Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini, keçmiş Prezident Dmitri Medvedev ölkəsinin lazım gələcəyi təqdirdə nüvə silahından istifadə edə biləcəyini deyib. O söyləyib ki, müharibədə təkcə səfərbərlik imkanları deyil, həm də Rusiyanın istənilən silahı, o cümlədən strateji nüvə silahları və yeni prinsiplərə əsaslanan silahlar istifadə oluna bilər: “Rusiyanın müdafiəsi üçün istənilən silahdan, o cümlədən strateji nüvə silahından istifadə edə bilərik”.
Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin də bu barədə danışmışdı. O da nüvə silahından istifadəni istisna etməmişdi. Altı aydır davam edən savaşın lap əvvəlindən etibarən nüvə təhlükəsi məsələsi gündəmdə idi. Ayrı – ayrı dünya liderləri bu barədə xəbərdarlıq etmişdilər.
Əlbəttə, Moskva döyüşlərin bu qədər uzanacağını təxmin etmirdi. Çünki Qərbin Kiyevi bu qədər dəstəkləyəcəyini düşünmürdü. Bunu Rusiya rəsmilərinin, o cümlədən Prezident Putinin müharibə ərəfəsində səsləndirdiyi fikirlər də təsdiqləyir. Onlar bir neçə günə Kiyevə girəcəklərini və “xüsusi hərbi əməliyyatı” başa çatdıracaqlarını deyirdilər. Lakin proseslər göstərdi ki, daş qayaya rast gəlib.
Müharibə davam etdikcə Rusiyanın narahatlığı var. Kreml təkcə Ukrayna yox, həm də Qərblə mübarizə aparır. Moskva artıq çəkindirmə yolları barədə düşünür. Sözsüz ki, nüvə silahının gündəmə gətirilməsi bunun üçün ən yaxşı variantdır.


Bəzilərinin fikrincə, Putin blef edir. Əlbəttə, Kreml rəhbəri məcbur qalmadıqca nüvə silahını tətbiq etməyəcək. Çünki bu, təkcə Avropaya yox, həm də Rusiyanın özünə fəlakət gətirəcək. Yəni nüvə silahından istifadə heç bir halda rəsmi Moskvanın ürəyincə deyil. Rusiya mümkün qədər çalışacaq ki, bu məsələdən təzyiq aləti kimi istifadə etsin. Hərçənd verilən açıqlamada Qərbin belə bir ssenariyə hazır olduğunu göstərir.
Buna baxmayaraq, Rusiyanın nüvə silahından istifadəsini də tamamilə istisna etmək olmaz. Həm Kremlin hegemon xarici siyasət kursu, həm Prezident Putinin şəxsi xarakteri bu ssenarini istisna etməyə imkan vermir. İndi Putinin istədiyi nüvə təhdidi qarşısında Qərbin geri çəkilməsidir. Amma əgər Qərb dəstəyi davam etdirsə, hətta artırsa Rusiyanın imkanları tükənəcək. Doğrudur, nüvə silahından istifadə yaxın gələcək ağlabatan görünmür. Lakin savaş uzansa, Rusiya nüvə silahını tətbiq edəcək.
Kənan Novruzov