Ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirməyi, eyni zamanda dünyaya alternativ ixrac imkanları bəxş etməsi, geopolitik mərkəz halına gəlməyi bu gün Azərbaycanın qlobal siyasi güc olaraq nüfuzunun hər gün daha çox artmağına səbəb olur.
İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu dünyanın siyasi və iqtisadi mənzərəsinə mühüm töhfələr verir. Azərbaycan hər il bu nüfuzlu Forumda dövlət başçısı səviyyəsində təmsil olunur. Özəlliklə, cənab Prezidentin BƏƏ-yə tarixi səfəri fonunda ölkəmizin bərpaolunan enerji sahəsində potensialına verilən qiymət, TDT, Qoşulmama Hərəkatı nəzdində Azərbaycanın önəmli güc olmağı Davosda bütün diqqətləri ölkəmizə yönəldəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov qeyd edib.
Davos Forumunda dünyanın aparıcı ölkələrinin liderləri, ən tanınmış şirkətlərinin və kooperasiyalarının təmsilçiləri iştirak edirlər. Onlar qlobal iqtisadi proseslər və maliyyə, enerji, ətraf mühit, makroiqtisadiyyatla bağlı iqtisadi təhlillər aparırlar. Gələcəyin iqtisadi mənzərəsinin, qlobal siyasi nizamının formalaşdırılmasında Davos Forumunun müstəsna əhəmiyyəti mövcuddur.
Davos Forumunda on il ərzində uğurla iştirak edən nüfuzlu şəxslərə fəxri mükafat verilir. Azərbaycan Prezidenti bu mükafatı alanlar arasındadır. Qərbin enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rolun daha da artması ölkəmizin potensialı baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan heç kimdən maliyyə yardımı almadan işğaldan azad edilən torpaqlarda həyatı bərpa edir. Davos Forumu Qarabağa gələcəkdə yeni investisiyaların cəlbinə mühüm təsirlər göstərəcək.
Ekspert bildirib ki, 1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu qlobal ekoloji problemlərin aradan qaldırılmağında da vacib qərarların verildiyi mərkəzlərdən biri halına gəlir. Forumlar üçün seçilən mövzular aktuallığı ilə diqqət çəkir. Məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında –potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.
Qlobal geosiyasət, maliyyə sistemində texnoloji və potensial struktur dəyişiklikləri imkanları, kapital bazarlarının inkişafı, elektron ticarət, rəqəmsal iqtisadiyyat, qloballaşmanın strateji nəticələri və digər mühüm məsələlər də müzakirə olunur. Xüsusilə qeyd etmək lazımdır ki, Davos İqtisadi Forumunun əhəmiyyəti daha çox Forumun iştirakçılarının və orada müzakirə olunan dünyəvi problemlərin dairəsinin tərkibi ilə bağlıdır. Belə ki, Forumda dünya iqtisadiyyatının mövcud problemlərinin və onların optimal həlli yollarının müzakirəsi aparılır. Mütəxəssislərin sözlərinə görə, son 30 ildə Davos Forumu qlobal problemlərin işıqlandırılması və çağırışların edilməsi baxımından ən uğurlu platforma rolunu oynamaqdadır. ABŞ, Rusiya, Çin, Braziliya, Hindistan və dünyanın digər böyük dövlətlərinin liderlərinin də mütəmadi olaraq iştirak etmələri forumun geosiyasi və geoiqtisadi çəkisini daha da artırır.
Tural İsmayılov söyləyib ki, 25 il ərzində Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq əlaqələri uğurla inkişaf edib. Əlaqələrin belə yüksək hala gəlməyi Prezident İlham Əliyevin uğurlu siyasət kursu nəticəsində baş verib. Davos iştirakçılarına yaxşı bəllidir ki, ümumi kapital qoyuluşu 40 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsinə daxil olan “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələri müxtəlif maraqlı tərəfləri – o cümlədən 7 dövləti və 11 şirkəti özündə birləşdirir. Bütün bu layihələrin reallaşdırılması, əlbəttə ki, Avrasiyanın müxtəlif ölkələri arasında regional əməkdaşlığa, geniş işbirliyinə yol açır.
Azərbaycanın siyasi gücünü iqtisadi imkanları ilə birləşdirməyi dövlətimizin dünyada ön sıralarda qərar tutmağı ilə nəticələnir.