Bəzi dostlar bilərək ya bilməyərəkdən, xüsusilə 44 günlük savaşda tarixi zəfər əldə etdikdən sonra aktuallaşan Qərbi Zəngəzur mövzusunu, az qalsın yanlış olaraq lağlağı, qeyri-ciddi, qeyri-real proses kimi qiymətləndirməyə cəhd edirlər.
Mən onları da başa düşürəm, ölkəmiz problemlərin məngənəsində sıxılarkən, qalxıb da Zəngəzur məsələsini gündəm etmək, bir çox hallarda, həm haqlı qıcıq, həm də gülüş doğurur. Baxın, Əliyevin siyasi hakimiyyətinə rəqib olan bir müxalifət partiyasının funksioneri kimi, bu iqtidarı bir çox məsələlərdə sərt tənqid edirik, sorğulayırıq, hətta ittiham da edirik.
Bu, öz yerində. Ancaq bütövlükdə Azərbaycanın milli, strateji maraqları mövzu-bəhissə, bu istiqamətdə atılan addımlar təqdirəlayiqdirsə, borcumuzdur ki, Dövlətimizin və xalqımızın maraqları naminə doğru olanları deyək. Bu, həm də bir çoxlarında qısır qalan bir siyasi mədəniyyət göstəricisidir.
Qərbi Zəngəzur məsələsi də sırf bu baxımdan kifayət qədər ciddi əsasları olan strateji planın bir hissəsidir. Haradan yaranır bu zərurət ki, Əliyev prezident vəzifəsi daşıya-daşıya özündə cəsarət və siyasi iradə taparaq, öz ölkəsində suverenlik və ərazi bütövlüyü yarımçıqlığı qala-qala, hazırda beynəlxalq aləmdə başqa bir ölkənin suveren ərazisi kimi tanınan ərazini azərbaycanlıların bir gün dönəcəyi əzəli, tarixi dədə-baba torpaqları adlandırır.
Bunu hər hansı partiya sədri, QHT direktoru demir, prezident olan kəs deyir və bu, istər-istəməz regional planda siyasi-hüquqi skandal üçün əsasa çevrilə bilər. Sizcə, Əliyev əlində ciddi sübut-dəlil olmadan bu yekəlikdə qlobal skandal yarada biləcək açıqlamalarla ucuz xal qazanmaq istəyinə düşərmi?!
Bircə onu bilirəm ki, hətta 44 günlük Vətən savaşından öncə də, bu “Qərbi Zəngəzur planı” hələ illər öncədən Əliyevin xarici siyasət prioritetləri içərisində olub, sadəcə zamanını gözləyib. Bu barədə çox yazmışam, bir daha yazım ki, aydın olsun. Çox da qəliz tarixi cümlələr qurmayacam, səthi, başa düşülən dildə izah etməyə çalışacam. Razılaşanlar da olacaq, razı olmayanları da sağlam polemikaya dəvət edirəm. Ordan başlayaq ki, Azərbaycan Respublikası Kontitusiya ilə 1918-ci ildə yoxdan var edilən Azərbaycan Demokratik Respublikasının tarixi, həm də hüquqi-siyasi varisidir.
1919-cu ildə dünyada de-fakto tanınan bu Respublikanın Paris Sülh Konfransına təqdim etdiyi xəritədə Qərbi Zəngəzur suveren ərazilərimiz kimi qəbul olunub və təsdiqlənib. Bu, birmənalı belədir! Sovet İttifaqı rəsmən 30 dekabr 1922-ci ildə elan olunub (yəni Azərbaycanın müstəqilliyini elan etdiyi tarixdən 4 il sonra). Ancaq buna qədər fəaliyyətlərində terror elementləri aşırı dərəcədə olan bolşeviklər işğal etdikləri ölkələrdə siyasi hakimiyyətləri ələ keçirib xalqların taleyində acı izlər buraxan bir çox ədalətsiz qərarlara imza atmışdılar. Qərbin açıq düşmənçilik etdiyi Osmanlı İmperiyasının süqut etməsi, bununla da bölgədə Türk kimliyinə qarşı mübarizənin kəskin xarakter aldığı o çətin illərdə ermənilərə məhz Türklərə məxsus torpaqlarda bir dövlət qurmaq, təəssüf ki, XX əsrin əvvəllərində qlobal güc mərkəzlərinin ortaq arzusuna çevrilmişdi.
Hər şey əleyhimizə işləyirdi. Faktiki keçmiş İrəvan xanlığının ərazisində formalaşdırılan Ermənistan dövlətinin isə iştahı bununla kifayətlənmirdi, onlar İranla sərhədə qədər əraziləri özününküləşdirmək üçün bölgədə soyqırımlar törədirdilər. Məhz belə bir ziddiyyətli tarixi şəraitdə Azərbaycanı parçalamaq, bununla da Türk xalqları arasındakı bağı qoparmaq bolşeviklərlə anqlosaksların ortaq qərarı kimi meydana gəlmişdi. Bunlardan biri də, heç bir Xalq yığıncaqlarının rəyi, fikri, razılığı alınmadan, zorakı üsullarla, yerli rəhbərlərə qarşı siyasi terror təhdidləri şəraitində 1920-ci il 30 noyabr tarixli qərar olmuşdu ki, Qərbi Zəngəzur Azərbaycanın suveren ərazilərindən qoparılaraq Ermənistan SSR-ə birləşdirilir.
Bu gün Sovet İttifaqı yoxdur (baxmayaraq ki Rusiya Federasiyası özünü onun varisi hesab edir), gorbagor olub və onunla bərabər o vaxtlar onun qəbul etdiyi və yol verdiyi qanunsuz, ədalətsiz qərarları da tarixin arxivinə gömülüb!!! Nəzərə alsaq ki, 1991-ci ildə Sovet İttifaqı adlı dövlət dağılanda, müstəqilliklərini bərpa edən Azərbaycan və Ermənistan arasında gerçək sərhədlərin delimitasiya və demarkasiyasının aparılmasına fiziki olaraq bir fürsət olmadığından (iki ölkə arasında başlayan məlum mübaribə faktına görə), hələ də Sovet İttifaqı zamanı qanunsuz və ədalətsiz əsaslarda Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilən (faktiki işğal olunaraq ələ keçirilən) Qərbi Zəngəzurun siyasi-hüquqi vəziyyəti açıq qalıb, hələ də mübahisəlidir və Azərbaycan dövlətinin bu məsələni beynəlxalq mübahisə predmetinə çevirməsi həm siyasi, həm də hüquqi olaraq təbii haqqıdır. Son yüz ildə 600 mindən çox azərbaycanlının o torpaqlardan zorən deportasiyası (ən sonuncusu 1988-89’cu illərdə olub, haradasa 280 minə yaxın insan) da ayrı bir gücləndirici faktdır ki, bu prosesdə bizi haqlı edir. Azərbaycanlıların dədə-baba yurdlarından, özü də məhz Qərbi Zəngəzur ərazisində öldürücü üstünlüyə malik olduğu bir vaxtda, deportasiyası Sovet İttifaqı rəhbərliyi, aidiyyatı qurumları tərəfindən sənədləşdirilib ki, bu hüquqi faktın özü də ərazinin kimə aid olması barədə müfəssəl təsəvvür yaradır. Hətta Ermənistanın 1991-ci ildə müstəqilliyi bərpa edərkən BMT-yə göndərdiyi “Ermənistan Respublikası xəritəsi”ni qüvvədən salan ciddi tarixi, siyasi-hüquqi hökmü olan sənədlər mövcuddur. Yoxsa Prezident Əliyev əlində ciddi kart-blanş olmasaydı, dünyanın gözü qarşısında əbəs yerə, ən ali kürsüdən bu məsələ ilə bağlı boşuna bəyanatlar səsləndirməzdi. Təbii, Əliyev bu tezisi gündəmdə saxlamaqla daha çox ermənilərin Xankəndi sevdasından əl çəkmələrinə təzyiq elementi yaradır. Ancaq tarixdə gözlənilməyən hadisələr də az baş vermir və biz hər şeyə hazır olmalıyıq…
Mirzə Rəşad Bakuvi
AY Partiya başqan müavini