Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda isə vətən olur. Bu fikir sonuna qədər haqqını verir. Vətən üçün sabahını, ailəsini düşünmədən ön cəbhəyə yollanan, vətən sevgisi ilə alışıb-tutuşan qəhrəmanlar bizə bir daha öz amalımızı xatırlatdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən vətən müharibəsində Azərbaycan xalqı əzmi, mübarizəsi ilə, şəhidlərin canı-qanı hesabına qalib ölkə olaraq dünya tarixində yer aldı.
Mən indi bir məhəllədə böyüdüyüm, qardaşım qədər əziz olan, şəhid Məhəmməd İsmayılzadə haqqında danışmaq istərdim. O, 1996-cı il iyunun 10-da Şərur rayonunda dünyaya gəlmişdir.
Atalar demişkən, ot kökü üstdə bitər. Məhəmmədin atası da 1992-1993-cü illərdə 2 il ərzində Qarabağda öz şücaətini göstərmişdir. Şübhəsiz ki, bu da Məhəmmədin vətən sevgisinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edib. “Vətən anadır”, “Vətən müqəddəsdir” cümlələri onun ailəsində tez-tez işlənən ifadə idi. 2014-cü ildə Zığ qəsəbəsində yerləşən 317 nömrəli məktəbi bitirmiş və daim müəllimlərinin sevgisini öz üzərində cəmləşdirmişdir. Nəinki müəllimləri, onu tanıyan, görən hər kəs onun tərbiyəsindən, mədəniyyətindən, necə deyərlər, uşaqla uşaq, böyüklə böyük olmasından danışırdı. Məktəbi bitirər-bitirməz hərbi xidmətə yollandı və olduğu mühitdə də komandirlərin rəğbətini qazandı. Baş kəşfiyyatçı olaraq xidmətini burada davam etdirmişdir. Ən böyük arzusu xaricdə təhsil almaq idi. Çox keçmir ki, arzusuna çatır, Türkiyədə yerləşən Kütahya Dumlupınar universitetinə qəbul olur. Elə bu zaman müharibə başlayır. Təbii ki, onun vətən sevgisi ən böyük xəyalını geridə qoymağa bəs edirdi. Elə müharibə başladığı gündən öz müraciətini etmiş, sentyabrın 29-da könüllü olaraq müharibəyə yollanmışdır. Bir neçə gün Füzulidə döyüşdükdən sonra, könüllü olaraq ön cəbhəyə yollandı. Seçdiyi yolun sonunu bilsə də, bir addım belə geri çəkilmir, əksinə, içindəki şücaət onu daha da önə atırdı. Yaralanmış olmasına rəğmən, dostlarını cəbhədə tək qoymurdu. Atasıyla son telefon danışığında: “Ya tarix olacağıq, ya tarix yazacağıq”-demişdi. Dediyi kimi də oldu- onlar tarix yazdı,onlar bizim tariximiz oldu. 25 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhidlik zirvəsinə ucaldı. Ruhun şad olsun, Şəhidim!
Səbinə Elmanqızı, BDU Jurnalistika fakültəsinin tələbəsi