqdan heç qorxmayanların sayı əvvəlki aylarla müqayisədə artıb. Belə ki, STM tərəfindən 2020-ci ilin aprel ayında keçirilmiş sorğuda respondentlərin əhəmiyyətli hissəsi (44.9%)  və analoji olaraq 2021-ci ilin yanvar ayında keçirilmiş sorğuda respondentlərin yarısından çoxu (52.2%) COVID-19-a yoluxmaqdan heç qorxmadığını qeyd edib.

Həmçinin təhlillər 2022-ci illə müqayisədə müvafiq dövrlər üzrə COVID-19 xəstəliyinə yoluxmaqdan çox qorxanların sayında da azalma müşahidə edildiyini deməyə əsas verir.  2020-ci ildə 25% respondent COVID-19 xəstəliyinə yoluxmaqdan çox qorxduğu halda, 2021-ci ildə bu göstəricilər  20,7%təşkil edib.

Maraqlıdır ki, analoji tendensiya COVID-19 xəstəliyinə yoluxmaqdan az qorxduğunu deyən respondentlərdə də müşahidə edilib. Əgər 2020 və 2021-ci illər üzrə (müvafiq olaraq –  27,5%və 27,2%) bu xəstəliyə yoluxmaqdan az qorxanların sayında cüzi azalma olsa da, 2022-ci ildə analoji tendensiya üzrə 11% azalma müşahidə edilib.

İlin payız-qış aylarına doğru infeksiyaya yoluxma dinamikası ilə bağlı respondentlər arasında fikir müxtəlifliyi müşahidə olunur. Belə ki, respondentlərin 46,1%-i hesab edir ki, koronavirusa yoluxma dinamikası payız-qış aylarına doğru yüksələcək. Halbuki 40,9% respondent isə bunun əksini düşünür.

Koronavirusa yoluxmanın payız-qış aylarına doğru artacağını söyləyən respondentlər arasında da qadınlar kişilərə nisbətdə daha çox olub (53,7% qadın, 38,7% kişi).

Koronavirusla bağlı məlumatlılıq səviyyəsi

İnsanların koronavirusla bağlı məlumatlılıq səviyyəsi də sorğuda öyrənilib. “Koronavirusla bağlı xəbərləri hansı tezlikdə izləyirsiniz” sualına 35,7% “tez-tez”, 30,7% “nadir hallarda”, 15,9% respondent isə “bəzən” cavabını verib.

Daha çox şəhərdə yaşayan respondentlər koronavirusla bağlı xəbərləri tez-tez izlədiyini bildirib (33,2%).

NƏTİCƏ

Sorğu nəticələrinin ümumi təhlili göstərir ki, qadın cinsinə mənsub olan respondentlər koronavirusla bağlı bədbin təsəvvürlərə malikdirlər. Xəstəliyin sona çatdığını düşünən kişilərin sayı qadınlardan çox olub. Bundan başqa xəstəliyin heç vaxt bitməyəcəyini düşünən qadınlar da kişilərdən daha çoxdur. Koronavirusa yoluxma ilə bağlı göstəricilərdə də kişi cinsinə mənsub olan respondentlərlə qadınlar arasında say fərqləri mövcuddur. Daha çox kişi virusa heç vaxt yoluxmadığını düşünür. Koronavirusa yoluxmaqdan qorxduğunu bildirən respondentlər arasında da qadınlar kişilərdən daha çoxdur. Koronavirusa yoluxmaqdan (təkrar yoluxmaqdan) qorxan kişi respondentlər qadınlara nisbətdə azdır. Gələcəkdə koronavirusa yoluxmalarda artım dinamikasının olacağını söyləyənlər arasında da qadınlar üstünlük təşkil edir. Qadın respondentlər kişi responentlərdən fərqli olaraq pandemiyaya daha həssas və diqqətli yanaşır.

Ali təhsilli respondentlər xəstəliyin gələcəyi ilə bağlı suallara daha skeptik cavablar veriblər. Orta təhsillilərə nisbətdə onlar daha çox koronavirus xəstəliyinin həmişə davam edəcəyini düşünürlər. Kənd yerində yaşayan vətəndaşlar qəsəbə və şəhərlərdə yaşayanlardan fərqli olaraq xəstəliyin başa çatdığını düşünür. Qəsəbə və şəhər sakinləri isə xəstəliyin həmişə davam edəcəyini daha çox düşünürlər.

Sosial Tədqiqatlar Mərkəzi 2020-ci ildə əhalinin qorxu indeksi ilə bağlı sorğu keçirmişdi. Azərbaycan insanının qorxu indeksini öyrənmək üçün aparılan sorğuda koronavirusdan qorxu ilə bağlı maraqlı məqamlar üzə çıxmışdı. Diqqət çəkən məqam odur ki, respondentlərin yarısı (51.6%) COVID-19-a yoluxmaqdan heç qorxmadığını bildirmişdi.

Hazırda pandemiyanın yekunlaşmağı ilə bağlı yetkin və mütləq proqnozlar mövcud deyil. Əksinə, son dövrlər yoluxmaların artımı ilə bağlı dünyada həyəcan təbili çalınır. Çinin ən böyük əyalətlərindən biri olan Siçuanda artan Covid-19 hadisələrinin qarşısı alına bilmədikdən sonra Çin yenidən tamamilə bağlanmağa qərar verib.

Koronavirusla bağlı informasiyalarda isə qlobal panika artıq arxada qalıb və bu hadisə ölkəmizdə də məhdudiyytələri maksimum azaldılması həyəcanlə və çətin mərhələnin başa çatdığını göstərir.

STM Mətbuat Xidməti