ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanda olarkən Ermənistan hakimiyyətinə və cəmiyyətinə seçim etməsiylə bağlı belə bir cümlə işlətmişdi: “Ermənistanın demokratiyası, suverenliyi və ərazi bütövlüyü bizim üçün çox önəmlidir. Biz öz əməli yardımımızı göstərmək üçün buradayıq, seçim Ermənistanındır. Biz öz istəyimizi ifadə etmək üçün buradayıq”. Əslində Pelosi İrəvana “ya Amerika, ya Rusiya” seçimini təklif etmişdi. Ermənistan rəsmiləri Pelosinin səfərindən iki gün əvvəldən başlayaraq “Rusiya bizi qorumur”, “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzərinə düşən etmir” kimi açıqlamalar verirdilər.
Bu siyasətin davamı kimi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a yola düşüb. Onun patronu Nikol Paşinyan isə Fransaya səfərə hazırlaşır. ABŞ və Fransa baş nazir Nikol Paşinyanı və onun hökumət üzvlərini Ermənistanı Rusiya ilə qarşıdurmaya şərait yaradacaq təhlükəli oyuna sövq etməyə çalışırlar.
Elxan Şahinoğlu, politoloq