2020-ci ildə baş verən İkinci Qarabağ Müharibəsindən sonra, Azərbaycan faktiki olaraq qondarma Dağlıq Qarabağın müstəqilliklə bağlı xəyallarına son vermiş oldu. Erməni tərəfinin 9 noyabr bəyanatının 4-cü bəndini hələ də icra etməməsinə, qondarma rejimin silahlılarının bölgədə qalmasına baxmayaraq, qondarma rejimin bundan sonra müstəqillik əldə etməsi artıq coğrafi-strateji və hətta iqtisadi cəhətdən mümkün görünmür. Ancaq bu məsələdə hələ də Ermənistan tərəfi diplomatik sahədə hər şeyi dalana dirəyib. Azərbaycan Ermənistanı məğlub edərək torpaqlarını azad etsə də, müharibənin sonunda imzalanan bəyanatın tətbiq olunmasında Ermənistan tərəfi ilə ciddi problemlər yaşanır. Bunun bir səbəbi Ermənistan tərəfinin dünyadakı qarışıq geosiyasi vəziyyətdən istifadə edərək diplomatik müqavimətidirsə, digər bir səbəbi isə Rusiyanın bəyanatın tam icrası haqqında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Əslində Rusiya tərəfinin 9 noyabr bəyanatının imzalanmasından sonra davranışları heç də bölgədə dəvamlı sülhün yaradılmasına yönəlmiş addımlar kimi xarakterizasiya edilə bilməz. Bunun ilk siqnallarından biri 14 dekabr 2020-ci ildə sülhməramlı kontingentinin rəhbəri Rüstəm Muradovun separatçıların rəhbəri Arayik Harutyunyan ilə səmimi şəkildə görüşü idi. Hansı ki, bu, Azərbaycan tərəfində heç də birmənalı qarşılanmamışdı. Bu hadisələrdən sonra Tərtərdən Kəlbəcərə gedən Azərbaycan maşın konvoyunun yoxlanışlarında Rusiya sülhməramıları ilə yanaşı qanunsuz erməni birləşmələrinin iştirakı da, Rusiyanın bölgədəki əməlləri haqda daha çox ciddi suallar doğururdu. Bu hadisələrlə paralel olaraq Rusiya vətəndaşı erməni əsilli milyarder Ruben Vardanyanın qanunsuz şəkildə Azərbaycan ərazilərinə gələrək, qondarma rejimin naziri olması da Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq bir provokasiya idi. Rusiya tərəfi hər nə qədər bu hadisələrdə birbaşa rolunun olmadığını müdafiə etsə də, əslində sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazidə Rusiyanın izni olmadan hansısa siyasi addım atıla bilməz. Bunun əksini düşünmək sadəcə sadəlöhvlük olardı. Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş bu provokasiyaların ən sonuncusu isə Azərbaycan tərəfindən əraziyə yollanan ekoloji monitorinq qrupunun qarşısının kəsilməsi oldu.
Lakin, 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi birinci növbədə post-sovet məkanında siyasi cəhətdən tektonik nəticələr verdi. Bu müharibə ilə hər şey dəyişməyə başladı. Ukraynada müharibənin uzanması, Rusiyanın bölgədə zəifləməsinə gətirib çıxardı. Azərbaycan tərəfindən göndərilən ekoloji monitorinq qrupunun yolunun kəsilməsi və sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mədənlərin qanunsuz istismarı, kar əldə edilməsi, Rusiya sülhməramlılarının məsələyə etinasızlığı Laçın koridorunda ekoloji nümayişin başlanmasına səbəb oldu. Nümayişçilərin əsas tələbləri arasında mədənlərin qanunsuz istismarının dəyandırılması, ekoloji monitorinq üçün izin verilməsi və Rusiya sülhməramlı kontingentinin rəhbəri Andrey Volkovun nümayişçilərlə görüşməsidir. Nümayişlərin başlanmasından bir aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ ki, heç bir tələb yerinə yetirilməyib. Ancaq Azərbaycan tərəfi mövqeyindən geri çəkilməməkdə israrlı görsənir. Əslində qanuni tələblərin yerinə yetirilməsi tələbindən əlavə, Laçın koridorunun yalnızca humanitar məqsədlər xaric uzun müddətdir bağlı qalması çox önəmli hadisədir və önəmli siyasi mesajlar verir. Birinci və ən əhəmiyyətli siyasi mesaj Rusiyayadır. Rusiyaya verilən mesaj, Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqlarından əsla geri çəkilməyəcəyi ilə bağlıdır. Əgər Rusiya Azərbaycanla hesablaşmırsa, onda Azərbaycan da Rusiya ilə hesablaşmağa məcbur deyil. Əgər Rusiya 9 noyabr bəyanatının icrası ilə bağlı öhdəliklərini yerinə yetirməkdən boyun qaçırırsa, onda Azərbaycan özü bu öhdəliklərin tətbiqini hansı yolla olursa olsun təmin edəcəkdir. İkinci ən önəmli mesaj, bu vaxta qədər Rusiya sülhməramlı kontingentinin himayəsi altında Azərbaycanın suveren hüququnu pozmağa və provokasiya etməyə çalışan Ermənistan rəhbərliyi və qondarma rejimədir. Ermənistan rəhbərliyi və qondarma rejim anlamalıdır ki, Azərbaycanla hesablaşmalı və öhdəliklərini yerinə yetirməlidirlər. Əksi halda onlara heç bir güc kömək edə bilməz və onlar heç bir siyasi məsuliyyətdən qaça bilməzlər. Əgər erməni tərəfi Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə etdiyi kimi diplomatik danışıqları dalana dirəməklə zaman qazanmağı və bununla nəticə əldə etməyi düşünürsə, bu mümkün olmayacaq. Çünki son 3 ildə dünya geosiyasəti çox dəyişib və artıq Azərbaycanın təsir rıçaqları heç olmadığı qədər güclüdür. Üçüncü və son mesaj isə zənnimcə Azərbaycan xalqına və ictimaiyyətinədir ki, Azərbaycan dövləti əsla öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına izin verməyəcək və bu məsələdə qərarlıdır. Laçın koridoru və ətrafında baş verən hadisələr, Azərbaycanın suverenlik və ərazi bütövlüyü məsələsində Birinci Qarabağ müharibəsindən sonrakı dövrdən indiyə qədərki dövrü əhatə edən siyasi mövqeyində heç bir dəyişikliyin olmadığının açıq strateji nəticəsidir.
Fərid Süleymanov