Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 17-də Moskvada iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşəcək.


Baş diplomatlar ikitərəfli və regional məsələlər barədə danışacaqlar.


Əlbəttə, onlar Ukraynadakı savaş barədə də müzakirə aparacaqlar. Tərəflər Tehranın Moskvaya potensial yardımını götür – qoy edə bilərlər. Məlumdur ki, İran yerli “Şahed” PUA- ları ilə müharibədə Rusiyaya dəstək verir. Müharibə hələ uzun çəkəcək. Deməli, Lavrovla Abdullahiyanın Moskvaya PUA tədarükünün artırılması barədə razılığa gəlmələri mümkündür.


Xüsusilə nəzərə almaq lazımdır ki, indi İranın da Rusiyanın dəstəyinə ehtiyacı var. İran daxilində aksiyalar davam edir. Kəşfiyyat məlumatlarına görə, Moskva etirazların yatırılmasına dəstək məqsədilə Tehrana texnika ilə yardım edir. Baş diplomatlar qarşılıqlı yardımın həcminin artırılması barədə anlaşa bilərlər.
Onların müzakirə edəcəkləri başqa bir məsələ, yəqin ki, Qərblə mübarizə olacaq. Nazirlər ABŞ və müttəfiqlərindən gələn təzyiqləri azaltmağın yolları barədə fikir mübadiləsi apara bilərlər.


Bundan başqa, Lavrovla Abdullahiyan, yəqin ki, Cənubu Qafqazdakı son proseslərə, o cümlədən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması məsələsinə də toxunacaqlar. Nəzərə almaq lazımdır ki, İrəvanla Bakı arasında “suların durulmasını” nə Tehran istəyir, nə də Moskva. Buna baxmayaraq, tərəflər arasında Cənubi Qafqazla bağlı ziddiyyətlər də var. Yəqin ki, onlar görüş zamanı regionla bağlı mövqelərini daha aydın şəkildə ifadə edəcək və bir – birilərinin “nəbzlərini ölçməyə çalışacaqlar”.
Kənən Novruzov